Məsləkdaşlar
Öz taleyini xalqın taleyi ilə bağlayan, öz səadətini
xalqın xoşbəxtliyində görən sənətkar həmişə
böyük hörmətə nail olmuşdur. Azərbaycanın
musiqi sənətində inqilab yaratmış Üzeyir
Hacıbəyov və Müslüm Maqomayev də bu cür
xoşbəxt insanlar idi…
Səid Rüstəmov
Xalq artisti, bəstəkar, pedaqoq
Sentyabrın 18-i Azərbaycan musiqi mədəniyyətinin
inkişafında görkəmli yeri olan Üzeyir Hacıbəyli
(1885–1948) və Müslüm Maqomayevin (1885–1937) doğum
günləridir.
Hər bir istedadın parlaması üçün
çox zaman onun dünyaya göz açdığı və
boya-başa çatdığı mühitin böyük təsiri,
rolu olur. Eyni ildə, eyni gündə dünyaya göz
açan Üzeyir Hacıbəyli və Müslüm Maqomayev
də bu təsirlə həyat yolunu seçmiş, mədəniyyətimizin
tərəqqisi yolunda birgə addımlamışlar. Bir amal,
bir məslək iki istedadı – böyük şəxsiyyəti
həmişəlik yaxınlaşdırmış, əsl
dost, qardaş eləmişdi.
Azərbaycan peşəkar musiqisinin inkişafı xalqımızın mədəniyyət
tarixinə əbədi daxil olmuş bu görkəmli
musiqiçilərin adları ilə bağlıdır.
Onların çoxcəhətli yaradıcılığı
və ictimai fəaliyyəti Azərbaycanda milli bəstəkarlıq
məktəbinin yaradılmasına zəmin olmuşdur. Bu məktəbin
bir çox yetişdirmələrinin adı indi bütün
dünyada şöhrət qazanmışdır.
Azərbaycan xalq mahnı ənənələrini dərindən
bilən Üzeyir Hacıbəyli və Müslüm Maqomayev
mütərəqqi rus və xarici ölkə bəstəkarlarının
yaradıcılıq nailiyyətlərini diqqətlə
öyrənmiş, yalnız Azərbaycan musiqi mədəniyyətinin
deyil, eləcə də Cənubi Qafqaz, Yaxın və Orta
Şərq ölkələri xalqlarının musiqi mədəniyyətinin
inkişafında böyük rol oynamışlar.
Hər iki bəstəkarın qəlbinə qüvvət
və qüdrət verən ümumxalq məhəbbəti
olmuşdur. Onların əsərlərini kütlələrə
sevdirən də məhz xəlqilikdir. Bu şəxsiyyətlərin
yaradıcılığında operadan tutmuş kiçik
romanslaradək musiqinin bütün formalarını görmək
olar. Əgər Üzeyir bəy Azərbaycan professional
musiqisindən ibarət ölməz dastan
yaratmışdırsa, Müslüm Maqomayev bu dastana heç
vaxt təravətini itirməyən boylar, səhifələr əlavə
etmişdir.
Üzeyir Hacıbəyli
yaradıcılığı, maarifpərvərliyi və
göstərdiyi çoxcəhətli fəaliyyəti ilə
Azərbaycan musiqisinin inkişafında yeni yol
açmışdır. Onun 1907-ci ildən 1937-ci ilədək
yazdığı 7 opera və 3 operetta musiqi tariximizdə
müstəsna yer tutur.
Bu yerdə Ümummilli lider Heydər Əliyevin
sözlərini diqqətə çatdırmaq istərdik:
“Üzeyir Hacıbəyov öz müstəsna qabiliyyəti,
görünməmiş fədakarlığı, gözəl
təhsili, vətənpərvərliyi, fəal ictimai-siyasi fəaliyyəti
sayəsində xalqımızın ehtiram bəslədiyi ən
görkəmli yaradıcı simalardan birinə çevrilib.
O, dünya korifeylərinin ön sırasında Azərbaycanı
ləyaqətlə təmsil edir... Üzeyir bəy bəşər
mədəniyyəti tarixində sanki sönməz bir
ulduzdur...”.
