Rusların
Bakıdakı “Evlənmə”sindən yaddaqalanlar
Aleksandr Maliç: “Klassika muzey eksponatı deyil və
onun müasir tamaşaçı üçün maraqlı
olmasını rejissor təmin etməlidir”
Xəbər verdiyimiz kimi, 19-20 sentyabr tarixlərində
Sankt-Peterburqun Aleksandrinski Teatrı paytaxtımızın
qonağı oldu. Rusiyalı qonaqlar Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı səhnəsində, özlərinin
təbrincə desək, son illər teatrlarının vizit
kartına çevrilən “Evlənmə” tamaşasını
(quruluşçu rejissor Rusiyanın Xalq artisti Valeri Fokin)
göstərdilər.
Nikolay Qoqolun bizim teatrlarda da dəfələrlə
qoyulmuş məşhur əsəri 2008-ci ildən yeni
quruluşda Aleksandrinski Teatrının repertuarındadır.
Ustad dərsi səviyyəsindəki bu tamaşanı bizim
teatr camesinin (aktyorlar, rejissorlar, texniki heyət) daha
böyük sayda təmsilçisinin izləməsini arzu edərdik.
Fəqət çoxluq sadə tamaşaçı idi...
Tamaşanın tərtibatı, tempi, musiqi və
işıq həlli sadə və baxımlı idi.
Tamaşaçı yorulmadı, aktyorun bağırmaqdan
bağrı, tamaşaçının da qulaq pərdələri
çatlamadı. Səhnədə mürəkkəb,
dağınıq konstruksiya yığını, “səhnəni
doldur” kimi iş texnikasını görmədik. Rusiyalı
rejissor klassik əsəri müasir tamaşaçıya
maraqlı yozumla – evlənməyin buz üzərində rəqsə
bənzəməsi kimi göstərməklə, əylənə-əylənə,
gülə-gülə, düşünə-düşünə
göstərmişdi. Evlənmək istəyən altı
kişinin bir qız üçün yarışını,
özünə ər seçməkdən ötəri dəridən-qabıqdan
çıxan qızın və yan-yörəsindəkilərin
hərisliyini də tamaşaçı gülsün deyə “hır”ıltıyla
yox, gülünc “vəziyyət həlli” ilə vermişdi.
İkihissəli tamaşada nə diskotekanı
andıran rəngarəng işıqlar, nə karnaval
üslubunda musiqi tərtibatı, nə kölgə
oyunbazlığı, nə də ifaçıdan jonqlyorluq
(aktyorların buz meydanını andıran “polovik” üzərində
konkisürmə performanslarını çıxsaq)
görünmədi. Aktyor tərəf-müqabili ilə,
işıqla, səslə, rekvizitlə sadəcə hərəkət
edirdi və bir an belə olsun tamaşaçının fikri
yayınmırdı.
Buna vəziyyətin tələbinə uyğun həll
üzərindən aktyor hakimiyyəti də demək olar,
quruluşun həndəsi dəqiqlikdə
yığılması da.
Komik, daha doğrusu, tragikomik vəziyyətin tələbinə
uyğunlaşdırılmış akt
tamaşaçını sadə həqiqətlər qəlibində
saxlamır. Hətta müəllifin özü də pyesin
janrını ikihissəli ağlagəlməz, inanılmaz
hadisə kimi müəyyən etdiyindən bu qeyri-müəyyənlik
sadə tamaşaçıya daha çox nüfuz edir və
o, tamaşa boyu axtarışlarda olur...
***
Səfər əsnasında Aleksandrinski
Teatrının direktoru Aleksandr Maliç və bədii rəhbəri
Nikita Kobelevlə söhbətləşmək imkanı da
oldu. Mətbuat konfransında qonaqlara 3-4 sual verib, onların
bizim haqqımızda təəssüratını da öyrənməyə
çalışdım.
Əvvəla, hər iki qonaq səfərdən,
Akademik Milli Dram Teatrı ilə əməkdaşlıqdan məmnunluqla
danışdılar, bunun Rusiya və Azərbaycan arasında mədəni
əlaqələrə töhfə olduğunu
vurğuladılar.
Teatrımız haqqında təəssürata gəlincə,
sentyabrın əvvəlində onların səhnəsində
nümayiş olunan “İblis və...” tamaşasının
(quruluş müəllifi Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadə) maraqlı olduğunu, sənətsevərlər
tərəfindən bəyənildiyini dedilər.
Qonaqlardan əməkdaşlığa
başladıqları teatrla birgə festival arzusunun
olub-olmadığını soruşdum. Bildirdilər ki,
hazırkı imkanlar çərçivəsində kifayət
qədər layihələr olacaq. Bu xüsusda birgə festival
da maraqlı təklifdir.
Mədəniyyətin “yumşaq güc” olduğunu nəzərə
alaraq, milli səhnəmizdə rus klassikasının daim yer
aldığını xatırladaraq tarixi üç əsri əhatə
edən teatrın bu günədək nəinki Azərbaycan,
heç Qafqaz müəlliflərinə müraciət etmədiyinin
səbəbini bilmək maraqlı idi.
Hər iki rəhbər şəxsin cavabı diplomatik,
ümumi planda oldu.
Aleksandr Maliç bildirdi ki, bizim üçün
müəllif bölgüsü yox, mövzu vacibdir və
düşünürəm ki, gələcək əməkdaşlıq
planlarında bu məqama da yer verəcəyik.
