Dahi bəstəkara həsr
olunmuş elmi konfrans
Ənənəvi olaraq Azərbaycan Bəstəkarlar
İttifaqı (ABİ) da Üzeyir Hacıbəyli
festivallarında fəal iştirak edir. İttifaq bu il də
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi
Festivalının bir neçə tədbirinin ev sahibidir.
Sentyabrın 24-də ABİ-də “Üzeyir Hacıbəyli
– akademik” mövzusunda elmi konfrans keçirilib.
İttifaqın sədri Xalq artisti, professor Firəngiz
Əlizadə Üzeyir Hacıbəylinin zəngin
yaradıcılığından söhbət açaraq
2009-cu ildən keçirilən festivallarda dahi sənətkarın
irsinin müxtəlif istiqamətlərinin elmi
araşdırmalarda təqdim olunduğunu qeyd edib. “Üzeyir bəyin
yaradıcılığı elə bir zəngin xəzinədir
ki, orada hələ də açılmayan səhifələr
var. Odur ki, musiqisevərlər üçün bu tükənməz
bir mənbədir”, – deyə Firəngiz Əlizadə bildirib.
Əməkdar müəllim, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Könül Nəsirova
“Üzeyir Hacıbəylinin lad nəzəriyyəsi XX əsr
musiqi elminin kontekstində: paradokslar və perspektivlər”,
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı
“Üzeyir Hacıbəylinin akademik kimi fəaliyyəti”, sənətşünaslıq
üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Üzeyir
Hacıbəylinin yaradıcılığında milli lad
sistemi”, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Humay Fərəcova-Cabbarova “Üzeyir Hacıbəylinin
“Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin
müasir musiqi təhsili sistemində rolu” mövzusunda
çıxışlar ediblər.
Çıxışlar arasında sənətşünaslıq
üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr
laureatı Sevda Məmmədlinin ifasında Ü.Hacıbəylinin
“Arşın mal alan” operettası əsasında R.Babayevin
“Fantaziya”sı və M.Maqomayevin məşhur “Azərbaycan”
mahnısı instrumental variantda təqdim olunub.
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.3.