“Məqsədimiz
muğamları müasir yanaşma ilə təbliğ etməkdir”
Səmərqənddən Qran-pri gətirmiş “Simurq”
üzvlərinin təəssüratı
Dahi Üzeyir Hacıbəyli XX əsr Azərbaycan
musiqi mədəniyyətində yeni konsepsiyanın
yaradıcılarından biridir. Həmin dövr həm milli, həm
də dünyəvi musiqinin inkişafı, hətta
qızıl çağı kimi xarakterizə olunur. Böyük
musiqi xadiminin yorulmaz, fədakar fəaliyyəti sayəsində
görkəmli bəstəkarlar yetişdi, musiqi təhsili
şaxələndi. Bu gün musiqi mədəniyyətimizdə
əldə olunan uğurlara görə Üzeyir bəy
başda olmaqla görkəmli bəstəkar və
pedaqoqlarımıza borcluyuq.
Musiqi sahəsinin inkişafı və təbliğində
beynəlxalq müsabiqə və festivalların mühüm
rolu var. Hər il ölkəmizdə dövlət dəstəyi
ilə musiqinin müxtəlif janrlarını əhatə edən
beynəlxalq festivallar keçirilir. Eləcə də Azərbaycan
musiqiçiləri beynəlxalq festival və müsabiqələrdə
iştirak edərək musiqi mədəniyyətimizi təbliğ
edirlər.
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Özbəkistanın
Səmərqənd şəhərində keçirilən
XIII “Şərq təranələri” Beynəlxalq Musiqi
Festivalında (26-30 avqust) ölkəmizi təmsil edən
“Simurq” muğam ansamblı Qran-pri mükafatına layiq
görülüb.
Özbəkistan Respublikasının Mədəniyyət
Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı
ilə gerçəkləşən nüfuzlu festivalda 80-ə
yaxın ölkə arasında baş mükafatın əldə
edilməsi musiqi mədəniyyətimiz adına fəxr
olunası hadisədir.
Onu da qeyd edək ki, “Şərq təranələri”
bu dəfə Azərbaycan üçün daha bir əlamətdar
hadisə ilə yadda qalıb. Festivalın tarixində Azərbaycan
ilk dəfə beynəlxalq münsiflər heyətinə sədrlik
edib. Ölkəmizi jüri rəhbəri kimi Əməkdar
artist Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib
Paşazadə təmsil edib.
Tanınmış xanəndə Mirələm Mirələmov
və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur
Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov
(nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən
(balaban) ibarət “Simurq” ansamblı isə möhtəşəm
ifası ilə Azərbaycana bu festivalda üçüncü
dəfə qələbə qazandırıb.
Ansamblın bir neçə üzvü qalibiyyət təəssüratını
bizimlə bölüşdü.
Musiqi qrupunun rəhbəri Elnur Mikayılov: “Dinamik
ifamızla tamaşaçı və münsiflərin rəğbətini
qazana bildik. Bu, həqiqətən də, qürurverici idi.
Öz mədəniyyətimizi təmsil etməyimizin məsuliyyətini
bilirdik. Hədəfimiz ən yüksək mükafatı almaq
idi. Buna görə də detallı işlədik, gərgin məşqlərimiz
oldu. Şükürlər olsun ki, yüksək nəticəyə
nail olduq. Ən həyəcanlı an sonda nəticələrin
açıqlanması idi. Mükafatlar sıralandıqca həyəcan
və nigarançılığımız da artırdı.
Bu, unudulmaz anlar idi. Azərbaycanımızın adının
çəkilməsi bizi çox təsirləndirdi... Məqsədimiz
milli muğamlarımızın kökünü saxlamaqla
müasir yanaşma ilə onu təbliğ etməkdir və
buna nail oluruq.
