Miras: öyrənmək,
yaşatmaq, artırmaq
Üzeyir Hacıbəyli festivalı çərçivəsində
beynəlxalq simpozium keçirilir
Sentyabrın 18-də, Milli Musiqi Günündə Azərbaycan
Milli Konservatoriyasında (AMK) UNESCO nəzdində Ənənəvi
Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın
(ICTMD) “Türk dünyasında musiqi və rəqs” və
“Qlobal musiqi tarixi” araşdırma qruplarının “Qədim
mirasın əks-sədaları: musiqi və rəqs irsinin
öyrənilməsi” adlı birgə simpoziumu işə
başladı.
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi
Festivalı çərçivəsində təşkil
olunan simpozium ICTMD, AMK, Mədəniyyət Nazirliyi, Bakı
Xoreoqrafiya Akademiyası və Türk Mədəniyyəti və
İrsi Fondunun birgə layihəsi olaraq keçirilir.
Tədbirin açılışında AMK-nın
rektoru Xalq artisti Siyavuş Kərimi və mədəniyyət
nazirinin müavini Murad Hüseynov çıxış etdilər.
Çıxışçılar müxtəlif ölkələrdən
ekspertləri bir araya gətirən simpoziumun işinə
uğurlar arzuladılar.
***
Simpoziumun birinci plenar iclasında ilk məruzəçi
Salva əl-Şavan Kastelo-Branko (Portuqaliya) “Postkolonial
dünyanın siyasəti və estetikası: Qahirədə ərəb
musiqi irsi” mövzusunda çıxış etdi. Məruzəçi
ənənəvi ərəb musiqisini tarixi baxımdan
araşdıraraq gəldiyi nəticələrə öz
çıxışında geniş yer vermişdi. O,
araşdırmasında ərəb milli musiqisinin inkişaf mərhələləri,
Misir dövlətinin milli musiqi irsinin qorunması barədə
gördüyü işlərdən danışdı. 1869 və
1988-ci ildə Qahirədə
tikilmiş opera teatrı binalarının imkanlarını
müqayisə etdi.
Tədqiqatçı Gültəkin Şamilli “Azərbaycan
qlobal tarixin xəritəsində: musiqi və rəqs sərhədləri
üzərindən diskurs” mövzusunda, musiqişünas Nigar
Axundova isə Şuşanın musiqiçi sülalələri
haqqında məruzələrlə çıxış etdilər.
Nigar Axundova məruzəsində Şuşadan Azərbaycana,
Azərbaycandan dünyaya pərvazlanan musiqiçi sülalələr
haqda danışdı. Bildirdi ki, Hacıbəylilər və
Bədəlbəylilər kimi görkəmli musiqiçi nəsillərilə
bərabər, Şuşada doğulan Sadıqcan, Məşədi
Cəmil Əmirov, Ağalarovlar, Bülbül, Adıgözəlovlar,
Bağırovlar kimi musiqiçilərin artıq üçüncü,
dördüncü nəsli Azərbaycan musiqisini dünyada
tanıdırlar.
ABŞ-dən gələn Azərbaycan kökənli tədqiqatçı
Aleksandria Sultan Von Bruseldorff “Nə üçün İCTMD
daxilində musiqi ənənələri üzrə səs
araşdırmalari tədqiqat qrupunu yaratmaq lazımdır?”
adlı məruzəsində tibbin son nailiyyətləri ilə
silahlanmış foniatriya sahəsində araşdırmalar
aparılmasının vacibliyini vurğuladı.
***
Sentyabrın 19-da simpozium işini üç plenar
sessiya ilə davam etdirdi.
Milli Konservatoriyanın Fikrət Əmirov zalında
“Qloballaşan dünya şəraitində Qərb və Şərqin
tarixi diskurslarının görüşü” bölməsi,
Bakı zalında “Musiqi və rəqs ənənələrinin
qorunması və transformasiyası problemləri”, Qarabağ
zalında isə “Musiqi terapiyası: XXI əsrdə problemlər
və perspektivləri” mövzusunda məruzələr dinlənildi.
Məruzələrin əksəriyyəti Türk
dünyasının görkəmli simaları, onların milli
musiqi mədəniyyətinin inkişafından ötrü
gördükləri işlərin təhlilinə və
tanıdılmasına həsr olunmuşdu. Uyğur musiqisinin
tatar incisi Sənuğər Tursun (Çindən simpoziuma onlayn
qoşulan Xiao Mei), türkmən dütar ifaçısı
Purli Sarıyevin milli musiqidəki xidmətləri (Türkmənistandan
onlayn qoşulan Cəmilə Qurbanova) barədə verilən
bilgilər gerçəkdən çox qiymətli idi.
Tatarıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan,
Qırğızıstan musiqişünaslarının məruzələri
də maraqla dinlənildi.
Çıxışlardan sonra
araşdırmaçılar məruzə ilə bağlı
suallar verir, öz fikirlərini bildirirdilər.
Simpozium sentyabrın 22-dək davam edəcək.
Gülcahan
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.2.