Sofi Loren 90 ili geridə qoydu...

 

Dünya kinosunun italiyalı ulduzu Sofiya (Sofi) Loren 90 yaşını geridə qoydu. O, 20 sentyabr 1934-cü ildə Romada anadan olub. Anası pianoçu və aktrisa (Romilda Villani), atası dəmiryolu işçisi (Rikkardo Şikolone Murillo) idi. Atası anası ilə qanuni nikaha girməmiş və sonradan qızlarına (Sofiya və kiçik bacısı Mariya) baxmaqdan imtina etmişdi.

Sofiya da artıq 15 yaşında atasının soyadından imtina edir. 1950-ci ildə Sofiya Lazzaro adı ilə gözəllik yarışmasına qatılır və ikinci yeri tutur. Bundan sonra şöhrət yolu başlayır. Romadakı Milli Kino Məktəbinə daxil olan Sofiya kinoda ilk dəfə 16 yaşında çəkilir. Bir neçə filmdə kiçik roldan sonra prodüser (və gələcək əri) Karlo Pontinin məsləhəti ilə soyadını dəyişir. Beləliklə, kino aləminə Sofiya Loren gəlir.

1954-cü ildə çəkildiyi “Neapolun qızılı” filmi onu məşhurlaşdırır. Hərçənd rejissoru Vittorio De Sica olan kinonovellada Sofiya altı epizoddan birində oynamışdı. Bu ekran əsəri İtaliya Mədəniyyət Nazirliyi tərəfindən “Ölkənin kollektiv yaddaşını dəyişdirən 100 film” siyahısına daxil edilib.

Bu filmdən sonra beş layihə üçün “Paramount” şirkəti ilə müqavilə bağlayan aktrisa Amerika kino aləmində də tanınmağa başlayır.

Amma ona əsl dünya şöhrətini yenə italyan rejissor Vittorio De Sica tərəfindən lentə alınan “Çoçara” (1960) filmi gətirir. Alberto Moravianın eyniadlı romanı əsasında çəkilən filmdə Sofiya Loren 13 yaşlı qızını İkinci Dünya müharibəsinin dəhşətlərindən qorumağa çalışan qadını (Cezira) canlandırır. Bu rola görə o, Kann Film Festivalının mükafatına, “Oskar” və BAFTA mükafatlarına layiq görülür.

Aktrisanın sevimli rejissoru Vittorio De Sica 1964-cü ildə onu italyan kinosunun kişi ulduzu Marçello Mastroyiani ilə tərəf-müqabil olaraq “İtalyansayağı evlilik” filmində çəkilməyə dəvət edir. Bu ekran işi də Sofiya Lorenə yeni şöhrət dalğası və Moskva Beynəlxalq Kinofestivalının (1965) mükafatını gətirir.

60-cı illərdə ard-arda çəkildiyi filmlərlə şöhrətin zirvəsinə yüksələn aktrisa 70-ci illərdə  kinoda daha az görünür və oğullarını böyütməyə vaxt ayırır. Sofiya Loren 1957-ci ildə ailə qurduğu Karlo Ponti ilə 2007-ci ilədək (o, dünyasını dəyişənədək) birlikdə yaşayıb. 1968-ci ildə oğulları Karlo, 1973-də Edoardo doğulub. Edoardo valideynlərinin yolu ilə gedərək kinorejissor olub.

90-cı illərdən sonra aktrisa kimi karyerasına faktiki son verən Sofiya Loren 2002 və 2020-ci illərdə oğlunun çəkdiyi iki filmdə rol alıb.

Bu gün o, Cenevrədə yaşayır və çox nadir hallarda ictimaiyyət arasına çıxır.

 

V.Kamal

Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.8.