Nikita Kobelev isə teatrın daim müxtəlif müəlliflərə
müraciət etdiyini dedi: “Sözsüz ki, milli teatr təkcə
status yox, həm də ənənələrin qorunması
missiyasını yerinə yetirir. Bu mənada bizim teatrın
öz yolu, mövzu yanaşması var. Amma sizin suala gəlincə,
haqlısınız, niyə də olmasın. Yəqin ki, bu,
uzaq olmayan gələcəkdə sizin klassiklərdən
hansısa biri olacaq. “Yeni səhnə”mizdə, eksperimentlərlə
bağlı ayrıca blokumuzda buna da yer vermək barədə
düşünərik. Direktorumuzun da dediyi kimi, biz əməkdaşlığa
yeni başlayırıq”.
Daha bir sual teatr-tamaşaçı münasibətləri,
klassik nümunələrin müasir tamaşaçıda
doğurduğu təəssürat barədə idi.
Aleksandr Maliç: “Parlaq nümunə hesab olunan
klassiklərin – Qoqolun, Tolstoyun klassik əsərlərinin
yeniyetmə və gənclərə xitab edəcək tərzdə
qurulması bizim praktikamızda daim olub. Sadəcə, hər
zaman yeni formalar, çox sadə, amma həm də fərqli
texnikalar ön planda olmalıdır. İndi mən hansısa
ustad dərsinin, yaxud da məruzənin mətni olacaq bu
maraqlı sualınız ətrafında uzun danışıb
yorucu olmaq istəmirəm. Konkret nümunə verim, məncə,
bu sizin fikrinizə təsir edəcək. Elə götürək
“Evlənmə” tamaşasını. Orada hadisələr buz
meydançasında təsvir olunub, daha doğrusu,
uyğunlaşdırılmış meydança-səhnədə.
Tempi, yeni nəslin “işıq sürəti”ni anlayırıq
və ona uyğunlaşmağa çalışırıq.
Sözsüz ki, bu günün rejissoru həm də
dramaturqdur. O, müəllifin gördüyünü
tamaşaçıya təqdim edəcək məqamda ikinci
müəllif kimi təxəyyülünü işə
salır. Deməli, uzun zaman öncə yaşamış
müəllifin fikrini müasir tamaşaçı
üçün əlçatan etməyin yeganə yolu müəllif
rejissurasıdır. Burada incə bir məqam da var və
zaman-zaman müəyyən mühafizəkar düşüncələrə
qarşı bunu qalxan da etmək olar. Nədir bu? Klassik mətnə
hörmətlə yanaşırıq. Amma klassika muzey
eksponatı deyil və onun müasir tamaşaçı
üçün maraqlı, anlaşılan və əyləncəli
olmasını rejissor təmin etməlidir. Bu mənada bayaq da
dediyim kimi, heç də yeni olmayan rejissor teatrı, rejissorun
üslub özünəməxsusluğu ön plana gəlir.
Bu zaman aktyor oyunundan sadə tərtibatadək bütün
nüanslar, sanki, bir qəlibdən çıxır”.
Nikita Kobelev: “Doğrudur, tərtibat, texniki həll
zamanı biz də yeni formalar axtarırıq. Uğurlu və
uğursuz hesab olunacaq cəhdlər edirik. Xüsusən də
klassik mətnlər üzərində çalışarkən
istənilən auditoriyanı nəzərə almağa məcbur
oluruq. Amma heç vaxt unutmuruq ki, səhnədəki aktyor,
insan amili, onun təbii, peşəkar və sözsüz ki, təsirli
oyunu bütün köməkçi vasitələrdən
yuxarıda dayanır. Əsas onun hissi, obrazın ifadəsində
dəqiqliyidir. Ümumiyyətlə, teatr texniki cəhətdən
nə qədər mükəmməlliyə can atsa da,
müasir qrafikaları, dizaynları, daha yüksək texniki
imkanların köməyi ilə belə vizual təsvir həllini
üstələyə bilməz. Tamaşaçı bu gün
süni intellektin köməyi ilə hətta özü belə
telefonunda istənilən qrafik təsviri edə bilər. Deməli,
onu teatra bağlayan səhnədəki sehrdir. Teatr insan amili və
ondan qaynaqlanan sehrləmək bacarığını itirməməlidir.
Tamaşaçı, ələlxüsus gənc
auditoriya ilə işə gəlincə, biz də sizin kimi
bunun yollarını axtarırıq və bunu daha çox
performanslar, konsertlər, qısacası,
balanslaşdırılmış repertuarla edirik. Sözsüz
ki, teatrın palitrasına, əsas repertuar siyasətinə xələl
gətirmədən.
Bu gün yeni nəsil sosial şəbəkələr,
kompüter oyunları və fərqli əyləncələrlə
məşğuldur. Amma hamısının ünsiyyət
ehtiyacı var və dünyanın hər yerində insanlar da,
münasibətlər də, duyğular da təxminən
eynidir. Eləcə də insanların problemləri də,
sevinc və kədəri oxşardır. Qalır ona fərqli
rakursdan yanaşmaq”.
Aleksandr Maliç: “Bir əlavə də mən edim.
Düşünürəm ki, baxış bucağının
fərqli olması ilə bunu da həll etmək
mümkündür. Əsas odur ki, hər teatrın öz
siması olmalı və bütün yaradıcı
axtarışlara rəğmən, teatr öz xarakterik cəhətlərini
qoruyub saxlamalıdır”.
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.5.