Zər qədrini zərgər
bilsə də...
Səhnəmizdə bir Simuzər vardı...
“Mən daha sənə lazım deyiləm.
Çalış hər gün, heç olmasa bir addım da
olsa, əsl həqiqətə yaxınlaş. Sənin ən
böyük müəllimin həqiqətdir! Sən onu
anlamağı, onun sənə dediklərini eləməyi
öyrənməlisən! Sən qağayısan! Sən
mütləq uçmalısan! Axı uçmağı
çox sevirsən! Uç, Conatan, uç! Heç nəyə,
heç kimə, sənə inanmayanlara məhəl qoymadan uç! Daim irəli
bax və uç! Özünəinamını itirmə, qəlbinin
səsini dinlə!”.
Riçard Devid Baxın “Conatan Livinqston adlı
qağayı” hekayəsindən bu sözlər mənə səhnə
ilə yaşayan aktyorları xatırladır. Mənə elə
gəlir ki, fərd kimi bir çox
çatışmazlıqları olan aktyor belə
dünyanın ən məsum uşağı qədər
günahsız olur. Bilirsiniz nə zaman? Səhnədə, məhz
oyun zamanı...
Onu səhnədə canlı görməmişəm.
Bir-iki videolent və qaynar təbinin donduğu fotoları nəzərə
almasaq. Amma haqqında çox eşitmişəm. Xüsusən
sənət yolu Ağdam səhnəsindən keçən
aktyorlardan. O, Ağdam Dövlət Dram Teatrında
dövrünün ən gözəl qadın aktrisası,
maraqlı obrazların ifaçısı olub. Fitri istedadı,
səhnə cazibəsi və ən əsası da,
böyük yanğı ilə yaratdığı
obrazları sayəsində həmkarlarından daha tez
çatıb şöhrətə. Dövrün teatr
mühitində haqqında hər zaman müsbət rəylər
olub və o istər Ağdam, istərsə də sonra pənah
gətirdiyi əncə teatrında əbədi sənət
sevgisinə heç vaxt xəyanət etməyib. Ta ki...
Bu gün hər iki teatrda sevgi ilə, nisgillə
xatırlanan Əməkdar artist Simuzər Namazova haqqında
söz açacağam. Əsas bələdçim
teatrşünas, bölgə teatrlarında
çalışan sənət insanları haqqında dəyərli
bilgilərə malik Anar Bürcəliyevin “Qoşa qanad”
kitabı və aktrisanın özünün 1993-cü ildə
“Səhnə” qəzetində dərc olunan “Aktrisanın
monoloqu” başlıqlı qeydləri oldu.
Simuzər Məmmədqulu qızı Namazova 1955-ci il
oktyabrın 5-də Ağdam rayonunun Muğanlı kəndində
anadan olub.
Simuzər xanım yazır: “1970-ci ildə
Ağdamın Muğanlı kəndində orta məktəbin
7-ci sinfində oxuyurdum. Məktəbdən bizi tez-tez teatra
aparırdılar. İlk baxdığım tamaşa heç
yadımdan çıxmır. Əbil Yusifovun “Odlar içində”
əsəri göstərilirdi. Salon tamaşaçı ilə
dolu idi. Mənimsə yerim arxa cərgədə idi, artistlərin
bir sözü belə gəlib mənə
çatmırdı. Amma mən səhnəyə dəli
maraqla baxırdım: rəngbərəng işıqlar, qəribə
dekorlara, iştirakçıların geyimlərinə, qrimlərinə...
Və... mənə elə gəlirdi ki, hər şeyi
başa düşürəm. Doğrudan da, sonralar
tamaşanı yoldaşlarımla müzakirə edəndə,
bəzi məsələlər haqqında fikir yürüdəndə,
mən üstünlük təşkil edirdim. Belə
çıxırdı ki, mən pyesin süjetini qabaq cərgədə
oturanlardan daha yaxşı qavramışam. Bu, qəribə
bir sehr idi, möcüzə idi! Bəlkə də “alın
yazısı” demək olar buna, bilmirəm...
Bir necə gün özümə gələ bilmədim.
