Eksponatlarla neft sənayesinin
tarixinə səyahət...
20 sentyabr Azərbaycanda neft-qaz sahəsində
çalışan işçilərin peşə bayramı
– Neftçilər Günü kimi qeyd olunur. Bu günün
peşə bayramı kimi qeyd edilməsi Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin 16 avqust
2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Bu günün tarixi isə 1994-cü il sentyabrın
20-də Bakıda Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Azəri” və “Çıraq”
yataqları, eləcə də “Günəşli”
yatağının dərinsulu hissəsinin (AÇG) birgə
işlənməsi və hasil olunan neftin pay şəklində
bölüşdürülməsi haqqında müqavilənin
imzalanması ilə bağlıdır.
Müstəsna əhəmiyyətinə görə
“Əsrin müqaviləsi” adını alan bu sazişin
imzalanması ilə Azərbaycanın iqtisadi müstəqilliyinin
əsas təməl daşlarından biri qoyulub və ölkəmiz
özünü müxtəlif beynəlxalq layihələrin həyata
keçirilməsi və iri investisiyaların qoyuluşu
üçün etibarlı tərəfdaş kimi təsdiq
edib.***
Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin
imzalamasının 30-cu ildönümü tamam olur. Bu gün
ölkəmizin əldə etdiyi yüksək iqtisadi nailiyyətlər
neft strategiyasının uğurlu icrasına əsaslanır.
Neft sənayesi digər sahələr kimi mədəniyyətlə
də sıx bağlıdır. O cümlədən muzeylərdə
bu sahə ilə bağlı eksponatlar qorunur. Milli Azərbaycan
Tarixi Muzeyinin fondu da bu baxımdan çox zəngindir.
Əlamətdar gün ərəfəsində muzeydə
neft sənayesinin tarixinə səyahət elədik.
Muzeyin əməkdaşı Günay Umarova deyir ki,
ziyarətçilər neft sənayesinə aid eksponatlara
xüsusi maraq göstərirlər. Bu eksponatlar yalnız metal,
kağız və köhnə avadanlıqlardan ibarət deyil,
onlar eyni zamanda Azərbaycanın maddi və mənəvi sərvətlərini,
xalqın əzmkarlığını da simvolizə edir.
Üzağardan “qara qızıl”...
Neft sənayesi ilə bağlı eksponatlar muzeyin
müxtəlif bölmələrində yerləşir, hər
biri müvafiq dövrləri və hadisələri əks
etdirir. Bunların sırasında XIX əsrin sonlarından
başlayaraq müasir dövrə qədər olan
avadanlıqlar, alətlər, fotoşəkillər və s.
var. Bələdçimiz deyir ki, XIX əsrin ortalarından
etibarən neftin çıxarılmasında sənaye
üsulundan istifadə olunmağa başlanılır. Azərbaycan
Rusiya imperiyasının tərkibində idi və neftli
torpaqlar da çar üsul-idarəsinin, yəni dövlətin
sərəncamında idi. 1872-ci ildə iltizam sistemi ləğv
olunur. Bundan sonra neftli torpaqlar satışa çıxarılır.
Getdikcə bu sahəyə maraq artır, sahibkarlar neft sənayesi
ilə məşğul olmağa başlayırlar. Tədricən
Azərbaycanın yerli neft burjuaziyası meydana
çıxır. Hacı Zeynalabdin Tağıyev, Ağamusa
Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və
başqa neft milyonçuları bu sahədə mühüm
yer alırlar. Xaricdən gələn kapitalistlərin ön
sırasında isə Nobel qardaşları dururdu. Onlar 1879-cu
ildə Bakıda öz şirkətlərini qurdular...
Muzeyin “Neft sənayeçiləri” bölməsində
Murtuza Muxtarovun həyat yoldaşı Liza (Yelizaveta) Muxtarovaya məxsus
nimçə, onun evində istifadə olunmuş qurğu,
Bakı zadəganlarından Aşurbəyovlara məxsus
Almaniya istehsalı çay dəsti, Nobellərin Bibiheybətdəki
mədənlərinin hüdudlarını müəyyənləşdirmək
üçün istifadə olunan topoqrafik nişan və s.
eksponatlar maraqla qarşılanır.
Dolama çarx, dartay qurğusu və jelonka...
İltizam sisteminin ləğv olunması neft sahəsində
yeni texnologiyanın da inkişafına təkan verib. Bələdçimiz
bildirir ki, əvvəllər neft quyularını at
gücü ilə hərəkətə gətirilən dolama
çarx dediyimiz vasitə ilə qazırdılar. Daha sonra
dartay qurğularla (dartay barabanı və dartayçı vedrəsi),
eynilə su quyusundan su çıxarılan kimi, fəhlələr
neft quyusundan neft çıxarırdılar. Torpaq neftlə zəngin
olduğu ilk vaxtlar quyuları dərin qazmağa ehtiyac
qalmırdı. Daha sonra isə bu sahədə “jelonka” deyilən
yeni bir texnikadan istifadə olunmağa başladı.
