Qloballaşmada hər
ölkə öz mədəni kodlarını qorumağa
çalışır
Xəbər verdiyimiz kimi, 11–14 sentyabr tarixlərində
Rusiyanın Sankt-Peterburq şəhərində X Beynəlxalq
Birləşmiş Mədəniyyətlər Forumu
keçirilib. Forumda Azərbaycan nümayəndə heyəti
də təmsil olunub.
Əməkdar incəsənət xadimi, Azərbaycan
Dövlət Film Fondunun direktor müavini Ayaz Salayev forumda “MDB
ölkələrinin kinematoqrafiyası. Ümumi
keçmiş, suveren indiki, çoxqütblü gələcək”
və “Film irsi: keçmişin və ya indinin mədəni
kodu” mövzulu panellərdə çıxış edib. O,
Sankt-Peterburq Dövlət Kino və Televiziya İnstitutunda tələbələrlə
də görüşüb, sahə ilə bağlı
maraqlı müzakirə aparılıb.
Panellərdə çıxışı zamanı
diqqəti Azərbaycanın bugünkü mədəni
strategiyasına cəlb edən Ayaz Salayev deyib ki, biz öz mədəni
və siyasi məkanlarımızı yaratmaqda
maraqlıyıq: “Biz ikili standartların nə olduğunu
artıq çoxdan anlayırıq və vaxtilə öz mənsubiyyətimizi
təqdim etməyə çalışdığımız
məkanlardan vaz keçmişik. Bu gün Azərbaycan
dövlətinin yürütdüyü siyasət öz mədəni
məkanını qorumağa qadirdir”. Onu da qeyd edib ki, forum hər
bir ölkə üçün tribunadır.
Çalışmalısan ki, bu tribunada öz dövlətinin
maraqlarını və mövqeyini ifadə edə biləsən.
Belə forumlarda iştirak çox əhəmiyyətlidir.
Kinoşünas deyir ki, dünyada qloballaşma ilə
yanaşı, yeni proseslər də gedir və bu proseslərdə
də hər bir ölkə öz mədəni
identifikasiyasını qorumağa çalışır.
Siyasi mühitin dəyişməsinin mədəni mühitə
müsbət və mənfi təsirləri
qaçılmazıdır. Bu sahənin kinoda təzahürü
festivallardır: “Festivallar adətən müəyyən
mövzuları dəstəkləyir, bir qisminə isə
etinasız qalır. Festivallar ölkələrin mədəniyyətini
istədiyi kimi təqdim etməyə çalışır.
Buna artıq müqavimət göstərməyin vaxtı gəlib
çatdı. Bu müqavimət necə ola bilər?! Başqa
bir festival və mədəni məkan yaradaraq dünyada ona
nüfuz gətirməklə”.
Lalə
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.5.