Kinodakı “qara
qızıl”
“Neft çıxdı!... Əla neftdir! Şokolad
kimi!...”
Azərbaycan kinosunda neft mövzusu yazısı
üçün
düşünürəm... Düşüncələr
fonunda fikrimdə Mikayıl Müşfiqin şeirindən bir sətir
dolanır.... Neft olmasa gəlməz vecə işlər! Həqiqətən
də, bu gün neft olmasa, gəlməz vecə neçə
işlər. Azərbaycanda kinonun yaranması da, sözün həqiqi
mənasında, neft fontanı ilə başlanıb...
1895-ci ildə Avropada (Paris) yaranan kino sənəti az
sonra Azərbaycana da gəlib çıxır. 1898-ci ildə
fotoqraf-kinooperator Aleksandr Mişon “Balaxanı mədənində
neft fontanı” adlı qısa xronika çəkib. Hesab olunur
ki, bu, Azərbaycan kinematoqrafının tarixində və
dünyada neft hasilatına həsr edilmiş ilk filmdir.
A.Mişonun 1898-ci ildə lentə aldığı Azərbaycan
nefti ilə bağlı daha bir qısa film “Bibiheybətdə
yanğın” adlanır.
İki il sonra həmin film Paris Beynəlxalq Sərgisində
təqdim edilir və lentlər də orada qalır. Bu filmin bəzi
kadrları 1995-ci ildə dünya kinosunun 100 illiyi şərəfinə
Fransada göstərilib.
Neftlə bağlı bədii kinoya gəldikdə isə,
bu mövzuda ilk nümunə 1916-cı ildə “Piron
qardaşları” kinostudiyasında yazıçı
İbrahimbəy Musabəyovun
eyniadlı povestinin motivləri əsasında çəkilmiş
“Neft və milyonlar səltənətində” (rejissor Boris
Svetlov) filmidir. Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii
film həmin il Hacı Zeynalabdin Tağıyevin pasajında
(indiki “Köhnə univermaq”) göstərilib.
Bakı neft sahibkarlarının da dəstəyi ilə
çəkilişləri paytaxtımızda və Tiflisdə
aparılmış filmdə XX əsrin əvvəlindəki
Bakı, yerli milyonçuların məişəti və neft
mədənlərində çalışaraq çörəkpulu
qazanan fəhlələrin həyatı təsvir edilir. Onu da
qeyd edək ki, “Neft və milyonlar səltənətində” əsəri
1980-ci ildə yenidən ekranlaşdırılıb və
rejissor Fikrət Əliyevin çəkdiyi “Qızıl
uçurum” melodramı Azərbaycan kinosunun ən yaxşı
nümunələrindən biridir.
Bədii kino ilə bağlı fikrimizi davam etdirməli
olsaq, sovet dövründə Azərbaycan
kinematoqrafçıları neft mövzusuna dəfələrlə
müraciət ediblər. 1940-cı ildə Bakı
neftçilərinin həyatından bəhs edən “Yeni
horizont”, 1950-ci ildə lentə alınan “Bakının
işıqları” bu qəbildəndir. 1950–1960-cı illərdə
Bakı kinostudiyasında neft mövzusunda dörd bədii film
istehsal olunub. Bunlar bu gün də sevilərək baxılan “Bəxtiyar”
(Lətif Səfərov), “Qara daşlar” (Ağarza Quliyev),
“Möcüzələr adası” (Həsən Seyidbəyli) və
“İnsan məskən salır” (Arif Babayev) filmləridir. Bu
filmlərin sırasına daha sonra Arif Babayevin çəkdiyi
“Ömrün ilk saatı”, rejissor Eldar Quliyevin “Sevinc
buxtası” filmləri daxil olur. Birincidə zəhmətkeş
neftçilər sülaləsindən bəhs edilirsə,
ikinci filmdə sovet hakimiyyətinin taleyinin 20-ci illərdə
Bakı neftindən nə qədər asılı olduğu
tarixi faktlarla nümayiş etdirilir. Onu da qeyd edək ki, 1978-ci
ildə “Sevinc buxtası” filminin yaradıcı heyətinə
Azərbaycan SSR Dövlət Mükafatı verilib.
