“Kontrabas” yenə festivaldadır
Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas”
monotamaşası ilə Rusiyanın Novorossiysk şəhərində
festivalda təmsil olunur. “Teatr limanı” adlı 6-cı beynəlxalq
festival 19-25 sentyabr tarixlərində keçirilir.
Sentyabrın 23-də Novorossiysk Dövlət Dram
Teatrında nümayiş olunacaq səhnə əsərinin
quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova,
ifaçısı Əməkdar artist Şövqi
Hüseynovdur.
Uzun illərdir teatrın repertuarında olan və bir
çox festivallarda uğurla nümayiş etdirilən səhnə
işi ensiklopedik biliklərə malik qəhrəmanı, daha
doğrusu, onun həyata baxışını ehtiva edir. Opera
“ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək
istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur
ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.
Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın
yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Qəhrəmanımızın
sevgilisi ilə dialoqunu kontrabasla dialoq əvəz edir. Bu
xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir
ki, insan öncə özü özünə sədaqətli
olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini
dəyərləndirmək olar.
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.5.