Rus teatrının
Bakıdakı “Evlənmə”si
Rusiyanın Sankt-Peterburq şəhərindəki
Aleksandrinski Teatrı Bakıda qonaqdır. Sentyabrın 19-da
Akademik Milli Dram Teatrında Aleksandrinski Teatrının “Evlənmə”
tamaşası nümayiş olundu.
Nümayişdən öncə qonaq teatrın direktoru
Aleksandr Maliç, bədii rəhbəri Nikita Kobelev, Akademik
Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət
işçisi İlham Əsgərov və teatrın baş
rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin
iştirakı ilə mətbuat konfransı oldu.
Diqqətə çatdırıldı ki, səfər
iki teatr arasında ötən il imzalanan memorandum əsasında
gerçəkləşir. Sentyabrın əvvəlində Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrı Sankt-Peterburqda qonaq
olmuş, yeni hazırlanan “İblis və...”
tamaşasını göstərmişdi.
Yaranan əməkdaşlığı yüksək
qiymətləndirən hər iki teatrın rəhbər şəxsləri
layihənin Azərbaycan və Rusiya Mədəniyyət
nazirliklərinin dəstəyi ilə həyata
keçirildiyini diqqətə çatdırdılar. Bildirdilər
ki, iki teatr arasında qurulan əməkdaşlıq bundan sonra
da davam edəcək, yeni uğurları ilə Rusiya və Azərbaycan
arasında mədəni əlaqələrə öz töhfəsini
verəcək.
Sonra rus teatrı təmsilçilərinin klassik əsərə
maraqlı yozumu təqdim olundu. Nikolay Qoqolun eyniadlı əsəri
əsasında hazırlanan “Evlənmə”
tamaşasının quruluşçu rejissoru Rusiyanın Xalq
artisti Valeri Fokindir. 2008-ci ildə, Qoqolun 200 illik yubileyi ərəfəsində
hazırlanan tamaşa “Ən yaxşı rejissor işi” və
“Ən yaxşı rəssam işi” nominasiyalarında
Rusiyanın milli teatr mükafatı – “Qızıl maska”ya layiq
görülüb.
Alqışlarla qarşılanan nümayişdən
sonra Aleksandrinski Teatrına Akademik Milli Dram Teatrı tərəfindən
təsis olunmuş “Milli teatr mükafatı” verildi. Teatrın
direktoru İlham Əsgərov mükafatı həmkarı
Aleksandr Maliçə təqdim etdi.
Həmçinin “Evlənmə” tamaşası Azərbaycan
Teatr Xadimləri İttifaqının “Qızıl dərviş”
mükafatı ilə təltif olundu. Mükafatı Teatr Xadimləri
İttifaqının sədri Xalq artisti, laureatı Hacı
İsmayılov Aleksandrinski Teatrının bədii rəhbəri
Nikita Kobelevə təqdim etdi.
Qeyd edək ki, rus teatrının Bakı səhnəsində
“Evlənmə”si sentyabrın 20-də də göstəriləcək.
Tamaşa haqqında ətraflı növbəti
sayımızda.
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.2.