Doğum günü
bayram olan dahi
Mədəniyyət tariximizin ilklərini
yazan Üzeyir bəyin 139 yaşı tamam olur
Azərbaycanda klassik musiqinin, milli bəstəkarlıq
məktəbinin, ilk milli opera və operettanın
yaradıcısı, eləcə də mədəniyyət
tariximizin qızıl səhifələrini təşkil edən
bir çox ilklərin müəllifi Üzeyir Hacıbəylinin
doğum günü – 18 sentyabr ölkəmizdə hər il
Milli Musiqi Günü kimi qeyd olunur.18 sentyabr hələ sovet
dövründə dahi bəstəkarın adı ilə mədəniyyət
təqvimimizdə öz yerini haqq etmişdi. Xüsusilə,
80-ci illərdə bu gün musiqi axşamları, konsert
proqramları ilə qeyd olunurdu.
Azərbaycanın müstəqilliyini bərpa etməsi
zəngin mədəniyyətimizin, o cümlədən musiqi sənətimizin
və onun ən böyük dühası Üzeyir bəyin
ölməz irsinin dünyaya daha geniş miqyasda
tanıdılması üçün də imkanlar
açdı.
Müasir Azərbaycan dövlətinin banisi Heydər
Əliyev 1995-ci il sentyabrın 1-də dahi bəstəkarın
anadan olmasının 110 illik yubileyinin keçirilməsi ilə
bağlı sərəncam, sentyabrın 18-də isə
“Üzeyir musiqi gününün keçirilməsi
haqqında” fərman imzaladı.
Bu tarixi fərmanda onun dahi Azərbaycan bəstəkarı,
milli operanın banisi, böyük musiqişünas-alim,
publisist və pedaqoqun Azərbaycan musiqi sənətinin
inkişafında misilsiz xidmətləri nəzərə
alınaraq, böyük sənətkara xalq ehtiramını və
məhəbbətini təcəssüm etdirmək məqsədilə
imzalandığı vurğulanırdı. Fərmanla Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinə hər il sentyabr ayının 18-də Üzeyir
musiqi gününün keçirilməsini təmin etmək
tapşırıldı.
Beləliklə, Üzeyir bəyin dünyaya gəldiyi
gün milli musiqi bayramı kimi mədəniyyət təqvimimizə
yazıldı.
2009-cu ildə isə dahi bəstəkarın adı ilə
şərəflənən Beynəlxalq Musiqi
Festivalının əsası qoyuldu. Hər il sentyabrın
18-də başlanan və müxtəlif ölkələrdən
musiqi kollektivlərini, ifaçıları, dirijorları,
musiqişünasları bir araya gətirən beynəlxalq
festival bu il 16-cı dəfə təşkil olunur.
18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondu və
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi
Festivalı keçiriləcək. İştirakçı
coğrafiyası bu il daha da genişlənən festivala
ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Xorvatiya, Koreya,
Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən
musiqiçi və kollektivlər dəvət olunub.
Artıq dördüncü ildir (2021-ci ildən) bu
bayramın sədası Üzeyirin doğma şəhərindən
– Azərbaycan mədəniyyətinin paytaxtı Şuşadan
da gələcək. Həmçinin bu il festival konsertləri
Bakıdan Gəncəyə, Şəmkirə, Qəbələyə,
Naxçıvana və Lənkəranadək geniş
coğrafiyanı əhatə edəcək.
Bir sözlə, yurdda bayramdır – musiqi, sənət,
mədəniyyət bayramı.
Mövludu bayram olan dahi, doğum günün mübarək
olsun!
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.1.