Astanada bizim “Zaman” –
etno-caz konserti
Qazaxıstanın paytaxtı Astanada keçirilən
Azərbaycan Mədəniyyəti Günlərində musiqi sənətimizin
zənginliyi də təqdim olunub.
Sentyabrın 24-də K.Kuanışbayev adına Qazax
Milli Musiqili Dram Teatrında “Zaman” qrupunun iştirakı ilə
etno-caz konserti keçirilib.
Konsertdən öncə çıxış edən
qrupun rəhbəri Vasif Hüseyn diqqətə
çatdırıb ki, Azərbaycanda musiqinin müxtəlif
növləri, o cümlədən caz musiqisi zəngin
inkişaf yolu keçib. Azərbaycan caz sənətinin əfsanəsi
sayılan bəstəkar Vaqif Mustafazadə (1940–1979) bu sahədə
böyük iz qoyub. O, muğamlarımızı caz
texnikası ilə birləşdirərək caz-muğam kimi
yeni bir musiqi janrı yaradıb. Bu gün də bir çox
musiqiçilər öz ifalarında Vaqif Mustafazadənin
yaratdığı caz-muğamın sintezindən istifadə
edirlər. Eyni zamanda ölkəmizdə ento-caz da müxtəlif
çalarları ilə inkişaf edir.
“Zaman” qrupu barədə məlumat verən Vasif
Hüseyn bildirib ki, bu qrupu yaratmaq istəyi milli musiqi alətlərimizə
olan maraq və sevgi ilə bağlıdır. Qrupda Azərbaycanın
qədim musiqi alətlərindən balaban, tütək, zurna və
s. çox istifadə edirik. Bacardığımız qədər
milli musiqi alətlərinin xarakterini olduğu kimi saxlayır və
yeri gələndə Qərb alətləri ilə sintez
edirik.
Konsertdə “Zaman” qrupu (Saleh Məmmədov – bas-gitara,
Eyvaz Həşimov – zərb alətləri, Fəqan Rəhmanoğlu
– nəfəs alətləri) və pianoçu, bəstəkar
Vasif Hüseyn maraqlı proqramla çıxış edib.
Proqramda V.Hüseynin “Biri var idi, biri yox idi” (“Once upon a
time”), “Zaman”, V.Mustafazadənin “Baharda” (“Springtime”), “İmprovizə”
(“Improvise”), Hans Zimmerin “Ulduzlararası” (Interstellar”) və
“Yapuray” qazax xalq mahnısı səsləndirilib.
Qazax musiqisevərlər konserti maraqla dinləyib,
ifaçıları alqışlayıblar.
Nurəddin
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.8.