Müslüm Maqomayev musiqi aləminə XX əsrin əvvəllərində,
Azərbaycanda milli mədəniyyətin, incəsənətin
tərəqqisi naminə qabaqcıl ziyalıların
böyük səylə çalışdıqları bir
vaxtda qədəm basmışdır. Xalqın maariflənməsi,
onun mədəni inkişafı üçün əlindən
gələni əsirgəməmiş, var qüvvəsini bu
işə sərf etmişdir. 1910–1911-ci ildən başlayaraq
Üzeyir Hacıbəyli və
Müslüm Maqomayevin dostluğu daha da möhkəmlənmiş,
yeni musiqi mədəniyyəti uğrunda aparılan gərgin
mübarizədə daha da bərkimişdi. Onların yaradıcılıq xətlərindəki
ardıcıllıq da məhz belə dostluq, yoldaşlıq,
məsləkdaşlıq münasibətlərinin təsirindəndir.
1912-ci ilin sentyabrında Üzeyir bəy musiqi təhsili
almaq üçün Moskvaya getdi. Onun əsərlərinin səhnə
taleyi ilə məşğul olmaq isə Müslüm
Maqomayevin öhdəsinə düşdü. Müslüm
teatr və musiqi ilə bağlı bütün işləri
tənzimləyir, məcrasına yönəldir, yorulmaq bilmədən
var qüvvəsi ilə çalışırdı. O, pult
arxasına keçir, hər bir tamaşanı böyük
ustalıqla idarə edirdi. Üzeyir bəyin Bakıda
olmaması “Nicat” cəmiyyətinin bir sıra mənfəətpərəst
üzvlərinin onun əsərlərinə kəskin
hücumlarını gücləndirirdi. Bu hücumları dəf
etməkdə də Müslüm Maqomayev xüsusi səy
göstərirdi.
Təhsil aldığı dövrdə Üzeyir bəy
tez-tez öz məsləkdaşı ilə məktublaşırdı.
Müslüm Maqomayev bilirdi ki, Üzeyir bəyin həm təhsil
alması, həm də yeni əsərlər yaratması
vacibdir. Bu halda onu haqsız hücumlardan qorumaq lazım gəlirdi.
Bütün bunları sənətkar qəlbi ilə duyan
Müslüm məsləkdaşının qəminə də,
sevincinə də şərik çıxırdı.
Bildiyimiz kimi, Üzeyir bəyin “Arşın mal alan”
operettası ilk dəfə 1913-cü ildə səhnəyə
qoyulmuşdur. Tamaşanın müvəffəqiyyətini təmin
edən amillərdən biri də musiqiyə parlaq dirijorluq
edilməsi idi. Pult arxasında Müslüm Maqomayev
dayanmışdı. Bu onun dirijorluq fəaliyyətində
ikinci unudulmaz gün (ilki “Leyli və Məcnun”
operasının premyerasında olmuşdu) idi.
Bu iki sənətkar milli musiqi teatrının
yaranmasının bütün ağırlığını
öz çiyinlərində daşıyır, onun
repertuarının zənginləşməsi üçün
böyük işlər görür, milli səhnə
kadrları yetişdirirdilər. Onları həmçinin
ideya-bədii görüşlərinin, ictimai-siyasi fəaliyyət
sahəsindəki yüksək məqsədlərinin
ümumiliyi birləşdirirdi. Hər iki bəstəkar milli
folklora böyük həssaslıqla diqqət vermiş, onun
geniş və dərin tədqiqi üçün şərait
yaratmışlar.
Xalq musiqilərinin toplanması və lentə
yazılması böyük əhəmiyyət kəsb edirdi.
1927-ci ildə Üzeyir Hacıbəyli və Müslüm
Maqomayev tərəfindən tərtib edilən “Azərbaycan
türk el nəğmələri” məcmuəsinin bu cəhətdən
böyük əhəmiyyəti var idi.
M.Maqomayevin o illərdə kütləvi janrda
yazılmış xeyli musiqi əsəri vardır.
