“Mir Cəlal. Nizami Gəncəvi
dünyası” kitabının təqdimatı
Görkəmli yazıçı, ədəbiyyatşünas
və pedaqoq Mir Cəlalın İçərişəhərdəki
ev-muzeyi – “Ədibin Evi” və Türk Mədəniyyəti və
İrsi Fondunun (TMİF) ortaq layihəsi olan nəşr işıq üzü görüb.
TMİF-in Bakıdakı mənzil-qərargahında
“Mir Cəlal. Nizami Gəncəvi dünyası”
kitabının təqdimatı keçirilib. Mir Cəlalın
Nizami Gəncəvinin əsərləri haqqında məqalələrinin
toplandığı kitab “Türk dünyasının görkəmli
şəxsiyyətləri” seriya nəşrlərinin bir hissəsidir.
Bu seriyadan ilk nəşr dahi şair Məhəmməd
Füzulinin 530 illiyinə həsr olunan “Heydər Əliyev və
Məhəmməd Füzuli” kitabıdır.
Təqdimat mərasimində çıxış edən
“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva
vurğulayıb ki, Nizami Türk dünyası ədəbiyyatının
sütun imzalarındandır. Onun irsi yarandığı
gündən tərənnüm etdiyi bəşəri dəyərlərlə
Türk dünyasında nümunə, ilham mənbəyinə
çevrilib. Nizaminin əsərlərində yunan, hind və dünyanın
digər xalqlarının tarixinə və fəlsəfəsinə
yer verildiyi qədər qədim oğuz-qıpçaq ənənələri
ilə bağlı atalar sözləri və məsəllərdə
istifadə edilib. Belə bir vəhdətlə Nizami bizə
XII əsrdən bu günə müasir azərbaycanlının
və azərbaycançılığın simasını
cızır.
TMİF-in prezidenti Aktotı Raimkulova Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü,
Qazaxıstan, Qırğız və Türkiyə
respublikalarının dövlət
başçılarının dəstəyi ilə
yaradılan qurumun bu günə qədər türk mədəniyyətinin
və irsinin dünyada tanıdılması istiqamətində
bir sıra layihələrə imza atdığını
deyib.
Bildirib ki, TMİF, “Türk dünyasının
görkəmli şəxsiyyətləri” seriyası ilə
yanaşı, “Türk dünyasının ədəbi inciləri”
və “Türk dünyasının elmi inciləri” adlı
kitab seriyası da nəşr edir.
“İnanırıq ki, bu nəşr kitabsevərlər
tərəfindən rəğbətlə qarşılanacaq və
Azərbaycan oxucularında həm dahi Nizami Gəncəvinin bədii
irsinin dərindən öyrənilməsi, həm də
görkəmli alim, professor, elm xadimi, yazıçı Mir Cəlalın
elmi-bədii yaradıcılığına olan böyük
marağı daha da artıracaq”, – deyə Aktotı Raimkulova əlavə
edib.
Bakı Dövlət Universitetinin filologiya üzrə
professoru Təhsin Mütəllimov, Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru
Rafael Hüseynov və digər çıxış edənlər
Nizami Gəncəvinin mənəvi dünyasının Azərbaycan
ədəbiyyatında yaratdığı izlərin Mir Cəlal
yaradıcılığında dərindən
araşdırıldığını və gələcək
nəsillər üçün ədədi miras kimi
qalacağını qeyd ediblər.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova çıxışında belə layihələrin
Türk dünyasının ədəbiyyatına, mədəniyyətinə
böyük töhfə verdiyini vurğulayıb.
Mir Cəlalın oğlu, ADA Universitetinin rektoru Hafiz
Paşayev Türk dünyası ədəbi şəxsiyyətlərinin
yaradıcılığının
tanıdılmasının əhəmiyyətini
vurğulayıb və Türk Mədəniyyəti və
İrsi Fonduna fəaliyyətində uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində Akademik Opera və
Balet Teatrının aparıcı solisti, Əməkdar artist
Ramil Qasımov Nizaminin qəzəllərinə bəstələnmiş
ariyaları ifa edib.
Mərasimin sonunda Lənkəranın “Yaşıl
çay” fermer təsərrüfatında yetişdirilən
çay sortlarından yeni “Turan” kolleksiyasının ilk
nümunəsi TMİF-in prezidenti Aktotı Raimkulovaya təqdim
olunub.
Mədəniyyət .- 2024.- 18 sentyabr (¹69).- S.3.