Bölgələrdə festival
havası
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə 18-28
sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli
XVI Beynəlxalq Musiqi Festivalı paytaxtla yanaşı, bir
sıra bölgələrdə də maraqlı tədbir və
konsertlərlə davam edir.
“Leyli və Məcnun” Şuşada ilk dəfə
nümayiş olunub
Festival çərçivəsində sentyabrın
21-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”
operası ilk dəfə tam şəkildə nümayiş
olunub.
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının Simfonik orkestri və xorunun ifasında dahi bəstəkarın
ata yurdundakı heykəli qarşısında təqdim olunan
tamaşa böyük maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar
incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət
xadimi Sevil Hacıyeva, xormeysterləri Sevzixan Serderov və
Zöhrə Həşimovadır.
Rolları Əməkdar artistlər Arzu Əliyeva
(Leyli), Elnur Zeynalov (Məcnun), Cahangir Qurbanov (Nofəl), Təyyar
Bayramov (İbn Salam), həmçinin Aytən Məhərrəmova
(Leylinin anası), Afaq Ağayeva (Məcnunun anası), Taleh Yəhyayev
(Leylinin atası), Mütəllim Dəmirov (Məcnunun
atası) və Nəzər Bəylərov (Zeyd) ifa ediblər.
Rejissor Hafiz Quliyev bildirib ki, “Leyli və Məcnun”
operası indiyədək Şuşada tam şəkildə
göstərilməyib. Açıq havada nümayiş olunan
tamaşanın müddəti 1 saat 35 dəqiqə təşkil
edib. Pərdələrin olmaması səbəbindən
tamaşa cüzi ixtisar edilib.
Gəncə
Sentyabrın 19-da Fikrət Əmirov adına Gəncə
Dövlət Filarmoniyasında tanınmış rusiyalı
pianoçular, beynəlxalq müsabiqələr laureatları
Daniil Kirillov və Anna Rasinanın təqdimatında “Universum”
adlı konsert proqramı keçirilib.Gəncədə ilk dəfə
çıxış edən musiqiçilər
V.A.Motsartın “Sehrli fleyta” operasından uvertüra, fortepiano
üçün sonata, İ.S.Baxın “Jesus bleibet meine Freude”
və “Shafe können, Sicher weiden” xor prelüdləri,
L.Bethovenin “Ich denke dein” mövzusunda 6 variasiya, P.Maskanyinin “Kənd
namusu” operasından intermezzo, F.Mendelsonun “Bir yay gecəsi
yuxusu”ndan skertso, S.Raxmaninovun 4 pyesini ifa ediblər.
Gəncə Dövlət Filarmoniyasında
festivalın daha bir konserti sentyabrın 23-də gerçəkləşib.
“Ruhun qidası” adlı konsertdə respublika və beynəlxalq
müsabiqələr laureatları – gənc kamança
ifaçısı, Prezident təqaüdçüsü Mədinə
Şahgəldiyeva və gənc pianoçu Nərmin Rzayeva
tamaşaçılar qarşısında
çıxış ediblər.
Gecədə Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından “Cəngi”, “Şur” muğamı, Sevda
İbrahimovanın “Məhəbbət işığı”
pyesi, L.Bethovenin sonata, Bela Bartokun “6 rumın rəqsi”, Tural Məmmədlinin
“Tənha yolçu”, Dadaş Dadaşovun “Mədinənin
sehrli kamanı” əsərləri səsləndirilib.
Bütün musiqi nömrələri
tamaşaçıların ruhunu oxşayıb.
Qəbələ
Sentyabrın 21-də Bakı Kamera Orkestrinin Qəbələ
Rayon Mədəniyyət Mərkəzində konserti
keçirilib. Orkestrin bədii rəhbəri Xalq artisti Fərhad
Bədəlbəyli, baş dirijoru Əməkdar artist Fuad
İbrahimovdur.Orkestrin təqdim etdiyi konsertdə solistlər –
Xalq artistləri Yeganə Axundova (piano), Gülnaz
İsmayılova (soprano), həmçinin Nəzrin Aslanlı
(violin), Mahir Tağızadə (bariton) və Qəmər Kərimlinin
(violin) ifasında Avropa və Azərbaycan bəstəkarlarının
əsərləri səsləndirilib. Konsert musiqisevərlər
tərəfindən alqışlarla qarşılanıb.
