Niyazinin Mənzil-Muzeyi 30
yaşını qeyd etdi
Sentyabrın 18-i – Üzeyir Hacıbəylinin adı ilə
mədəniyyət təqvimimizə düşən Milli
Musiqi Günü həm də Hacıbəyovlar nəslinin
nümayəndəsi, görkəmli dirijor və bəstəkar
Niyazinin paytaxtdakı mənzil-muzeyinin “ad günü”dür.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin filialı olan muzeyin 30 yaşı tamam olur.
Sentyabrın 19-da bu münasibətlə tədbir
keçirildi.
Əvvəlcə qonaqlar muzeyin tarixindən bəhs edən,
əməkdaşlar tərəfindən yeni
hazırlanmış fotosərgi ilə tanış oldular.
Yubiley tədbiri Ümummilli lider Heydər Əliyevin
1994-cü il sentyabrın 18-də mənzil-muzeyin
açılışındakı
çıxışını əks etdirən
videomaterialın nümayişi ilə başladı.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin direktoru Əməkdar mədəniyyət
işçisi Alla Bayramova muzeyin yaradılmasının milli mədəniyyətimizin,
musiqi irsimizin gələcək nəsillərə
çatdırılması baxımından əhəmiyyətini
vurğuladı.
Mənzil-muzeyin direktoru Əməkdar mədəniyyət
işçisi Rza Bayramov yubileylə əlaqədar
görülən işlərdən, ekspozisiyaya daxil olan yeni
eksponatlar və nəşrlərdən söz açdı.
Bildirdi ki, muzeydə hazırda 6500-dən artıq eksponat
qorunub saxlanılır. Onların arasında maestronun not əlyazmaları,
şəxsi kitabları, fotoları, geyimləri və təltifləri
var. Muzeydə müxtəlif sənəd və afişalar, təsviri
sənət nümunələri, Niyazinin bəstəkar həmkarlarının
əlyazmaları və suvenirlər də nümayiş olunur.
Hər iki çıxış muzeyin kolleksiyaları əsasında
hazırlanmış slayd-şou ilə müşayiət
olundu.
Sonra Azərbaycan Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Adil Atakişiyev muzeyin rəhbərliyinə
və əməkdaşlarına komitə adından fəxri fərman
və pul mükafatı təqdim etdi.
“Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar
İsmayılov, Dünya Azərbaycanlılarının Həmrəyliyi
Cəmiyyətinin sədri Tofiq Əlizadə, “Carçı”
jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva,
Bülbülün Ev-Muzeyinin direktoru Fərqanə Cabbarova,
Niyazinin qohumu Sahib Qədimov görkəmli sənətkarın
yaradıcılığı və musiqi mədəniyyətimizə
töhfələrindən söz açdılar, muzeyin
kollektivinə uğurlar arzuladılar.
Bədii hissədə Akademik Opera və Balet
Teatrının artistləri Mirəli Sarızadə, Gülzar
Ramizli, Məhəbbət Səfərov, Səma Həmzəyeva,
Əməkdar artist Elxan Mansurov, Nüşabə İsa,
Akademik Musiqili Teatrın solisti Eleanora Mustafayeva, Fidan
Əliyeva, Bakı Musiqi Akademiyasının baş müəllimi
Lalə Muxtarova, beynəlxalq müsabiqələr laureatı
Nuranə Qurbanova, Milli Konservatoriya nəzdində Musiqi
Kollecinin müəllimi Abbas Abdullazadənin ifalarında
Üzeyir Hacıbəyli, Niyazi və başqa Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət konsert proqramı təqdim
olundu.
Tədbir iştirakçılarına 30 illik
münasibətilə təkrar nəşr edilmiş “Niyazinin
Mənzil-Muzeyi” bukleti (Azərbaycan, rus və ingilis dillərində)
hədiyyə edildi.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.2.