Naxçıvanda
Milli Musiqi Günü qeyd olunub
Sentyabrın 18-də Naxçıvan Muxtar
Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Heydər Əliyev Sarayında Naxçıvan MR-nin 100
illiyi çərçivəsində Milli Musiqi Gününə
həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən NMR-in mədəniyyət
nazirinin müavini Həsən Seyidov bildirib ki, Üzeyir
Hacıbəyli 1908-ci ildə yazdığı “Leyli və Məcnun”
əsəri ilə bütün müsəlman Şərqində
opera sənətinin əsasını qoyub. Dahi bəstəkar
opera və operettaları, mahnı və romansları, xor
üçün əsərləri ilə musiqi xəzinəmizi
zənginləşdirib.
Sonra Naxçıvan Dövlət Filarmoniyası Xalq
çalğı alətləri orkestrinin konsert proqramı təqdim
edilib.
Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”
musiqisi ilə başlayan konsertdə Üzeyir Hacıbəylinin
əsərlərindən parçalar və digər bəstəkarlarımızın
əsərləri ifa edilib.
Solistlər – Naxçıvan MR-in Əməkdar artisti
Zülfüqar Mahmudov, Prezident mükafatçıları Nərmin
Hüseynova, İlkin Abdullayev və İsrafil Qibləliyevin
ifaları alqışlarla qarşılanıb.
Konsert NMR-in Əməkdar artisti Ruhiyyə
Hüseynovanın ifasında “Zəfər himni” ilə sona
çatıb.
***
Naxçıvan Dövlət Universitetində (NDU) də
Milli Musiqi Günü qeyd olunub. NDU-nun rektoru Elbrus İsayev
bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycanda
musiqişünaslığın, musiqi təhsilinin də əsasını
qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin
inkişafına öz töhfəsini verib.
Vurğulanıb ki, Naxçıvan Dövlət
Universitetinin Konservatoriyası və Musiqi Kollecinin kollektivlərindən
ibarət yaradılan simfonik və digər geniş tərkibli
orkestrlər ölkəmizdə və qardaş Türkiyənin
bir sıra şəhərlərində konsert proqramları ilə
çıxış edib.
Sonra bədii rəhbəri və dirijoru NDU-nun
professoru, Xalq artisti Çingiz Axundov olan simfonik orkestr musiqi
nömrələri ilə tamaşaçıların
zövqünü oxşayıb. Üzeyir bəyin “Koroğlu”
operasından “Cəngi”, “Arşın mal alan” operettasından
Cahan xalanın kupletləri, Telli və Vəlinin dueti, “O
olmasın, bu olsun” musiqili komediyasından müqəddimə və
digər əsərlər alqışlarla
qarşılanıb.
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.4.