Lənkəran
Festival çərçivəsində sentyabrın
20-də Lənkəran Dövlət Universitetinin (LDU) akt
zalında tanınmış bəstəkar, violin
ifaçısı, Əməkdar artist Fərhəng
Hüseynovun (1949 –2010) 75 illik yubileyinə həsr olunmuş
görüş-konsert keçirilib.
Almaniyanın “Les Essens” simli kvarteti (Öndər
Baloğlu (bədii rəhbər), Adamek Bianka, Odysseas Lavaris,
Diego Hernandez Suarez) universitetin professor-müəllim və tələbə
heyəti qarşısında maraqlı konsert proqramı ilə
çıxış edib.
Proqramda Azərbaycan və dünya bəstəkarlarının
əsərlərindən parçalar yer alıb.
Musiqiçilərin ifası, maraqlı repertuar seçimi
tamaşaçıların ürəyincə olub,
alqışlarla qarşılanıb.
LDU-nun rektoru professor Natiq İbrahimov kvartetin üzvləri
ilə görüşüb. Maraqlı konsertə görə
heyətə təşəkkürünü bildirib, xatirə
hədiyyəsi təqdim edib.
Şəmkir
Sentyabrın 22-də Şəmkir Alman Lüteran Kilsəsinin
səhnəsində Fikrət Əmirov adına Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının (bədii
rəhbər Xalq artisti Ağaverdi Paşayev) xor qrupunun konserti
keçirilib.
Xormeyster, Əməkdar artist Naala Baratelianın rəhbərliyi,
konsertmeysterlər Lalə Bağırzadə və Fərdin
İlham Məhəmmədzadə, Əməkdar artist Xəyyam
Məmmədov (kamança), Emin Eminli (tar), Cəfər Həsənovun
(nağara) müşayiəti ilə solistlər Orxan
Əlizadə, Səbinə Əlizadə, Zəminə
Ağayeva və Şahnaz Əliyeva öz ifalarını təqdim
ediblər.
Proqramda Cahangir Cahangirovun “Əzmə tağları”,
“Cənnətim Qarabağ”, “Durnalar” (xor üçün
işləyəni Aidə Hüseynova), Asəf
Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Kürd
ovşarı” simfonik muğamının xor üçün
işlənməsi (Vaxtanq İmanov), “Mən səni araram”,
Tofiq Quliyevin “Lirik mahnı”, “Tez gəl”, “İlk bahar” əsərləri
ifa olunub.
Musiqi axşamında həmçinin Azərbaycan xalq
mahnılarına da yer verilib. “Laçın”, “Qalanın dibində
bir quş olaydım”, “Bağa girdim üzümə”, “Oyna,
yar” (xor üçün işləyəni Vaqif Məstanov),
“Aman, nənə” (xor üçün işləyəni Qalib
Məmmədov), “Basma, basma tağları” (xor
üçün işləyəni İbrahim İsmayılov)
və “Nə baxırsan?” (xor üçün işləyəni
Nazim Məlikov) mahnıları konsertə əlavə rəng
qatıb. Bütün ifalar alqışlarla
qarşılanıb.
Naxçıvan
Festival çərçivəsində sentyabrın
23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə Heydər
Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti
Ramiz Mirişlinin (1934–2015) 90 illik yubileyinə həsr
olunmuş konsert keçirilib.
Ü.Hacıbəylinin “Koroğlu” operasından
“Uvertüra” ilə başlayan konsertdə Gəncə Dövlət
Filarmoniyasının solistləri – Əməkdar mədəniyyət
işçisi Mehparə Cəfərova, Əməkdar artist
Tural Abdullayev R.Mirişlinin “Dalğalar”, “Bir xumar
baxışla”, “Vətənimsən” mahnılarını ifa
ediblər.
Naxçıvan Dövlət Filarmoniyasının
solistləri NMR-in Əməkdar artisti Ruhiyyə Hüseynova,
Prezident mükafatçıları İsrafil Qibləliyev, Cəfər
Tağıyev, Nərmin Hüseynova, İlkin Abdullayev
“Naxçıvan təranələri”, “İlhama gəldi”, “Səadət”,
“Sevdalandım yaz gəlincə”, “Həyat, söylə, sən
kiminsən?” və digər mahnılarla
tamaşaçıların zövqünü
oxşayıblar.
Solistləri Naxçıvan filarmoniyasının
simfonik orkestri, mahnı və rəqs ansamblı müşayiət
edib. Dirijorlar Cahangir Qurbanov və Elvin Əliyarov, ansamblın
bədii rəhbəri Əməkdar artist Zeynalabdin Babayevdir.
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.4.