Şərq ədəbiyyatında
iz qoymuş şair
Bu il görkəmli İran şairi Sədi
Şirazinin anadan olmasının 840 illiyidir. Mənbələrdə
şairin tərcümeyi-halı ilə bağlı ancaq bu
yazılıb: Müşərrəf ibn Müsləhəddin
Abdulla “Sədi” təxəllüsünü Şiraz hakimi Atabəy
Əbubəkr Səd ibn Zənginin adı ilə əlaqədar
qəbul edib. Sədi təqribən 1184-cü ildə
İranın Şiraz şəhərində ruhani ailəsində
anadan olub. Mənbələrdə göstərilir ki, məşhur
münəccim və alim Qütbəddin Şirazi Sədinin
dayısıdır. O, kiçik yaşlarında olarkən
atası vəfat edir. Sədi sonralar “Bustan” və
“Gülüstan” əsərlərində atasını təkrar-təkrar
yad edib, eyni zamanda xatirəsinə bir neçə təsirli
şeir yazıb...
Sədinin gənclik illəri monqol hücumları
dövrünə təsadüf edib. Şiraz da hücuma məruz
qalıb. Şair vətənini tərk edərək
Bağdada pənah aparır. Şəhərdəki məşhur
“Nizamiyyə” məktəbində öz dövrünün
böyük alimləri Əbu İshaq Şirazi, Əbülfərəc
Əbdürrəhman ibn Cövzi və sonra Şəhabəddin
Söhrəvərdidən dərs alır. Ərəb dilini və
öz dövrünün başqa elmlərini mükəmməl
öyrənir. O, sonra müəllimlərinin təlimi və
Bağdadın ab-havası ilə kifayətlənməyib
Yaxın və Orta Şərqin digər ölkələrini
diyar-diyar dolaşmaq qərarına gəlir. Buna görə də
bəzi mənbələrdə Orta əsrlərin
tanınmış səyyahları sırasında onun da
adı çəkilir.
Sədi səyahəti zamanı şeirlərini dərviş
libasında oxuyub. Şeyxlərə, sufilərə
qoşulub, azadfikirli insanlarla
oturub-durub. Belə bir həyat tərzi onun
dünyagörüşündə böyük dəyişiklik
yaradır. Şair xalqların adət və ənənələrini
bütün dərinliyi ilə görüb, tanış olub.
Əsərlərində onlardan yeri gəldikcə istifadə
edib və hikmətli nəticələr çıxarıb.
Mənbələrin yazdığına görə Sədi
səyahəti dövründə Şərqdə davam edən
səlib müharibələrindən birində əsir
düşüb. Bir təsadüf nəticəsində
ölümdən xilas olub. Səyahətdən yorulan şair,
nəhayət, XIII əsrin ortalarında Şiraza
dönür. Bu zaman artıq monqol istilası ağır,
dağıdıcı nəticələr miras qoymuşdu. Atabəy
Əbubəkr Səd ibn Zəngi Şirazın hakimi idi. O,
monqol sərkərdələrinə bac-xərac verir, ölkəni
və əhalini qətl və qarətdən xilas edir. Beləliklə,
çoxlarının, o cümlədən vətənpərvər
şairin də rəğbətini qazanır. Buna görə
də şair özünün məşhur “Gülüstan” əsərini
ona ithaf edir.
Sədi Şirazi şahların qəzəbindən,
hökmdarların zülmündən qorxmayıb. Əsərlərində
müstəbidlərə qarşı çıxıb, məzlumların
tərəfini saxlayıb, ədaləti tərənnüm
edib və heç bir bəxşiş və mükafat
qarşısında baş əyməyib. Onun qəsidələri
də əsasən şahlara və böyüklərə nəsihət
və məsləhətdən ibarət olub. Sədi
ömrünün son dövrünü Şirazın
şimal-qərbində bir dağ ətəyindəki hücrədə
təklikdə keçirib, ölməz əsərlər
yazıb. Onun şairlik şöhrətindən xəbər
tutan böyük şəxsiyyətlər uzaq vilayətlərdən
Sədini görməyə gəlir, çox qiymətli hədiyyələr
gətirirlər. Ancaq Sədi dünya malı toplamır, əksinə,
əlinə düşənləri ehtiyacı olanlara
paylayır. Xalq arasında Sədi haqqında belə deyilib: “Sədi”nin
bir qapısından nemət daxil olur, o biri qapısından
ehtiyacı olanlara paylanılır”.
