Elmdən kinoya, yenə elmə...
“Mən oynamamışam, kamera qarşısında iki
qadın taleyini yaşamışam...”
İzzət Orucova-115
Milli kinomuzda iz qoyan sənət adamları çox
olsa da, onun tale yolu kimsəninkinə bənzəmir. Texnologiya
sahəsində ali təhsil alması belə həmin dövr
üçün hadisə sayılırdı. Belə bir
mütəxəssisin baş rolda kinoda çəkilməsi isə
bənzəri olmayan hadisə idi. Yəqin
xatırladınız, İzzət Orucovadan bəhs edirik. Bu il
görkəmli ziyalının anadan olmasının 115
illiyidir.
İzzət Mirzəağa qızı Orucova 16 sentyabr
1909-cu ildə Bakıda maarif və mədəniyyətə rəğbət
bəsləyən bir ailədə dünyaya göz
açıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan
Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti)
Texnoloji fakültəsinə qəbul olunur. 1932-ci ildə təhsilini
başa vurub təyinatla Elmi-Tədqiqat Neft Emalı
İnstitutunda əmək fəaliyyətinə
başlayır.
İzzət Orucova hələ tələbə ikən
incəsənət sahəsinə maraq göstərirdi. Onda
aktrisalıq keyfiyyətləri də elə həmin dövrdə
təzahür etmişdi. O, əvvəlcə “Sevil”, sonra isə
“Almaz” filmlərində çəkilir. Azərbaycan
qadınlarının gerçək obrazlarını
inandırıcı cizgilərlə yarada bilir. Çəkiliş
meydançasında çaşmadan hisslərini təmkinlə
büruzə vermək bacarığı ona uğur
qazandırır. Bu iki filmdən sonra o, kinodan uzaqlaşır
və həyatını bütünlüklə elmə həsr
edir.
Kinoşünas, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə araşdırmasında İzzət
Orucovanın qısa sürən sənət həyatı
haqqında maraqlı məqamları diqqətə
çatdırır. İzzət xanım deyirmiş ki, əgər
Cəfər Cabbarlı sağ olsaydı, onun filmlərində
çəkilişləri davam etdirərmiş.
Cəfər Cabbarlının “Sevil” pyesi ilk dəfə
1928-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Dram
Teatrının səhnəsində tamaşaya qoyulur və
böyük əks-səda doğurur. Müəllif “Sevil”in səhnədəki
uğurunu kinoda da həyata keçirmək arzusuna
düşür. Ancaq çətinliklərlə
qarşılaşır. Çünki o dövrdə teatrlarda
qadın rollarını oynayacaq azərbaycanlı qızı
tapmaq çətin idi. Ona bir çox əcnəbi aktrisa məsləhət
görülsə də, Cabbarlı “Sevil elə bir fərdi
xarakterə malikdir ki, onu mütləq türk qızı
oynamalıdır” deyə etiraz edir.
Dramaturq uzun müddət aktrisa axtarışında
olur və nəhayət, istədiyini tapır. Tələbə
İzzət Orucova rəfiqəsi ilə kinoteatrda səssiz
xarici filmə baxarkən ədibin
diqqətini çəkir. O daha sonra fikrini İzzətin
atasına bildirir. Teatrı, kinonu sevməsinə baxmayaraq, ata
övladının aktrisa olmasını qəbul edə bilmir.
Cabbarlı isə inadından dönmür. Sənət
adamları, dövrün tanınmış ziyalıları da
Mirzəağa kişi ilə söhbət edib onu yola gətirməyə
çalışırlar. İnadkarlıqdan yorulan Mirzəağa
kişi günlərin birində Cəfər Cabbarlını
mehriban qarşılayır... İzzət Orucova xatirələrində
bu barədə yazır: “Atam mənim kinoya çəkilməyimə
bir şərtlə icazə verdi. Cəfərin özü məni
faytonla aparacaq və faytonla da geri qaytaracaq. Mənimlə
söhbətində də atam demişdi ki, bilirəm, məni
danlayacaqlar. Amma nə edim, bu kişinin sözündən
çıxa bilmədim”.
