“Baş rejissorluq bəzən sərbəst işinə, fərdi yaradıcılığına mane olur”

 

Firudin Məhərrəmov: “Rol bölgüsü ağır bir mərhələdir. Aktyorların imkanlarını nəzərə almalısan və ya aktyor özü də bunu nəzərə almalıdır...”

 

Alman dramaturqu və teatr nəzəriyyəçisi Bertold Brext “Həyat həqiqətini göstərmək üçün sənətin həyat olmadığını açıqlamaq gərəkdir” deyir.

Bu fikri klassik rejissura məktəbi təmsilçisi ilə müsahibəyə giriş seçməyim təsadüf deyil. Çünki o, istər həyat, istərsə də sənətdə tam realistdir və sənətin gücünə inanaraq ona xidmət edir.

Müsahibimiz Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

– Bu görüşün əlamətdar səbəbi var: 65. Teatr adamlarının yaş senzi məsələsinə görə bəzən həm də ehtiyatlandığı yaşın gətirdiyi ovqat necədir?

– Çox sağ olun, məni unutmadınız. Əsas o yaşa çatmaqdı. Qalanın elə də qorxusu yoxdur (gülür). Ovqata gəlincə, özümə daxildə heç vaxt o yaşı vermirəm.  Amma baxırsan ki, bəli, zaman gedir. Belə yaş hədlərində insan dönüb arxaya baxır, təhlillər edir. Nə edib-etmədiyinin hesabını çürüdür içində, səhvlərlə, düzlərlə məşğul olur beyin.

– Bu qarmaqarışıqlıq içərisində sahmanı necə aparırsınız?

– Onu adam özü bilir. Başqaları sənin haqqında subyektiv fikirlərini deyir. Mən isə nəyin necəliyini bilirəm. Faiz nisbətində götürsək, hesab edirəm ki, 75-80 faiz düz olub yol. Qalan xırda-para səhvlər də qaçılmazdır.

– Şair deyir “Elədiklərimdən yaxa qurtarmaz, Eləmədiklərim yandırır məni”. Bu yanğın sizdə hansı dərəcədədir?

– (Gülür). Müəyyən peşmançılıqlar olur və adam özünə “Niyə bunu belə eləmədim” kimi suallar verir. Şübhəsiz, hər adamda olur. Xüsusən özünə tənqidi yanaşanlarda. Mən də hər zaman bir işi görəndə ona tam “mən”lə yanaşmıram. Bir az təvazökarlıq çıxır ön plana, bir az da özünütənqid. Şübhəsiz ki, eqo, o məmnunluq hissi də var hər adamda. Bax, gərək o hissi həmişə nəzarətdə saxlayasan.

– Eqo dediniz, yadıma rejissor həmkarlarınızla bağlı bir məqam düşdü. Yəqin razılaşarsınız ki, teatr mühitində tənqidə dözümsüzlük var. Bunun əsas səbəbi daha çox nədir?

– Bir neçə səbəbləri var. Elə biri dediyim eqo. Digəri ətrafın yaratdığı çaşqınlıq. Məsələn, rejissor bir tamaşa qurur, aktyor rol oynayır və ətrafdakılar onu daim tərif yağışına tutur. Beləcə, o, onu çox vaxt aldadan bu təriflərin təəssüratında xumarlanır. Sonda o təriflərlə özünü elə qapdırır ki, sadə, adi tənqiddən qəzəblənir. Bir də tənqid özü də, təəssüf ki, bizim teatr mühitində fərqlidir. Haqlı, haqsız, qərəzli, qeyri-peşəkar, subyektiv və s. Amma həqiqəti qəbul etmək lazımdır və tənqid olunan yaradıcı şəxs  bütün küskünlüyünü bir kənara qoyaraq öz işinə bir də o tənqidçinin gözü ilə baxmalıdır. Təhlillər aparmalıdır.

– Siz necə, rejissor kimi daha çox tərif, tənqid, yoxsa təhlil olunmusunuz?

– Təhlil daha çox olub. Tənqid isə az. Ola bilər ki, müəyyən, o istədiyim tənqidçilər gəlib baxmayıblar. Sumqayıt paytaxtdan uzaq olmasa belə, təəssüf ki, tamaşalarımızla öz içimizdə qaynayırıq. Ara-sıra paytaxta gəlir, bəzən televiziyada nümayiş olunuruq. Bu günədək yazılan heç bir tənqidə sərt reaksiya verməmişəm. Çünki yaradıcılıq üçün tənqid  çox vacibdir.