Elə hey tamaşa haqqında, artistlərin oyunları barədə
düşünürdüm. Teatrdan bəhs edən
kitabları, məqalələri
diqqətlə oxuyurdum. Bir gün qəzetdə Ağdam
teatrının qocaman aktrisası Narınc xanım Məlikova
haqqında yazı gördüm. Orada yazılmışdı
ki, Narınc Məlikova 13 yaşında səhnəyə gəlib
və bu işdə ona teatrın baş rejissoru Heydər
Şəmsizadə kömək eləyib. Mənim isə 14
yaşım var idi! Ürəyimdə özümə də
qorxulu görünən bir hiss, bir arzu baş
qaldırdı... Yay idi, tətilə
çıxmışdıq. Rəfiqələrimdən birini
götürüb kəndimizdən beş kilometr aralı olan
Ağdam şəhərinə gəldim – düz teatrın
qabağına! Qapıda dayanan oğlandan Heydər müəllimi
soruşdum. Məni içəri aparıb kiçik bir kabinetə
ötürdü. Stolun arxasında ortaboylu, qar kimi gur ağ
saçları olan, mehriban baxışlı bir kişi
oturmuşdu. Mən titrək səslə arzumu ona bildirdim,
dedim ki, müəllim, mən teatrı çox sevirəm, səhnəyə
çıxmaq, artistlərlə bir yerdə tamaşa oynamaq
istəyirəm... Heydər müəllim təbəssümlə
məni dinlədi, fikrə getdi, sonra ayağa durub, məni
direktorun yanına apardı. Direktor Məmməd Əmirov məqsədimi
biləndə qəti etiraz etdi:
– Ay qız, sən başında bir teşt qan gəzdirirsən!
Yeddinci sinif şagirdi dövlət teatrında?! Bu harda
görünüb? Buna ata-anan nə deyər?
“Atam yoxdur” deyəndə “Bəs anan?” sualını
verdi. Mən də “Anam sovxozda fəhlə işləyir. Ailəmiz
böyükdür. Mən həm də onlara kömək etmək
istəyirəm” dedim.
Məmməd müəllimin sərt sifəti dəyişdi.
Dedi, qapıda tapşıraram, səni içəri buraxarlar,
teatra gəl-get, biz də bir şey fikirləşərik.
Sevindim! Axı bu mənim ilk “qələbəm” idi. Müqəddəs
yer bildiyim teatrın qapıları üzümə
açılmışdı!
Sentyabra az qalmış, Məmməd müəllim,
Heydər müəllim mənim yalvarışlarıma,
göz yaşlarıma rəhm eləyib əvvəl Maarif
şöbəsi, sonra rayon İcraiyyə Komitəsi
qarşısında məsələ qaldırdılar. Qərara
gəldilər ki, ailə vəziyyətimiz ağır
olduğu üçün məni fəhlə-gənclər məktəbinə
keçirsinlər və teatrda kiçik bir maaşla işə
götürsünlər. Bəli, mən oldum kütləvi səhnə
işçisi. Amma nə tapşırıq verirdilər,
can-başla yerinə yetirirdim...
F.Hacıyevin “Pələng ovu” pyesinin məşqləri
başlayanda mənə Nazilə adlı kiçik bir rol
verdilər. Böyük həvəslə məşq etdim,
oynadım...”.
A.Bürcəliyevin kitabını vərəqlədikcə,
Simuzər xanımın Ağdam teatrındakı həmkarlarının
xatirələrini dinlədikcə düşüncələrimdə
siluetini yaratdığım qadın canlanır gözümdə:
O gülür, özü də ürəkdən. Çox məmnundur.
Çünki qurtuluş üçün gəldiyi səhnə
onu bağrına basdı və elə ilk rolundan da qəbul elədi.
Ağdam teatrı səhnəsində sənət
ömrünün ən məhsuldar illərini yaşayıb
Simuzər xanım. 1970-ci ildən 1990-cı ilədək
teatrın səhnəsində 200-ə yaxın rol oynayıb.