Beləliklə, “Sevil” filmi çəkilir və
uğurlu ekran əsərinə çevrilir, öz
tamaşaçısını tapır. Görkəmli
dramaturq da arzusuna çatır.
C.Cabbarlı 1934-cü ildə “Almaz” pyesini
ekranlaşdırmağı qərara alır. Bu vaxt İzzət
xanım artıq Elmi-Tədqiqat İnstitutunda işləyirdi.
Çəkilişlərdə iştirak etmək
üçün təxminən bir il işdən
ayrılmalı olur. Bu məqsədlə institutun rəhbərliyinə
müraciət edir. Ancaq onun müraciəti direktor
M.Kapelyuşnikov tərəfindən etirazla qarşılanır.
İş elə gətirir ki, direktor ezamiyyətdən
qayıdarkən qatarda C.Cabbarlı ilə bir kupedə olur.
Bir-birlərini yaxından tanıyırlar. Bu
tanışlıqdan sonra o özü İzzət
xanımı kabinetinə çağırır və çəkilişlərə
icazə verdiyini bildirir.
İzzət xanım Almaz obrazını, müəllif
necə görmək istəyirdisə, elə də
yaradır. Ancaq filmi çəkmək və görmək
görkəmli dramaturqa qismət olmur. İ.Orucova bu qəfil
itkidən bərk sarsılır. Bir daha kinoya çəkilmir.
Filmi rejissor Ağarza Quliyev çəkir və ekran əsəri
C.Cabbarlıya ithaf edilir.
İ.Orucova 1935-ci ildə Mövsüm
İsmayılzadə adlı gənc pedaqoqla ailə qurur. Ancaq
bu xoşbəxtlik uzun sürmür. 1937-ci ildə
M.İsmayılzadə “xalq düşməni” kimi həbs
edilir. Həbs olunacağını öncədən hiss edən
Mövsüm dərhal həyat yoldaşından
ayrılır. O bu fədakar addımı ilə İzzət
xanımı və körpə oğlu Yılmazı
sürgündən xilas edir.
İ.Orucova illər sonra xatirələrində
yazırdı: “Məni ilk azərbaycanlı kinoaktrisa
adlandırırlar. Mən bəzən düşünürəm:
bu doğrudurmu? Ümumiyyətlə, mən aktrisa
olmuşammı? Axı mən oynamamışam, yox – mən
kamera qarşısında iki qadın taleyini
yaşamışam. Onlar mənim müasirlərim idi, demək
olar ki, həmyaşıdlar idik. Bu qadınların hər
ikisi mən idim. Lakin başqa həyat situasiyasına
salınmışdım. Mənim çəkildiyim hər iki
film – “Sevil” və “Almaz” ümumi bir mövzuya həsr
olunmuşdu: Azərbaycan qadınının taleyinə,
qadın azadlığına...”.
Beləliklə, İ.Orucova ekranda yaratdığı
Sevil və Almaz obrazlarının yolunu gələcək həyatında
davam etdirir. O, elm sahəsində çoxlarının
arzuladığı məqamlara yetişir.
Kimyaçı alim texnika üzrə fəlsəfə
doktoru (1947) və elmlər doktoru (1962) elmi dərəcələrini
alır. Azərbaycan EA-nın müxbir üzvü (1967) və
həqiqi üzvü (1972) seçilir. Keçmiş
SSRİ-nin ən iri sənaye mərkəzlərində və
bir sıra xarici ölkələrdə keçirilən simpoziumlarda
məruzələr edir. O, 300-ə yaxın elmi əsəri,
Azərbaycan dilində “Neft-kimya” və “Sürtkü
yağları” dərslikləri, 30-dan çox müəlliflik
şəhadətnaməsi ilə elmimizdə silinməz iz
qoyur.
“Əməkdar elm və texnika xadimi” fəxri adına
və respublikanın Dövlət mükafatına layiq
görülən, adını Azərbaycanın kino salnaməsinə
yazdıran akademik İzzət Orucova 22 aprel 1983-cü ildə
Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.7.