“Qərbi Azərbaycan
incəsənəti” – elmi konfrans
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun təşkilatçılığı ilə
“Qərbi Azərbaycan incəsənəti” mövzusunda
respublika elmi konfransı keçirilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü
Ərtegin Salamzadə bildirib ki, konfransın məqsədi Qərbi
Azərbaycanın incəsənəti və mədəni irsi
mövzusunda elmi tədqiqatların artırılmasına,
tarixi həqiqətlərin araşdırılması və təbliğinə
töhfə verməkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin
çağırışlarına uyğun olaraq, AMEA-nın
bir sıra müəssisələrində Qərbi Azərbaycanla
bağlı şöbələrin
yaradıldığını deyən Ə.Salamzadə bu
istiqamətdə fundamental tədqiqatlar
aparıldığını, Qərbi Azərbaycanda
soydaşlarımızın yaratdığı tarixi-mədəni
irsin öyrənilməsi və təbliği istiqamətində
önəmli nəticələr əldə edildiyini, kitablar nəşr
olunduğunu diqqətə çatdırıb.
Sonra Qərbi Azərbaycan İcması idarə heyətinin
sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli
çıxışında Qərbi Azərbaycanın son 200
illik tarixi xronikasına nəzər salıb, tarixi həqiqətlərlə
bağlı kitabların müxtəlif dillərə tərcümə
və nəşrinin önəmini vurğulayıb, elm
adamlarını bu işdə fəal olmağa səsləyib.
Daha sonra Ərtegin Salamzadə “İrəvan Sərdarı
sarayının memarlığı və bədii tərtibatı”
mövzusunda məruzəsini təqdim edib. Məruzəçi
bildirib ki, Qərbi Azərbaycan ərazisində tarixən
mövcud olmuş nadir sənət abidələrimiz ermənilər
tərəfindən dağıdılaraq misli görünməmiş
vandalizmə uğrayıb. Məhv edilən abidələr
içərisində Azərbaycan memarlığının
şah əsərlərindən olan İrəvan Sərdar
sarayı da var. İrəvan sarayı memarlıq üslubu, bədii
tərtibatı, güzgülü salonu, divar rəsmləri ilə
seçilib, şəbəkə kompozisiyası cəhətdən
Şəki xan sarayının interyerinə bənzəyib.
Konfransda “Qərbi Azərbaycanın dini abidələrinin
bədii-texnoloji xüsusiyyətləri”, “Tarixi qürur və
təəssüf doğuran İrəvan Azərbaycan
teatrı”, “Qərbi Azərbaycan təsviri sənətinin
üç nəsli” və digər mövzularda da məruzələr
dinlənilib.
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.4.