Bütün bunlara baxmayaraq, Ü.Hacıbəyli kimi o da irihəcmli
əsərlər, yəni opera
yazmaq istəyirdi. Bu məqsədlə “Şah
İsmayıl” operasını yazdı və əsər
1919-cu ildə (7 mart) tamaşaya qoyuldu. Bu opera xalq musiqisindən
qidalandığına görə böyük uğur
qazanmışdır. Bəstəkar sonralar etiraf edirdi ki, “...
məqsədim Ü.Hacıbəyovun yazdığı operalar
şəklində opera yaratmaq idi. Yalnız bircə fərq ilə
ki, improvizasiya yerlərində muğamatlardan savayı
bütün qalan parçalar yazdığım orijinal musiqi
olmalıdır”.
M.Maqomayev daim yeniliyə can atırdı. O həm də
sovet Azərbaycanının kütləvi
mahnılarını yaradan ilk bəstəkarlardandır. “Bizim
kənd”, “Zərbəçi yoldaşım”, “Bahar”, “Tarla” və
s. belə mahnılardandır.
Sovet hakimiyyəti illərində Azərbaycanda yeni
musiqi janrlarının yaranması, çoxsəsli xorun və
notla çalan xalq çalğı alətləri orkestrinin təşkili,
ilk kantatalar, romanslar, simfonik və proqram əsərlərinin
yaranması da Üzeyir Hacıbəylinin və Müslüm
Maqomayevin adı ilə bağlıdır.
1931-ci ildə Azərbaycan xalq çalğı alətləri
orkestrinin yaranması ilə əlaqədar Üzeyir bəy bu
orkestr üçün ilk orijinal əsərlərini – Birinci
və İkinci fantaziyaları yazdı. Daha sonra orkestrin
repertuarını Müslüm Maqomayevin yazdığı bir
çox xalq mahnı və rəqslər ilə (“Əsgəranı”,
“Turacı”, “Ceyranı”, “Rəng şüştər” və
s.) də zənginləşdirdi.
Simfonik musiqi janrlarına xüsusi məhəbbət bəsləyən
Müslüm Maqomayev Azərbaycan xalq melodiyasından, musiqi
folklorunun bir sıra nümunələrindən ustalıqda bəhrələnərək
simfonik orkestr üçün orijinal əsərlər
yaratmışdır. Azərbaycan musiqi folklorunun Avropa musiqisi
ilə sintezi bəstəkarın 1935-ci ilin 24 dekabrında
tamaşaya qoyulmuş “Nərgiz” operasında xüsusilə
qabarıqdır. Bu, hər şeydən əvvəl, Azərbaycan
opera səhnəsinə də ilk dəfə inqilabi
mövzunun gətirilməsi, kəndli qızının,
çobanın və fəhlənin operada əsas surətlər
kimi çıxış etməsi ilə əlamətdar
olmuşdur. Bu həmçinin muğam improvizasiya çərçivəsindən
tamamilə azad olan ilk operadır və Müslüm Maqomayev
yaradıcılığının zirvəsidir.
Üzeyir bəy Müslüm Maqomayevin Azərbaycan incəsənətində
göstərdiyi fədakarlıqlardan danışarkən qeyd
edirdi: “Müslüm Maqomayev Azərbaycan musiqi sənəti
yolunda qarşıya çıxan hər cür maneələri amansızcasına qırıb atan,
ruhən və arzularına görə xalq sənətkarı,
əsl realist, cəsarətli novator idi”.
Göründüyü kimi, bu iki sənətkar Azərbaycan
professional musiqisinin başında durmuş, onun gələcək
inkişafının bünövrəsini qoymuşlar.
Fikrimizi Üzeyir bəyin dünya şöhrəti
qazanan tələbələrindən Fikrət Əmirovun
sözləri ilə tamamlamaq istərdik: “Üzeyir Hacıbəyov
və Müslüm Maqomayevin musiqi rəşadətinin və
insani hünərinin əzəməti, onların fəaliyyətinin
Azərbaycan incəsənəti üçün əhəmiyyəti
gözümüz qarşısında canlanır. Qəlbimiz
Azərbaycan xalqının bu iki oğluna məhəbbət və
minnətdarlıq hissi ilə coşur. Onlar Azərbaycan
xalqının mədəniyyəti
tarixinə ən parlaq səhifələrindən birini
yazmışlar. Bu səhifə keçmişin epizodu kimi
deyil, müasir dövrün canlı mənzərəsi kimi
indiyədək çox böyük maraq oyadır...”.
Təranə Həsənova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi
işçisi
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.6.