– Lerikdə doğulmaq, Sumqayıtda böyümək və Sumqayıt teatrına bağlanmaq. Yolu qısa gedək...

– Bilirsiniz, mən Lerikdə yox, Sumqayıtda doğulmuşam. Sadəcə, əslim Lerikdəndir. O vaxtlar şəhadətnamə götürəndə gecikmə halında cərimə olurdu. Şəhər yerində cərimədən yayınmaq istəyən valideynlərim gedib şəhadətnaməmi oradan alıblar. 1959-cu il mayın 10-da anadan olmuşam. Amma sənəddə iyunun 25-i qeyd olunub (gülür). Qısacası, gözümü Sumqayıtda açmışam və həyatımı bu şəhərə bağlamışam. “Posyolka” deyilən ərazi vardı. Bir müddət o mazutlu yerdə yaşadıq, sonra 2-ci mikrorayonda təzə ev verdilər, ora köçdük. Orada məktəb və dərnək həyatım başladı. 1969-cu ildə Sumqayıt teatrı fəaliyyətə başlamışdı. Teatrın səhnəsində Rza Əfqanlı, Barat Şəkinskaya kimi böyük sənətkarları izləmişəm. Hər ikisi Sumqayıtda 2-3 il çalışdılar. Onların ifasında “Müsibəti-Fəxrəddin” tamaşası bu gün kimi yadımdadır. Rza Əfqanlının, Barat xanımın səhnədəki işıqlı obrazları məni qəribə bir güclə cəzb etdi. Beləcə, Sumqayıtda Xalq teatrına mütəmadi getməyə başladım. Gözəl dövr idi. Demək olar ki, bütün mədəniyyət evlərində daram dərnəkləri, xalq teatrları açılmışdı. Orada olan uşaqların əksəriyyəti sonradan teatra bağlandılar.

– Akademik Opera və Balet Teatrını çıxsaq, demək olar ki, bütün teatrlarda tamaşalar hazırlamısınız. Sözsüz ki, paytaxtdan çalışmaq təklifləri də almış olarsınız. Niyə getmədiniz?

– Sadiqəm də Sumqayıta. Doğma şəhərimdir axı, necə gedim? Rəhmətlik müəllimim Azərpaşa Nemətov, ondan da əvvəl görkəmli sənətkar Həsənağa Turabov çağırmışdı. Nə isə gedə, yer-yurdumu dəyişə bilmədim.

– Rejissorluq azad sənətdir, baş rejissor həm də vəzifədir, teatrın yaradıcılıq məsələlərinə cavabdeh şəxsdir. Bu idarəetməni siz necə qürursuz və ən əsası, ədalət prinsipi anlayışı ilə teatr idarəetməsi arasında incə təması necə təmin edirsiniz?

– Çox çətindir. Bəzən o vəzifə sərbəst işə, fərdi yaradıcılığa mane olur. Özünüz də bilirsiniz ki, aktyorlar həssas insanlardır. Nə isə deyəndə, hansısa rolu verməyəndə küsürlər. Özü də bu bütün rejissorların tamaşaları ilə bağlı olur. Üstəlik, sən baş rejissor olaraq özündən başqa rejissorların da rol bölgüsündən tamaşa hazırlığı prosesinə qədər hər şeyə tam nəzarət eləməlisən.

– Müəyyən məqamlarda bu, müdaxilə də hesab oluna bilər, axı?!

– Yox, heç vaxt bu məqamdakı o xətti keçmirəm. Baş rejissor kimi vəzifəm ümumi obrazın tamamlanmasına şərait yaratmaqdır və hesab edirəm ki, bu, bizim teatrda nisbət etibarilə yerindədir.

– Buna aktyor-rejissor münaqişələrini də əlavə etsək...

– Bəli, bəzən olur ki, aktyorla aktyorun, rejissorlarla truppanın hər hansı yaradıcı və ya şəxsi zəminli münaqişənin önünə keçmək, yumşaq desək, bir nizam yaratmaq da baş rejissorun işidir. Bunlar da vaxt aparan işlərdir. Hərçənd baş rejissor olmağın maddi tərəfdən elə bir üstünlüyü yoxdur. Baş rejissor  kimi  aparıcı aktyordan 15 manat artıq maaş alıram.

– 15 manat? Neçənci kateqoriyadır ki, sizin teatr?

