İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (25)
Bu günlər ölkəmizin mədəni həyatı
musiqi notları üzərində köklənib. Dahi
Üzeyir Hacıbəylinin adı ilə şərəflənən
Milli Musiqi Günü Azərbaycanın hər yerində qeyd
edilir. Musiqi və ümumiyyətlə, mədəniyyət
tariximizdə əvəzsiz yeri olan Üzeyir bəyin ən
yaxın məsləkdaşı Müslüm Maqomayevin də
adı milli sənət salnaməmizə parlaq imza kimi
yazılıb. Taleyin işinə bax ki, eyni ilin eyni
günündə doğulan bu iki sənətkarın adı
onlar ölməzliyə qovuşandan sonra da yanaşı
çəkilir.
37 ildir ki, Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasına gələnləri böyük
bəstəkarın büstü salamlayır. Abidənin
açılışı 1987-ci ilin 18 sentyabrında, milli
musiqi bayramı tədbirləri çərçivəsində
keçirilmişdi.
Mətbuat xronikasından növbəti seçmələr
bu barədədir. Seçmələrdə dövrün
orfoqrafiyası saxlanılıb.
Daim canlı, daim ruhlandırıcı musiqi
M.Maqomayevin abidəsinin
açılışı
Görkəmli bəstəkar, dirijor,
musiqiçi-maarifçi və ictimai xadim Müslüm
Maqomayevin adı qədirbilən nəsillərin xatirəsində
həmişə yaşayacaqdır. Böyük Üzeyir
Hacıbəyovla birlikdə o, Azərbaycan professional musiqisinin
beşiyi başında durmuş, professional musiqimizin gələcək
inkişafının bünövrəsini qoymuşdur.
M.Maqomayevin abidəsinin təntənəli
açılışı böyük sənətkara xalq məhəbbətinin
parlaq ifadəsinə çevrilmişdir.
Açılış mərasimi bəstəkarın anadan
olduğu gün, sentyabrın 18-də onun adını
daşıyan Azərbaycan Dövlət Filarmoniyasının
binası qarşısında keçirilmişdir.
Pyedestalda ağ mərmərdən heykəl büst
ucalır. Onun üstündə bu sözlər həkk
edilmişdir: “Müslüm Maqomayev”. Əsərin müəllifləri
Azərbaycanın xalq rəssamı, SSRİ Dövlət
mükafatı laureatı Ömər Eldarov və arxitektor Arif
Salehovdur. Abidənin önünə tər
gül-çiçək dəstələri qoyulur.
Abidənin açılışı mərasimində
Azərbaycan SSR mədəniyyət naziri Z.N.Bağırov, Azərbaycan
Yazıçılar İttifaqı idarə heyətinin birinci
katibi Anar, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasının rektoru professor E.Abasova, M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri və direktoru, respublikanın xalq artisti bəstəkar
Polad Bülbüloğlu, Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasının tələbəsi Lalə
Mehdiyeva çıxış etmişlər. Onlar M.Maqomayevin
yaradıcılıq irsinin əbədiliyindən, gənc
sovet incəsənətinin inkişafında, Azərbaycanda
sosialist mədəniyyəti qurulucuğunda onun böyük
rol oynadığından danışmışlar.
Çıxış edənlər demişlər ki,
Müslüm Maqomayev simfonik musiqi janrında, teatrda və
kinematoqrafda eyni dərəcədə səmərəli
işləmiş görkəmli musiqiçi idi. O, gənc
musiqiçi kadrların tərbiyə edilməsi
üçün çox iş görmüşdür. Natiqlər
xalqın mədəniyyətinin tərəqqisinə gündəlik
qayğıya, görkəmli mədəniyyət xadimlərinin
xatirəsi əziz tutulduğuna görə Azərbaycan KP
MK-ya və respublika hökumətinə minnətdarlıqlarını
bildirmişlər.
M.Maqomayevin və Ü.Hacıbəyovun əsərlərinin
melodiyaları musiqinin misilsiz əhəmiyyətini, onun nəcib
ruhlandırıcı qüdrətini təsdiq edirmiş kimi
dalğa-dalğa ətrafa yayılmışdır. SSRİ
xalq artisti R.Hacıyevin bəstələdiyi musiqi ithafı da
ifa olunmuşdur. Konsertdə Qara Qarayev adına Azərbaycan
Dövlət kamera orkestri və Dövlət xor kapellası
iştirak etmişlər. Dirijor respublikanın xalq artisti
N.Rzayev idi.
Böyük sənətkara məhəbbətlə
Əlamətdar hadisələrin musiqi təqviminə
sentyabrın 18-i – görkəmli bəstəkarlar Üzeyir
Hacıbəyovun və Müslüm Maqomayevin anadan
olduqları gün də daxil edilmişdir. Bu iki dostun
adları Sovet Azərbaycanının musiqi mədəniyyətinin
təşəkkülü və inkişafı salnaməsində
qızıl hərflərlə yazılmışdır.
Görkəmli mədəniyyət ustalarının
xidmətləri şərəfinə on ildir ki, sentyabrın
18-də respublikada musiqi bayramı keçirilir. Ənənəyə
uyğun olaraq, bayram şənlikləri bu dəfə də
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun
adını daşıyan Azərbaycan Dövlət
Konservatoriyasının binası qarşısında
böyük bəstəkarın abidəsi önündə
gül-çiçək dəstələri qoyulması ilə
başlamışdır.
Adətən, elə buradaca, meydanda keçirilən
bayram şənliyinin proqramını bu il yağmurlu hava
pozmuşdur. Proqramın bədii hissəsi Şövkət Məmmədova
adına opera studiyasının salonunda keçirilmişdir.
Burada Azərbaycanın yaradıcı kollektivlərinin və
incəsənət ustalarının konserti olmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqı idarə
heyətinin katibi, respublikanın xalq artisti Tofiq Quliyev buraya
toplaşanlar qarşısında çıxış edərək
Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin həmişə
təravətli yaradıcılıq irsindən
danışmış və demişdir ki, Azərbaycanın
bütün mədəniyyət xadimləri musiqi
gününün bütün respublikada əsl xalq bayramı
kimi keçirilməsi üçün əlindən gələni
etməlidirlər.
Konsertin proqramına Üzeyir Hacıbəyovun
“Koroğlu” operasından və “Arşın mal alan” musiqili
komediyasından parçalar, Müslüm Maqomayevin “Təntənəli
marş”ı və “Şah İsmayıl” operasının
uvertürası, Q.Qarayevin “Yeddi gözəl” baletindən vals,
F.Əmirovun, Niyazinin və T.Quliyevin mahnıları daxil idi.
Onlar respublikanın xalq artisti, dirijor R.Abdullayevin idarəsi ilə
Üzeyir Hacıbəyov adına Dövlət simfonik
orkestrinin və Azərbaycan xor kapellasının ifasında səslənmişdir.
Əsərlərin solo hissəsini SSRİ xalq artisti
L.İmanov və musiqi ifaçılarının Zaqafqaziya
müsabiqəsinin laureatı F.İbrahimova ifa etmişlər.
“Kommunist” qəzeti, 19 sentyabr 1987-ci il
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.6.