Doğum günü
öz ocağında da qeyd olundu
Sentyabrın 18-də Milli Musiqi Günü və
Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu
ildönümü münasibətilə dahi bəstəkarın
ev-muzeyində tədbir keçirildi.
Musiqişünasların, ziyalıların iştirak
etdiyi tədbirdə əvvəlcə Azərbaycana yeni gətirilən
“termenvoks” adlı elektromusiqi alətində Üzeyir Hacıbəylinin
musiqi müəllifi olduğu himnimiz səsləndirildi.
Muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov
çıxış edərək Üzeyir bəyin zəngin
yaradıcılığından danışdı. O, 18
sentyabrın görkəmli Azərbaycan bəstəkarı
Müslüm Maqomayevin də doğum günü olduğunu
deyərək milli musiqimizin inkişafında və təbliğində
Üzeyir bəyin böyük məsləkdaşını
yad etdi.
Xalq artisti aktyor Əli Nur hələ tələbəlik
illərində Üzeyir bəy haqqında eşitdiyi dəyərli
xatirəni yazılı şəkildə muzeyə hədiyyə
etdi.
Yazıçı-dramaturq Əmir Pəhləvan,
qocaman jurnalist Firuz Haşımlı, şairə Kəmalə
Abıyeva və başqaları Üzeyir Hacıbəylinin musiqi
xadimi kimi misilsiz xidmətləri ilə yanaşı, onun
publisistikasından, ədəbi
yaradıcılığından söz açdılar.
Bildirildi ki, dahi bəstəkar şəxsiyyət və cəsarət
nümunəsi kimi Azərbaycan xalqının qəlbində əbədi
yaşayacaq.
Əmir Pəhləvanın Üzeyir bəyə həsr
etdiyi “Millətin himni sən, bayrağı sənsən!”
şeiri alqışlarla qarşılandı.
Çıxışlardan sonra musiqi nömrələri
təqdim olundu.
Ş.Ələkbərova adına 20 nömrəli,
T.Quliyev adına 12 nömrəli musiqi məktəblərinin
şagirdləri, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti tələbələrinin ifasında Üzeyir bəyin
“Arazbarı”, “Sevgili canan” və s. əsərləri səsləndirildi.
M.Maqomayevin “Şah İsmayıl” operasından Aslan
şahın ariyası, bəstəkar İlhamə
Adilqızının “Üzeyir dünyası” adlı
mahnısı və digər bəstəkarların əsərlərinin
yer aldığı proqram alqışlarla
qarşılandı.
Sonda bəstəkarın ev-muzeyinə təqdim edilən
termenvoks aləti barədə qısa məlumat verək.
1918-ci ildə rus ixtiraçısı Lev Termen tərəfindən
yaradılmış elektromusiqi alətinin əsas xüsusiyyəti
onu çalarkən ifaçının alətlə təmasına
ehtiyac olmamasıdır. İxtiraçısı tərəfindən
1928-ci ildə patentləşdirilən alətə “ezerfon” da
deyilir. İfa iki metal antena sayəsində təmin edilir. Bu
antenalar aləti çalan adamın əllərinin mövqeyinə
görə səs çıxarır. Bir əllə titrəyiş
dalğaları göndərilir, digər əllə isə səsin
şiddəti müəyyən edilir. Elektrik siqnalları
termenvoks üzərində yaradılır və səs
dinamiklərinə göndərilir.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.3.