Jelonkaların da istifadə qaydası eynilə şpris iynəsinin
funksiyasına əsaslanır. Jelonkanın içərisində
klapan olur. Həmin klapan açılır, vakuum vasitəsilə
neft oraya daxil olur və fəhlələr tərəfindən
kənarlaşdırılırdı. Bütün bu sadalanan
alətlərdən başqa quyuların qazılmasında
istifadə edilən iskənə, neftin çıxarılması
üçün vedrələr, saxlanılması
üçün qab, körük və s. muzeydə
nümayiş olunur.
Nobellərdən yadigar tankerin maketi
Günay xanım deyir ki, əvvəllər nefti
hovuzlarda saxlayırdılar. Bu da müəyyən itkilərə
səbəb olur, yaxud da kiçik bir qığılcımdan
böyük yanğınlar baş verirdi. Buna görə də
sonralar neftin daha təhlükəsiz saxlanılma
metodlarından istifadə olunmağa başlanıldı. Neft
çıxarılandan sonra əsas məsələ həm də
onun düzgün daşınması idi. İlk dəfə
neft tankerlərini “Nobel qardaşları” şirkəti istifadəyə
vermişdi: “Gördüyünüz bu eksponat 1878-ci ildə
istifadəyə verilmiş “Zoroastr” tankerinin maketidir. Bu tanker Xəzər
dənizi vasitəsilə Azərbaycan neftini Rusiyaya
daşıyırdı. Daha sonralar isə neft dəmir yolu ilə
daşınmağa başlandı”.
Dünyada daha bir ilk – dənizdə neft hasilatı
XX əsrin 40–60-cı illərində Azərbaycanda
yeni sənaye müəssisələrinin, elektrik
stansiyalarının tikintisi, nəqliyyatın inkişafı
geniş vüsət alır. İstehsalatda yeni texnika və
avadanlıqlar tətbiq olunur. Bununla yanaşı, Sumqayıt,
Mingəçevir, Əlibayramlı (indiki Şirvan) kimi yeni
şəhərlər salınır. 1949-cu il noyabrın 7-də
əfsanəvi Neft Daşlarında hasilatın
başlanması ilə dünyada açıq dənizdə
neftçıxarmanın əsası qoyulur. Dənizdə neft
yataqlarının kəşfinə və işlənilməsinə
görə Ağaqurban Əliyev (1911-1997), Qurban Abbasov
(1926-1994), Mixail Kaveroçkin (1904-1957) və başqaları
Stalin mükafatına layiq görülürlər.
Muzeydə SSRİ-nin neft sənayesi naziri olmuş
Nikolay Baybakovun adıçəkilən neftçi alimlərə
göndərdiyi təbrik teleqramı, Neft Daşlarında ilk
quyuların qazılması ilə bağlı fotoşəkillər,
Neft Daşlarının maketi və s. qorunub saxlanılır.
Ziyarətçilər muzeydə “Əsrin müqaviləsi”
ilə də bağlı məlumat alır, fotoşəkillərlə
tanış olurlar. Yeri gəlmişkən, xatırladaq ki,
“Əsrin müqaviləsi”ni həyata keçirən rəhbər
komitənin (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti)
ilk iclası 24 yanvar 1995-ci il tarixində məşhur
neftxudamız Tağıyevdən yadigar qalan bu binada, Milli Azərbaycan
Tarixi Muzeyinin “Şərq” zalında gerçəkləşib.
Bank işi, poçt və rabitə
Neft sənayesi digər sahələrin də
inkişafına təkan verir. 1874-cü ildə fəaliyyətə
başlayan “Bakı Kredit Cəmiyyəti” Azərbaycanda ilk bank
müəssisəsi hesab edilir. Bakı artıq bir sənayesi
şəhəri olduğu üçün rabitə sahəsi
də inkişaf edirdi. Bakı,
Gəncə, Lənkəran və Salyanda fəaliyyət
göstərən poçt stansiyalarında mallar həm
Rusiyanın şəhərlərinə, eləcə müxtəlif
ölkələrə göndərilirdi. 1864-cü ildə
Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin
istifadəyə verilməsi ilə Azərbaycanda rabitənin
yeni növü – teleqraf yarandı. 1880-ci ildə isə
Bakıda ilk telefon xətləri çəkildi.
Muzeydə XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində
bank işi, poçt və rabitə sahəsi ilə
bağlı eksponatlar ayrıca bölmədə
nümayiş olunur.
***
Milli Azərbaycan Tarixi Muzeyində neft sənayesi ilə
bağlı eksponatlar, əslində, ölkəmizin iqtisadi
müstəqilliyinin, inkişafının simvolu kimi qiymətli
nümunələrdir. Bu eksponatlar həm də
araşdırmaçılar, Azərbaycan tarixini öyrənmək
istəyənlər üçün qiymətli mənbədir.
Nurəddin Məmmədli
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.6.