Azərbaycanlı
vokalçı dünyanın məşhur müsabiqəsində
Bu gün dünyada ən sanballı vokal müsabiqələrindən
biri “Operaliya” (“Operalia”) sənət yarışmasıdır.
1993-cü ildə təməli qoyulmuş müsabiqənin
yaradıcısı və əsas bədii rəhbəri məşhur
ispan tenoru Plasido Dominqodur.
Builki “Operaliya”da Azərbaycanı Bülbül
adına Vokalçıların VIII Beynəlxalq Müsabiqəsinin
Qran-pri mükafatçısı, Nyu-York “Metropoliten”
Operasının gənc artistlər proqramının (“Lindemann
Young Artist Development Program”) iştirakçısı Elmina Həsən
təmsil edir.
“Operaliya” yarışmasının qaydalarına
görə, ev sahibliyi Parisdə olan müsabiqə hər il
dünyanın bir ölkəsində keçirilir.
Sentyabrın 15-dən 21-dək Hindistanın Mumbay
şəhərində təşkil olunan müsabiqə
yarımfinal mərhələsindədir.
Müsabiqədə Azərbaycan kökənli daha bir
iştirakçı da var. Əslən Qusar rayonundan olan Elmira
Qaraxanova Rusiyanı təmsil edir.
Plasido Dominqo münsiflər heyətinin səs vermək
hüququ olmayan üzvü olsa da, “Operaliya”
iştirakçılarının dünya miqyasında
tanınması üçün əlindən gələni əsirgəmir.
Maraqlıdır ki, “Operaliya”da iki müsabiqə
proqramı var: opera proqramı və ispan milli musiqi sənəti
üzrə sarsuela proqramı. Saray operasının bir
növü kimi yaranmış sarsuela janr xüsusiyyətlərinə
görə operettaya yaxın olub, solo və ya xor vokal nömrələrini
danışıq dialoqu və rəqs ilə qovuşduran
musiqili-dramatik janrdır. Elmina Həsən və Elmira
Qaraxanova həm də bu proqram üzrə yarımfinala
çıxıblar.
“Operaliya”da Qran-pri mükafatı nəzərdə
tutulmasa da, qadın və kişi səsləri
üçün iki ayrı mükafat təyin edilib.
İki I mükafat 30 min, iki II mükafat 20 min, iki III
mükafat isə 10 min dollar məbləğindədir. Bundan əlavə,
10-15 min dollar məbləğində xüsusi mükafatlar da
var.
Qeyd edək ki, indiyədək Azərbaycandan Dinara
Əliyeva 2010-cu ildə Milanda keçirilmiş “Operaliya”
müsabiqəsində III mükafata layiq görülüb.
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.2.