Parlaq obrazlar yaradıb. 1982-ci ildə ona respublikanın “Əməkdar
artist”i fəxri adı verilib. Nəinki peşəkar aktyor təhsili,
heç bir ali təhsili olmayan aktrisanın belə gənc
yaşında fəxri ad alması sıradan hadisə deyildi, əslində.
Sözsüz ki, çalışdığı teatrın
arzulanan, rejissorların rol vermək üçün az qala
yarışdığı aktrisa olub.
Monoloq-məqaləsində rolları haqqında belə
deyir: “200 rol. Bu rəqəmlə bəlkə də kimsə fəxr
edə bilər. Amma mən başqa cür
düşünürəm. Rol aktyor üçün yüksək
bir arzu, çətinliklə başa gələn bir dilək
olmalıdır. İnsan yüz il yaşasa da, onun iki yüz
arzusu müstəcab ola bilməz. İndi həmin rolların xəyali
siyahısını nəzərdən keçirirəm,
yalnız bir neçəsini yada salmaq istəyirəm. Sara
(C.Cabbarlı, “Solğun çiçəklər”), Sevil
(C.Cabbarlı, “Sevil”), Firəngiz (C.Cabbarlı, “Oqtay
Eloğlu”), Göyərçin (H.Cavid “Uçurum”), Nərmin
(İ.Əfəndiyev “Unuda bilmirəm”), Nazan (O.Kamal, “Yad
qızı”), Şirin (S.Vurğun “Fərhad və Şirin”),
Natəvan (Ş.Məmmədova, “Natəvan”), Marta (A.Kamyu,
“Qismət”)... Bu rolların arasında axırıncını
xüsusi qeyd etmək istəyirəm. Məhz bu rolun sayəsində
mən, nəhayət, hiss etdim ki, nəyəsə qadirəm...”.
Aktrisa ömrünün qalan hissəsini Gəncədə
keçirdi. Həyat yoldaşı Xalq artisti, Gəncə
Dövlət Dram Teatrının baş rejissoru olmuş Vaqif
Şərifovun yanında.
Sözsüz ki, ağır illər idi. 1990-cı ildə
bu teatra gələn aktrisa Gəncənin teatr mühitinə də
öyrəşdi. Teatrın səhnəsində maraqlı
rollar oynadı. Amma Anarın “Təhminə və Zaur”unda Təhminə,
N.Məmmədovanın “Cavad xan”ında Mələknisəbəyim
və Ə.Səmədlinin “Ölüm hökmü”ndə
Qadın rolları onu buradakı tamaşaçılara daha
çox sevdirdi.
İstər həyatında, istərsə də
yaradıcılığında hər şeyin nizama
düşməsi aktrisanı daha da şövqə gətirirdi.
Amma bu da uzun sürmədi və 1996-cı il iyulun 1-də, 41
yaşında faciəli şəkildə həyata vida etdi.
Naqilə qoşulmuş elektrik cihazı ilə qəfil təmas
onun uzun sənət yolunu yarıda qoydu, işıqlı səhnə
arzularını yandırıb külə çevirdi.
Beləcə, “Yeni rollar üçün ürəyim
əsir. Yaş ötür, amplua dəyişir, arzusunda
olduğum rollar məndən uzaqlaşır. Ancaq nə etməli?”
deyən aktrisa etiraz-eyhamını bir də belə edir
etibardan kəm dünyaya.
Yazını onun “Üz istəyirəm,
başınızı ağrıtdım. “Səhnə”nin
oxucuları da məni bağışlasınlar.
Çoxdandır jurnalist üzü görmürəm.
Axırıncı dəfə on il bundan qabaq
yazmışdılar haqqımda. Əyalət teatrlarında
işləyənlərin halı belədir də, nə etmək
olar? Halbuki burada elə gözəl sənətkarlar var ki, hərəsinin
həyatı bir dastandır” gileyi ilə bitirməyim də təsadüf
deyil. Çünki onda da, elə indi də teatra
paytaxtlaşmış münasibət bir çox sənət
insanlarını, uzaq-yaxın səhnələrdəki
peşəkar, fədakar aktyorları küsdürüb və
könlünü almağa məqam tapmamış bizdən...
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.5.