18 sentyabr – Üzeyir
adı ilə şərəflənən gün
Sentyabrın 18-də adını Azərbaycanın
musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə
yazdırmış dahi bəstəkar, musiqişünas,
pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin
(1885–1948) anadan olmasının 139-cu ildönümü tamam
oldu. 1995-ci ildə Ulu öndər
Heydər Əliyev Üzeyir Hacıbəylinin “Azərbaycan
musiqi sənətinin inkişafında misilsiz xidmətlərini
nəzərə alaraq və böyük sənətkara xalq
ehtiramını və məhəbbətini təcəssüm
etdirmək məqsədilə” bu tarixin “Üzeyir musiqi
günü” kimi qeyd olunması haqqında fərman
imzalayıb.
Dahi bəstəkarın məzarı önündə
Mədəniyyət tariximizin bu əlamətdar
gününün tədbirlər silsiləsi ənənəvi
olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının
ziyarət olunması ilə başlanıb. Mərasimdə Mədəniyyət
Nazirliyinin rəsmiləri, mədəniyyət xadimləri
iştirak ediblər. Dahi bəstəkarın məzarı
üstünə əklil qoyulub, tər çiçəklər
düzülüb.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov
mərasimə toplaşanları milli musiqimizin bayramı
münasibətilə təbrik edib. Bildirib ki, hər il
olduğu kimi, bu il də Üzeyir Hacıbəylinin doğum
günü – Milli Musiqi Günü ilə bağlı ölkəmizdə
silsilə tədbirlər keçirilir, bəstəkarın mədəniyyətimiz
qarşısında misilsiz xidmətləri minnətdarlıqla
yada salınır. Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkil etdiyi ənənəvi Üzeyir
Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bu il də
zəngin proqramı var.
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli
xalqımızın ölməz sənətkarları
arasında Üzeyir Hacıbəylinin xüsusi yeri olduğunu
bildirib: “Üzeyir Hacıbəyli elə bir şəxsiyyətdir
ki, məhz onun sayəsində Azərbaycan musiqisində tarixi
bir dövr başlandı, klassik musiqi sənətimizin təməli
qoyuldu, yeni musiqi janrları yarandı. O, milli musiqimizi dünya
səviyyəsinə qaldıra bildi”.
Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq
artisti Siyavuş Kərimi də Üzeyir bəyin ölməz
yaradıcılığından söz açıb. Deyib ki,
onun əsasını qoyduğu təhsil sistemi ilə Azərbaycanın
musiqi mədəniyyətinə böyük sənətkarlar
bəxş olunub.
Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin
direktoru Xalq artisti Sərdar Fərəcov, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
rektoru professor Ceyran Mahmudova və başqa
çıxış edənlər böyük şəxsiyyətin
mədəniyyət salnaməmizdə silinməz iz qoyan
çoxşaxəli fəaliyyətindən bəhs ediblər.
Çıxışlardan sonra mərasim
iştirakçıları I Fəxri xiyabanda uyuyan Azərbaycan
musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov,
Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm
Maqomayevin də məzarlarını ziyarət ediblər.
Mərasim iştirakçıları Ümummilli
lider, mədəniyyətimizin böyük hamisi Heydər
Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsini ehtiramla anaraq məzarları
üzərinə tər çiçək dəstələri
düzüblər.
Milli Konservatoriyada
Milli Musiqi Gününün növbəti ənənəvi
tədbiri Azərbaycan Milli Konservatoriyasında (AMK)
keçirilib.
Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi
çıxışında Üzeyir Hacıbəylinin
adı ilə bağlı olan əlamətdar günün əhəmiyyətindən,
dahi bəstəkarın Azərbaycan musiqisinin
inkişafında göstərdiyi xidmətlərdən
danışıb: “Biz hər zaman Üzeyir bəyin xatirəsini
əziz tutacaq, musiqimizin inkişafındakı xidmətlərini
minnətdarlıqla qeyd edəcəyik. Musiqi bayramımız
mübarək olsun”.
Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad
Bədəlbəyli də Üzeyir Hacıbəyli kimi dahisi
olan xalqın xoşbəxt xalq olduğunu deyib.
Sonra musiqi proqramı təqdim edilib. AMK-nın tələbələrindən
ibarət xalq çalğı alətləri orkestrinin
müşayiəti ilə xanəndələr Xəyal
Hüseynov, Gülzar Fərəcova və Güllü
Muradovanın ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
Bakı Musiqi Akademiyasında
Milli Musiqi Gününün daha bir tədbiri Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA)
gerçəkləşib.
BMA-nın rektoru Fərhad Bədəlbəyli
çıxış edərək bildirib ki, bu gün musiqi
xadimlərmiz Üzeyir bəyin açdığı sənət
yolu ilə addımlayırlar: “Xoşbəxtik ki, onun
adını daşıyan təhsil ocağında
çalışırıq. Məzunlarımız
bütün dünyada uğurla çıxış edirlər.
Bütün uğurlarımız Üzeyir bəyin adı ilə
bağlıdır”.
BMA-nın kafedra müdiri Xalq artisti Xuraman Qasımova
Üzeyir Hacıbəylinin ata yurdu azad Şuşada
böyük festivalların keçirildiyini söyləyib:
“Bizə bu xoşbəxtliyi yaşatdığına görə
Prezident İlham Əliyevə təşəkkür edirik”.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov
dahi bəstəkarın musiqi mədəniyyətimizin tarixindəki
rolundan danışıb. Bildirib ki, Üzeyir Hacıbəyli
musiqisinin şöhrəti bir əsrdən çoxdur ki,
dünyanı dolaşır, mötəbər səhnələrdə
səsləndirilir, rəğbətlə
qarşılanır.
BMA-nın kafedra müdiri filologiya elmləri doktoru,
professor Tərlan Quliyev bu il anadan olmasının 530 illiyi qeyd
edilən dahi şair və mütəfəkkir Məhəmməd
Füzulinin yaradıcılığından nümunə səsləndirib.
Sonra BMA-nın qarşısında Üzeyir bəyin
abidəsi ətrafında konsert proqramı təqdim olunub.
Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi
Hərbi Orkestri (bədii rəhbər və dirijor: Əməkdar
incəsənət xadimi, polkovnik Rüfət Axundzadə), Azərbaycan
Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti
Gülbacı İmanova), Əməkdar artist Xəyyam
Mustafazadə, solistlər Aynur İsgəndərli, Kənan Qədimov
çıxış ediblər.
Ü.Hacıbəylinin “Koroğlu” operasından “Rəqs”,
“Ey Vətən”, M.Maqomayevin “Odlar yurdu”, F.Bədəlbəylinin
“Anamız Azərbaycan”, R.Axundzadənin “Qələbə
marşı” əsərləri və “Heyratı” zərbi
muğamı səsləndirilib.
N.Məmmədli
Mədəniyyət .- 2024.- 20 sentyabr (¹70).- S.3.