“Qəlbimdəki
şair” – Berlində Məhəmməd Füzulinin yubiley gecəsi
Dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin (1494–1556) 530 illik yubileyi münasibətilə
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində
“Qəlbimdəki şair” (“Der Poet in mir”) adlı tədbir
keçirilib.
Şairin 530 illiyi haqqında ölkə
başçısının sərəncamına əsasən
təşkil olunan tədbirdə Almaniya dövlət
qurumlarının nümayəndələri, diplomatlar, mədəniyyət
xadimləri, azərbaycanlı, türk və digər dost
icmaların üzvləri iştirak ediblər.
Ölkəmizin Almaniyadakı səfiri Nəsimi
Ağayev çıxış edərək mütəfəkkir
şairin Azərbaycan və dünya ədəbiyyatına
töhfələrindən söz açıb.
Diplomat səfirliyin təşəbbüsü ilə
Füzulinin 530 illik yubileyi münasibətilə Almaniyada
poçt markasının buraxıldığını da
deyib.
Almaniyalı şərqşünas-alim Mixael Raynhard
Hess mütəfəkkir şair Məhəmməd Füzulinin
Azərbaycan, ərəb və fars dillərində qələmə
aldığı əsərlərin Yaxın və Orta Şərq
ölkələri ədəbiyyatına mühüm təsir
göstərdiyini vurğulayıb. Əsərlərində həyata,
insana dərin məhəbbət aşılayan, daim gözəllik
duyğusu və ülvi ideallarla yaşamağa
çağıran Füzulinin dünya klassik mütəfəkkirləri
ilə eyni sırada yer aldığını qeyd edib.
Çıxışlardan sonra Almaniyada yaşayan və
fəaliyyət göstərən soydaşımız Tural
İsmayılovun rəhbəri olduğu “Anima Şirvani”
ansamblının konserti olub. Konsertdə Azərbaycan
muğamı və xalq mahnıları klassik alman və ingilis
barokko musiqisi ilə vəhdət şəklində təqdim
olunub. Naibə Tural və Aydın Həbibov Füzulinin
şeirlərini qiraət ediblər.
Konsert alqışlarla qarşılanıb.
Sonda tədbir iştirakçılarına Azərbaycan
mətbəxinin təamları təqdim olunub.
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.1;3.