Araşdırmalarda Sədinin yüz ildən artıq
ömür sürdüyü, 1291-ci ildə vəfat etdiyi
bildirilir. Şairin vəfatından təqribən 30 il sonra əsərlərini
Əli ibn Əhməd ibn Əbubəkr Bistun adlı bir ədəbiyyatşünas
toplayıb nizama salıb. Onun tərtib etdiyi “Külliyyat”
1791-ci ildə Hindistanın Kəlküttə şəhərində
daşçapı ilə nəşr edilib.
Sədinin ən qiymətli əsərləri olan
“Gülüstan” və “Bustan” ona dünyaşöhrəti
qazandırıb. Bu əsərlər yeddi əsrə yaxın
bir müddətdə dünyanın bir çox
xalqlarının sevə-sevə oxuduğu kitablar olub.
“Gülüstan” Azərbaycan, ingilis, fransız, alman, ərəb,
türk, rus və digər dillərə təkrar-təkrar tərcümə
edilib. “Gülüstan” 100 dəfədən artıq çap
olunub. Təsadüfi deyil ki, “Gülüstan” əsəri həm
də dünyada fars dilini öyrənmək istəyənlərin
ilk dərs kitabı kimi qəbul edilib. Sədi kitabda öz nəsihətlərini
elə məharətlə oxuculara aşılayır ki, ondan həm
hakim, həm məhkum, həm alim, həm cahil, həm də
zahid ibrət dərsi götürə bilir. Buna görə də
məşhur fars-tacik şairi Əbdürrəhman Cami
“Baharıstan”, Məcdəddin “Xaristan”, Qaani “Pərişan”,
Sünbüli “Gəndistan” adlı əsərlərini
“Gülüstan”a nəzirə olaraq yazıblar.
Hindistanlı Həsən Dəhləvi
“Gülüstan” əsəri haqqında demişdir: “Həsən
Sədinin “Gülüstan”ından bir gül dərib gətirmişdir.
Çünki məna əhli ancaq bu “Gülüstan”dan gül
dərər”.
Sədi ilə yaxın dost olan Azərbaycan şairi
Hümam Təbrizi də Sədinin şairlik qüdrətini
çox yüksək qiymətləndirib. Onu özünə
ustad hesab edib. “Gülüstan” əsərinin daha çox
yayılması, müxtəlif dillərə təkrar tərcümə
edilməsinin əsas səbəbi, şübhəsiz ki, onun
insanlar arasında sülhü, dostluğu və mütərəqqi
fikirləri təbliğ etməsidir. Əsər yaxşı
adamlara məhəbbət, pis adamlara nifrətlə doludur.
Şair insanın zahiri görünüşü deyil, onun mənəviyyatını
üstün tutur. Bildirir ki, paltar, mal, dövlət, vəzifə,
rütbə insanlığın şərəfi deyil...
Şair çəkinmədən şahlara, sultanlara
xatırladıb ki, xalqına zülm etsən, xalq səndən
üz döndərər. Şahların rəiyyətə
etdiyi balaca ədalətsizlik böyük fəlakətlərə
səbəb olar... Şahlardan biri Sədidən ona dua etməsini
xahiş etdikdə o deyib: “Öz xalqına qarşı ədalətli
ol ki, düşməndən xilas olasan”.
Şairin “Bustan” və “Gülüstan” əsərləri
Azərbaycanda da populyar olub. Əsərlərin bir çox
nüsxələri Azərbaycanın Şamaxı, Qazax, Təbriz,
Ağdaş və Qarabağ xəttatları tərəfindən
nəfis surətdə köçürülüb.
Şairlik qüdrəti imtahan edilərkən görkəmli
Azərbaycan şairləri Nizami və Xaqani ilə
yanaşı, Sədinin “Bustan” və “Gülüstan” əsərlərindən
də tərcümələr əsas yer tutub. Təsadüfi
deyildir ki, Seyid Əzim Şirvani Mirzə Ələkbər
Sabirə dərs verərkən onun şairlik qüdrətini
yoxlamaq üçün məhz Sədinin şeirlərindən
bədii tərcümə etməyi tapşırıb. Tərcümənin
dürüstlüyünə mükafat olaraq ona Nizaminin “Xəmsə”sini
bağışlayıb.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.6.