Bakı neftinin və neftçi əməyinin bədii
kinoda təcəssümünü “Bizim Cəbiş müəllim”
(rejissor Həsən Seyidbəyli), “Bakıda küləklər
əsir” (Muxtar Dadaşov), “Qara gölün cəngavərləri”
(Ənvər Əbluc) filmlərində də təsirli ekran təsviri
ilə görürük.
Rejissorlarımız sonralar da neft mövzusuna müraciət
ediblər. 1995-ci ildə ekranlara çıxan “Yük” filmi
Bakı milyonçusu Ağamusa Nağıyevin həyatının
bir günü ərzində başına gələn əhvalatlardan
söhbət açır. Filmin ssenari müəllifi
Şahmar Ələkbərov, rejissoru Rövşən
Almuradlıdır. Baş rolu Əməkdar artist Mirzə
Ağabəyli oynayıb. Onun ifasında Ağamusa
Nağıyev qeyri-adi xarakteri, həyata baxışı,
insanlara yanaşması olan tragikomik obrazdır.
Tamaşaçı təzadlı xasiyyətə malik Bakı
milyonçusunun taleyüklü ömür yoluna nəzər
salır.
Təbii ki, 1898-ci ildə neftlə bağlı
xronikalarla başlayan Azərbaycan kinosunun sənədli filmlər
salnaməsi də ötən onilliklərdə xeyli zənginləşib.
1920-ci illərdə Azərbaycan sovetləşəndən
sonra isə neft mövzusunda bir neçə xronika filmləri
də lentə alınır. Sonrakı illərdə isə bu
mövzuya maraq daha da artır, sənədli kino rejissorları
“Neft simfoniyası”, “Bakı neftçiləri”, “Xəzər
neftçiləri”, “Qaliblər adası” və digər onlarla
sənədli ekran əsərləri ərsəyə gətirirlər.
Bu mənada, məşhur kinorejissor Roman Karmenin də
adını qeyd etmək yerinə düşər. O, “Xəzər
neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər”
kinodilogiyasını neftçilərə həsr edib. Bu iki
filmə görə yaradıcı qrup Lenin mükafatına
layiq görülüb.
Bu gün Azərbaycan Dövlət Film Fondunda neft
mövzusunda onlarla filmlər qorunur. O cümlədən neftdən
bəhs edən ilk filmlərimizi Əməkdar incəsənət
xadimləri Aydın Kazımzadə və Ayaz Salayev Fransa
arxivlərində aşkar ediblər. Paris Kino Arxivindən
Bakıya surətləri çıxarılaraq gətirilmiş
filmlər hazırda Azərbaycan Dövlət Film Fondunda
saxlanılır.
Fondda saxlanılan filmlər sırasında “Əsrin
müqaviləsi” tammetrajlı sənədli filmi (rejissor
Cahangir Zeynallı) də var. Film müstəqil Azərbaycanın
gələcək tarixi üçün böyük önəm
kəsb edən neft müqaviləsinin hazırlanması,
imzalanması və həyata keçirilməsində Ulu
öndər Heydər Əliyevin müstəsna xidmətlərini
diqqətə çatdırır.
2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi
ilə Bakı Media Mərkəzinin çəkdiyi “Hədəf
Bakıdır. Hitler neft uğrunda döyüşü necə
uduzdu” sənədli filmi (layihə rəhbəri Arzu
Əliyeva) də yeni dövr Azərbaycan kinosunun bu mövzuda
dəyərli nümunəsidir. Filmdə II Dünya müharibəsinin
tarixinə tamamilə yeni baxış bucağından – neft
uğrunda savaş prizmasından baxılır.
... Adını çəkdiyimiz və çəkmədiyimiz
neft mövzulu filmlər Azərbaycanda bu sahənin yüz ildən
artıq bir dövrdə mədəniyyətlə, sənətlə,
kino ilə nə dərəcədə sıx bağlı
olduğunu göstərir. Azərbaycanı haqlı olaraq neft
hasilatı mövzusunda ən çox və ən
yaxşı filmlər çəkilmiş ölkə hesab
edirlər...
Lalə Azəri
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.6.