Üzeyir Hacıbəyli
festivalı 10 ölkə musiqiçilərini bir araya gətirib
Sentyabrın 18-də M.Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli
XVI Beynəlxalq Musiqi Festivalının açılış
mərasimi keçirildi.
Əvvəlcə qonaqlar Mədəniyyət üzrə
Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən
filarmoniyanın foyesində təşkil edilən “Mədəniyyətimiz
naxışların izi ilə” adlı sərgi ilə
tanış oldular.
Sərgidə bir sıra görkəmli bəstəkarlarımızın
xalça üzərində portretləri, milli musiqi alətlərimizin
əks olunduğu rəsmlər və digər əl işləri
nümayiş etdirilir. Qeyd edək ki, “Mədəniyyətimiz
naxışların izi ilə” sərgisi festival boyu –
sentyabrın 28-dək ziyarətçilər üçün
açıq olacaq.
***
Filarmoniyanın zalında davam edən mərasimdə
səhnəyə çıxan mədəniyyət nazirinin
müavini Səadət Yusifova Üzeyir bəyin sənət
işığına yığışan hər kəsi
salamladı. Dedi ki, bu gün adını Azərbaycanın
musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə
yazdırmış dahi bəstəkar, musiqişünas,
pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan
olmasının 139-cu ildönümüdür. 18 sentyabr həm
də böyük bəstəkarın şərəfinə
ölkəmizdə Milli Musiqi Günüdür. Bu gün
1995-ci il sentyabrın 18-də Ümummilli lider Heydər
Əliyevin imzaladığı fərmana əsasən hər
il təntənə ilə, çoxsaylı tədbirlərlə
qeyd olunur. Bu tədbirlərin ən əhəmiyyətlisi isə
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 2009-cu ildən keçirilən Üzeyir Hacıbəyli
adına Beynəlxalq Musiqi Festivalıdır. Musiqi bayramı
bu il 16-cı dəfə gerçəkləşir.
Diqqətə çatdırıldı ki, budəfəki
festivala ABŞ, Almaniya, Xorvatiya, Avstriya, Türkiyə, Rusiya,
Koreya, İspaniya, Braziliya və digər ölkələrdən
solist və bədii kollektivlər dəvət olunub.
Qeyd olundu ki, 18–28 sentyabr tarixlərini əhatə edən
festivalın proqramı üzrə Bakı ilə
yanaşı, Şuşa, Gəncə, Şəmkir, Lənkəran
və Naxçıvanda silsilə tədbirlər keçiriləcək.
Bu sıraya açıq və qapalı məkanlarda konsertlər,
tamaşalar, sərgilər və s. daxildir. Festival çərçivəsində
Azərbaycan Milli Konservatoriyasında UNESCO nəzdində fəaliyyət
göstərən Ənənəvi Musiqi və Rəqs
üzrə Beynəlxalq Şuranın (ICTMD) simpoziumu da təşkil
olunub.
Nazir müavini söylədi ki, ənənəvi
festivalın ən önəmli məqamı isə 2021-ci ildən
onun xəritəsinə mədəniyyət paytaxtımız,
Üzeyir bəyin doğma yurdu Şuşa şəhərinin
də əlavə olunmasıdır: “Builki festivalda da
Şuşa şəhərində tədbirlər nəzərdə
tutulub. Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrı kollektivinin ifasında Üzeyir Hacıbəylinin
yaratdığı ilk muğam operası – “Leyli və Məcnun”un
tamaşası nümayiş olunacaq. Şuşada doğulan
görkəmli bəstəkarımız, Xalq artisti Süleyman
Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert də
keçiriləcək. Əminik ki, Üzeyir Hacıbəyli
XVI Beynəlxalq Musiqi Festivalı da musiqisevərlərin
zövqünü oxşayacaq, qəlblərində silinməz
izlər qoyacaq. Üzeyir Hacıbəylinin sənəti
tarixi-mədəni irsimizin ayrılmaz bir parçası kimi
daim öz dəyərini qoruyub saxlayacaq”.
***
Daha sonra konsert proqramı təqdim olundu.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestri (bədii rəhbər və baş dirijor:
Əməkdar artist Fuad İbrahimov), Azərbaycan Dövlət
Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı
İmanova), Xalq artisti Ülviyyə Hacıbəyova (piano),
Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə
Babayeva (soprano), respublika və beynəlxalq müsabiqələr
laureatı Mahir Tağızadə (bariton)
çıxış etdilər.
Proqramda Ü.Hacıbəylinin “Koroğlu”
operasından “Uvertüra”, “Firuzə” operasından “Firuzənin
ariyası”, xor və orkestr üçün “Bahar nəğməsi”,
bariton, xor və orkestr üçün “Kantata”, “Milli
marş”, S.Ələsgərovun səs və orkestr
üçün “Eşq olsun sənətkara” balladası,
M.Mirzəyevin “Böyük ustada ithaf” poeması,
İ.Hacıbəyovun piano və orkestr üçün “Cəngi”
rapsodiyası, Ə.Cavidin Üzeyir bəyə ithaf olunmuş
9 variasiya (orkestr üçün işləyəni Ayaz Qəmbərli),
F.Əmirovun “Üzeyir Hacıbəyliyə ithaf”,
V.Allahverdiyevin “Aşıqsayağı” (Üzeyir bəyə
ithaf) və S.Hacıbəyovun “Karvan” simfonik lövhəsi səsləndirildi.
Möhtəşəm gecədə ifa olunan hər bir
əsər adını Azərbaycanın mədəniyyət
salnaməsinə qızıl hərflərlə yazdıran
şəxsiyyətin əziz xatirəsinə ehtiramın ifadəsi
kimi yaddaşlara köçdü. Bütün
çıxışlar gurultulu alqışlarla
qarşılandı.
Nurəddin
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.1;3.