İllər öncə qəzetlər
nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (26)
Yazıçı və zaman, ədəbiyyat və
dövran... Bu ikiliklər əsrlərlə bir-biri ilə
içi-içə, yan-yana, bəzən də
qarşı-qarşıya olub. Ötən yüzillikdə
dövrün, zamanın siyasi aşırımlarından
keçmiş Azərbaycan ədəbiyyatının tarixi də
buna nümunədir. Bu il Azərbaycan yazıçılarının
bir ittifaqda təşkilatlanmasının 90 illiyidir. Bunun 60 ilə
yaxını sovet dövründə keçib. 40 il əvvəl
Azərbaycan yazıçıları həm respublika təşkilatının,
həm də SSRİ Yazıçılar
İttifaqının yarıməsrlik yubileyini təntənə
ilə, yaradıcılıq raportları ilə qeyd
etmişdilər. O dövrdən mətbu səhifələrdə
nələr qalıb?
Mətbuat xronikasından bu dəfə həmin səhifələrdən
birinə nəzər salırıq. SSRİ
Yazıçılar İttifaqı idarə heyətinin yubiley
plenumundan şair və yazıçılarımızın təəssüratı...
Dövrümüzə, xalqımıza layiq əsərlər
yaratmalı
Vaxt çox sürətlə keçir. Bizi
1934-cü ilin uzaq avqust günlərindən,
yazıçıların birinci Ümumittifaq
qurultayının toplaşdığı vaxtdan yarıməsrlik
bir dövr ayırır. Bu müddətdə ölkənin və
xalqın həyatında çox böyük dəyişikliklər
baş vermiş, sovet ədəbiyyatı nəhəng yol
keçmişdir. Mənə isə elə gəlir ki,
bütün bunlar sanki dünən olmuşdur. Xəyalımda
İttifaqlar Evinin sütunlu salonu, tribunada Aleksey Maksimoviç
Qorki ilə, Mixail Şoloxovla, Aleksandr Fadeyevlə
görüşlər, yanaşı dayanmış dostlarım
Cəfər Cabbarlı, Səməd Vurğun... canlanır.
Mən bütün bunları Kremldə, SSRİ
Yazıçılar İttifaqı idarə heyətinin yubiley
plenumunda, Sov. İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət
Heyətinin sədri K.U.Çernenko yoldaşın nitqini dinləyərkən
xatırladım.
Bu çıxış ədəbiyyatımızın
və incəsənətimizin müqəddəratına, cəmiyyətin
həyatında onların yüksək roluna Kommunist
Partiyasının və Sovet dövlətinin necə
böyük, həqiqətən atalıq qayğısı ilə
aşılanmışdır. O, sovet mədəniyyətinin
xadimləri qarşısında necə qlobal, çox
mühüm vəzifələr irəli sürür.
Yazıçılar İttifaqının “Xalqlar
dostluğu” ordeni ilə təltif edilməsi çoxmillətli
sovetlər ölkəsi ədəbiyyatının diqqətəlayiq
xidmətlərinə yeni sübut olmuşdur. Ümumi əməyimizin
yüksək qiymətləndirilməsi qəlbimi minnətdarlıq
və iftixar hissilə coşdurur, qüvvəmi
artırır. Mən indi ömrümün səkkizinci
onilliyini yaşayıram, lakin bu gün tamamilə gümrah və
nikbinəm. Yenə bütün
yaradıcılığımı həsr etdiyim
başlıca mövzuda – Vətən, partiya, sülh
haqqında şeirlər yazıram.
Süleyman Rüstəm
Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı
***
50 il əvvəl SSRİ Yazıçılar
İttifaqının I qurultayı olmuşdur. Bu böyük
tarixi hadisə idi. Bu, sovet yazıçılarının
yaradıcılıq fəaliyyətini istiqamətləndirən,
partiyanın ədəbiyyat qarşısında qoyduğu
elmi-nəzəri, ictimai-siyasi problemləri dəqiq müəyyənləşdirən,
sosialist realizminin əsas prinsiplərini elan edən qurultay idi.
Sənətkar hansı mövzuda – müasir və ya
tarixi, daxili və ya beynəlxalq mövzuda yazırsa
yazsın, hansı janrda işləyirsə işləsin, onun
əməyinin ictimai dəyəri, hər şeydən əvvəl,
tutduğu və bərqərar etdiyi fəal ideya-siyasi
dünyagörüşü mövqeyi ilə müəyyən
edilir.
Biz kiçik şeirdən, qısa hekayədən
tutmuş poemalara, romanlara qədər bütün əsərlərimizdə
partiyanın bu çağırışlarının bədii-estetik
həllinə nail olmalıyıq. Biz yazıçılar
xalqımızın gözəl ənənələrini
qorumalı, sovet adamlarının hünər salnamələrini
bədii əsərlərdə nəsillərə ərməğan
verməliyik.
Bayram Bayramov
yazıçı
***
Yazıçılar İttifaqının əlli
yaşı tamam olmuşdur. Bu, adicə tarix deyil, ilk sosialist
dövlətinin bədii salnaməsinin yubileyidir.
K.U.Çernenko yoldaş bizim yaradıcı əməyimizə
yüksək qiymət verərək demişdir: “Bu, elə bir
ədəbiyyatdır ki, onun həyatı xalqın,
partiyanın və ölkənin həyatından
ayrılmazdır”.
Məhz bu ayrılmazlıq, bu Lenin birliyi formaca milli, məzmunca
sosialist sovet ədəbiyyatını irəlilətmiş,
ucaltmış, zamanın ən qabaqcıl ədəbiyyatı
kimi tanıtmışdır. Qorkidən, Mayakovskidən
başlanan, milli qaynaqlardan su içən sovet ədəbiyyatı
ilə indi dünyanın bütün mütərəqqi yazıçıları düzlənirlər.
Yarım əsr əvvəl elan edilən sosialist realizmi metodu
bayrağı altında yaradılan sənət incilərinin
bir çoxu dünya klassikası xəzinəsinə daxil
olmuşdur.
Böyük Qorkinin “Mədəniyyət ustaları,
siz kiminləsiniz?” sual-çağırışının əsl
cavabı biz yazıçıların, o cümlədən
bütün incəsənət işçilərinin partiya
ilə, xalq ilə bugünkü doğmalığı və
birliyidir. Biz partiyamızın leninçi Mərkəzi Komitəsini
əmin edirik ki, yaradıcılıq ilhamımıza qanad verən
bu müqəddəs doğmalığı və pozulmaz
birliyi gələcəkdə daha da möhkəmlədəcəyik.
İsa Hüseynov
Əməkdar incəsənət xadimi
“Kommunist“ qəzeti, 27 sentyabr 1984-cü il
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.6.