Polad
Bülbüloğlu Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunda fəaliyyətini başa vurub
“Çox istərdim ki, illər ərzində
görülən və inkişaf etdirilən işlər
itirilməsin”
Sankt-Peterburqda 11–14 sentyabr tarixlərində
keçirilən X Beynəlxalq Birləşmiş Mədəniyyətlər
Forumu çərçivəsində mədəni əməkdaşlığın
müxtəlif sahələrini, aktual mövzuları əhatə
edən 10 plenar sessiya, eləcə də tematik toplantılar –
dəyirmi masalar, təqdimatlar və s. təşkil olunub.
Forumun yekun sessiyasında Rusiya Federasiyası Hökuməti
sədrinin müavini, tədbirin təşkilat komitəsinin rəhbəri
Tatyana Qolikova çıxış edib. O qeyd edib ki, forum
müxtəlif ölkələrin nümayəndələrini
cəlb edən mühüm hadisəyə çevrilib, bu tədbirə
gələn insanları ənənəvi dəyərlərə
əsaslanan inkişaf və əməkdaşlıq arzusu birləşdirir.
Forum mədəniyyətlərarası mübadilə və
qlobal mövzularla bağlı əsas məsələlərin
müzakirəsi üçün platforma yaradır.
Tatyana Qolikova çıxışını
bütün iştirakçılara minnətdarlıq sözləri
ilə yekunlaşdırıb.
Yekun sessiyada Azərbaycanın Rusiyadakı səfiri,
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondu idarə heyətinin sədri Polad Bülbüloğlu da
çıxış edib. O diqqətə çatdırıb
ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik
etdiyi Azərbaycan nümayəndə heyəti forumda
iştirak edib, səmərəli görüşlər
keçirilib.
Rusiya paytaxtında diplomatik fəaliyyətini başa
vurmaq üzrə olan və bundan sonrakı fəaliyyətini
Milli Məclisdə davam etdirməyə hazırlaşan Polad
Bülbüloğlu 14 ilə yaxın rəhbəri olduğu
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondu ilə bağlı fikir və arzularını da
bölüşüb.
Fondun genişləndirilməsi və müxtəlif
ölkələrdən nümayəndələrin dəvət
olunmasını təklif edən Polad Bülbüloğlu
deyib: “Çox istərdim ki, illər ərzində
görülən və inkişaf etdirilən işlər
itirilməsin. Fondun funksiyalarına yenidən baxmaq, onu
genişləndirmək, təkcə MDB deyil, digər ölkələri
də daxil etmək olar. Çünki indi dünya daha
genişdir”.
Tatyana Qolikova təklifi dəstəkləyib, Polad
Bülbüloğluna Azərbaycanın Rusiya Federasiyasındakı
səfiri vəzifəsində səmərəli fəaliyyətinə
görə təşəkkür edib, ona uğurlar
arzulayıb.
Qeyd edək ki, MDB-yə üzv dövlətlərin
Humanitar Əməkdaşlıq Fondu 2006-cı ildə
yaradılıb. Azərbaycan Respublikası Fondun müqaviləsinə
2008-ci ildə qoşulub.
Fondun idarə heyətinin ilk sədri
Qazaxıstanın təhsil və elm naziri J.Tuymebayev olub
(2007-2010). 2010-cu ildən idarə heyətinə Azərbaycanın
Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu
rəhbərlik edib.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun idarə heyətinə MDB ölkələrinin hərəsindən
bir nümayəndə daxildir.
***
Onu da qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq Birləşmiş
Mədəniyyət Forumunun son günü Polad
Bülbüloğluna Ermitaj Mükafatı da təqdim olunub.
Mükafat Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər
Forumunun təşkilat komitəsi və Dövlət
Ermitajı tərəfindən 2023-cü ildə təsis
edilib. Mükafat hər il bir rusiyalı və bir əcnəbi
mədəniyyət xadiminə verilir.
Mükafatı laureatlara RF Baş nazirinin müavini
Tatyana Qolikova təqdim edib.
Mərasimdə çıxış edən Polad
Bülbüloğlu Ermitaj muzeyinə hələ uşaq ikən
gəldiyini xatırladıb. Deyib ki, Azərbaycan xalqı II
Dünya müharibəsi illərində Sankt-Peterburqda, məhz
Ermitaj binasında dahi Nizaminin 800 illik yubileyinin qeyd
olunduğunu heç zaman unutmur. Bu gün də mədəniyyət
xalqları və ölkələri birləşdirən
mühüm amildir.
Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr
üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy
çıxışında Polad Bülbüloğlunun mədəniyyətlərarası
əlaqələrin möhkəmlənməsinə töhfəsini
yüksək qiymətləndirib.
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov vurğulayıb
ki, Polad Bülbüloğlu Azərbaycan mədəniyyətini
təkcə Rusiyada deyil, dünyada tanıtmış
böyük sənətkardır. Qubernator Polad
Bülbüloğlunu təbrik edərək ona uğurlar
arzulayıb.
Qeyd edək ki, bu il Ermitaj Mükafatına Rusiyanın
Xalq artisti, xoreoqraf Boris Eyfman da layiq görülüb.
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.3.