Daha öncə də qrupumuz bir neçə festivalda
uğurla iştirak edib. Bu qələbə qrup şəklində
ilk böyük uğurumuz oldu. İnanıram ki, gələcəkdə
yeni nailiyyətlərimiz olacaq. Bu festivalda bizə dəstək
olan Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinə təşəkkür edirik. Hazırda yeni layihələrə
hazırlaşırıq. Yaxın vaxtlarda təqdim edəcəyik.
Bizi dəstəkləyən hər kəsə təşəkkürümü
bildirirəm”.
Xanəndə Mirələm Mirələmov: “Şərq
təranələri” bir tərəfdən qədim mədəniyyəti
və ənənələri yaşadaraq onlara olan
bağlılığımızı göstərmək
baxımından əvəzolunmaz festivaldır. Digər tərəfdən,
bu festivalda uğur qazanmaq yaradıcılıq
bacarıqlarımızı təsdiqləyərək beynəlxalq
səviyyədə tanınmaq deməkdir. Bu qalibiyyət həm
də Səmərqənd kimi tarixi əhəmiyyətə
malik bir şəhərdə mədəniyyətimizi, milli
musiqimizi layiqincə təmsil etdiyimizi göstərir.
Festivalın Qran-prisini qazanmağımız Azərbaycanın
musiqi mədəniyyətinin beynəlxalq arenada
tanınmasına ciddi töhfədir. Yerli media və mədəniyyət
dairələri bu qalibiyyətə geniş diqqət
ayırdı, ölkəmizin musiqiçilərinin dünya səhnəsindəki
uğurlarını qeyd etdilər”.
Nağara ifaçısı Kamran Kərimov: “Mən
bu festivalda ilk dəfə 2009-cu ildə iştirak etmişəm.
Bu, “Şərq təranələri”ndə artıq beşinci
iştirakım idi. Həmin il xanəndə, Əməkdar
artist Qoçaq Əsgərovla
çıxışımızda birinci yeri qazandıq. Daha
sonra 2011-ci ildə Xalq artisti Nəzakət Teymurova ilə
çıxış etdik və yer almasaq da, UNESCO-nun “Şərqin
ən gözəl səsi” mükafatına layiq
görüldük. 2015-ci ildə Əməkdar artist Təyyar
Bayramovla çıxış etdik və bu dəfə də
“Fərqli ifaya görə” qrupumuza mükafat verildi. 2017-ci ildə
Əməkdar artist Sahib Paşazadə mənə təklif
etdi ki, festivala instrumental ifa ilə ikimiz qatılaq. Məmnuniyyətlə
razılaşdım. Bu da bir gözəl iş oldu ki,
festivalın tarixində ilk dəfə instrumental
çıxış oldu və bu çıxış
Qran-pri mükafatına layiq görüldü. Bu, Azərbaycan
muğam sənətində instrumental ifaçılıq
üçün böyük uğur idi. Çox şadam ki,
bu uğurda mənim də payım var.
Bu il isə “Simurq” muğam qrupundan təklif aldım.
Az vaxt ərzində səmərəli məşqlərimiz
oldu. Şükürlər olsun ki, bu dəfə də
böyük uğur qazandıq. Bu artıq “Şərq təranələri”ndə
qalibiyyət sevincini yaşadığım ikinci Qran-pri
mükafatıdır. Dünyanın bir çox ölkələrində
festivallarda olmuşam. Özbəkistanla qardaşlıq
münasibətlərimiz, yaxın mədəniyyətlərimiz
bizi bir-birimizə doğmalaşdırır. Sonda isə onu
demək istərdim ki, yeddi ildən sonra birgə səhnəni
bölüşdüyüm musiqiçi həmkarım, Əməkdar
artist Sahib Paşazadəni münsiflər heyətinin rəhbəri
kimi görmək həm Azərbaycanımız, həm də
bir musiqiçi olaraq mənim üçün böyük fəxr
idi”.
“Simurq” qrupunun üzvlərinə yeni
yaradıcılıq uğurları arzulayırıq.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.7.