TÜRKSOY-un Opera Günlərində Şəfiqə Axundovaya həsr olunmuş qala-konsert

 

Sentyabrın 25-də Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində müsəlman Şərqində opera yazmış ilk qadın bəstəkar Şəfiqə Axundovanın (1924–2013) 100 illiyinə həsr olunmuş qala-konsert keçirilib. Konsert Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un XXV Opera Günləri çərçivəsində təşkil olunub.

Qeyd edək ki, TÜRKSOY-un Opera Günləri layihəsi 1994-cü ildən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Şimali Kipr Türk Cümhuriyyəti aidiyyəti nazirliyinin himayəsi, TÜRKSOY və Türkiyə Cümhuriyyəti Dövlət Opera və Balet Baş Müdirliyinin işbirliyi ilə gerçəkləşir. Builki Opera Günlərinin Şimali Kiprin ilk qadın bəstəkarı Kamran Əzizə ithaf edilən iki konserti 19-20 sentyabrda ŞKTC-də Bellapais monastırında və Qazimağusada Otello qalasında keçirilib.

Ankara Dövlət Opera və Balet Teatrındakı bağlanış konserti isə Azərbaycanın görkəmli bəstəkarı Şəfiqə Axundovaya ithaf olunub. Konsertin təşkilinə ölkəmizin Ankaradakı səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də dəstək göstərib.

Konsertdən əvvəl çıxış edənlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un türk dövlətlərinin mədəniyyət, o cümlədən opera sənəti sahəsində birgə proqram və layihələrinin əhəmiyyətini vurğulayıblar. Bəstəkar Şəfiqə Axundovanın irsinin bütün Türk dünyasının ortaq irsi olduğu qeyd edilib.

Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Şimali Kiprin opera müğənniləri çıxış ediblər.

Azərbaycan opera sənətini bariton Anton Ferstandt, mezzo-soprano Nina Makarova və tenor Xosrov Hakan Əmiri təmsil edib. Onların ifasında Ü.Hacıbəylinin “Sənsiz” romansı, J.Bizenin “Karmen” və C.Verdinin “Traviata” operalarından ariyalar alqışlarla qarşılanıb.

Teatrın foyesində türk dövlətlərinin mədəni irsinə dair fotosərgi təşkil olunub.

 

***

Qeyd edək ki, sentyabrın 25-də Ankarada, TÜRKSOY-un binasında təşkilata üzv ölkələrin Opera və Balet Teatrları Direktorlar Şurasının üçüncü iclası da keçirilib. İclasda Türkiyə Dövlət Opera və Balet Teatrının baş direktoru Tan Sağtürk, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Abay adına Qazaxıstan Milli Opera və Balet Teatrının rəhbəri Aynur Kopbasarova, Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının direktor müavini Cəmilə Tulyayeva, Əlişir Nəvai adına Özbəkistan Böyük Dövlət Akademik Teatrının direktoru Ramiz Usmanov, ŞKTC Opera və Balet üzrə Dövlət Koordinasiya Mərkəzinin nümayəndəsi Tuğrul Enver Töre çıxış ediblər.

 

Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.2.