– Hələ də 2-ci. Bununla bağlı nazirliyə müraciətlər etmişik. Deyilənə görə, yaxın vaxtlarda biz də 1-ci dərəcəli olacağıq. Əslində, bir sıra bölgə teatrları bizdən əvvəl bu kateqoriyanı alıblar.

– Bölgə, əyalət teatrları deyərkən Sumqayıtı da o sıraya salırlar. Amma Bakının bir addımlığındadır...

– Paytaxt teatrlarının çoxunun aktyor heyəti məhz bizim teatr əsasında formalaşıb zaman-zaman. Bəzən əyalət teatrı yanaşması adama toxunur, yəni münasibət də əyalət münasibəti olanda lap betər olur. İstəyirik ki, Bakı teatrlarında olan infrastruktur, təchizat bizdə də olsun.

– Axı binanız çox gözəl, dəbdəbəlidir.

– Sözsüz, razıyam. Amma müəyyən xırdalıqlar var ki, onların olmasını istəyirik. Məsələn, səhnənin texniki imkanlarının geniş olması üçün müəyyən işıq, səs avadanlıqlarına ehtiyacımız var. Ştanket sistemimiz əvvəldən vardı. Sadəcə, işıqları dəyişməyə ehtiyac var. Təsəvvür edin ki, bizdə nöqtə verən işıqlar yoxdur, rampa yoxdur. Səhnənin pərdəsindən qabağa işıqlar yoxdur, ancaq yanlardan. Bununla bağlı da nazirliyə müraciət etmişik. Söz veriblər, gözləyirik.

– Bayaq idarəetmə çətinliklərindən danışdıq. Rejissorların, məncə, çətinlik çəkdiyi mərhələ məhz rol bölgüsüdür.

– Bu, ağır bir mərhələdir. Sırf rol bölgüsünə bəzən iki həftə vaxt sərf edirəm. Amma aktyorların imkanlarını da nəzərə almalısan və ya aktyor özü də bunu nəzərə almalıdır. Sən verdin o rolu. Gərək öhdəsindən gələ bilsin. Məcbur olursan, bir rola bir neçə aktyoru cəlb edirsən, yaxud bir aktyora bir neçə rol verib sınayırsan. Mən belə olduqda şərt də kəsirəm ki, baxın, alınmasa, məcbur deyilik.

– Elə məsələ də bundan sonra başlayır da.

– Hə (gülür). Aktyor var razılaşır, aktyor var höcətlik edir ki, sınama, ver, oynayım.

– Bəs “bu rol səndə alınmır”ı demək çətin olur?

– Çətin olur, amma deyirəm. Başqa cür, daha yumşaq. Hətta müşahidəçilərlə. Deyirəm ki, bax, yoxladıq, məndən başqa aktyor həmkarların, rejissorlar da baxdılar. Gördün, alınmadı. Keçək başqa məqama. Sizə deyim ki, bu inciklik ən çox aktrisalarda olur. Bir rolu bəzən sınamaq üçün 2-3 aktrisaya verirsən və mütləq hansındasa alınır. Bax o zaman inciyirlər ki, niyə mən yox, o?! Başlayıram uzun-uzadı izaha. Belə mübahisələr də yolunu tapır. Sözsüz ki, müəyyən məqamlarda sənət naminə izah etmək, hətta uzun izah etmək qaçılmaz olur.

– Truppanızda neçə aktyor var?

– 40 nəfər. Amma gənclər demək olar ki, yoxdur.

– Ən gəncinizin neçə yaşı var?

– 25 yaşlı qızımız var. O da aktyor təhsilli deyil. Götürmüşük, rollar vermişik, müəyyən səhnə vərdişlərini öyrətmişik. Qalanları 28 yaşdan yuxarıdır.

– Deməli, bölgələrdəki oxşar yeni nəsil problemi sizdə də gündəmdədir?

– Əslində, bu gün aktyor, rejissor təhsilli gənclərdən müraciətlər  çoxdur. Diplom tamaşalarına baxıb, bəyəndiklərimiz də var. Özü də təkcə gənclər yox, orta nəsildən də müraciətlər çoxdur. Truppanın rəngarəngliyi üçün sevə-sevə götürmək istəyirik. Amma yerimiz yoxdur. Məsələnin həllini teatr studiyasında görür və müvafiq olaraq bununla bağlı da müraciət etmişik. O gənclər həvəslə gəlirlər, oynamaq, teatrda olmaq istəyirlər. Bu məni çox sevindirir.

– Sizi klassik teatr məktəbi nümayəndəsi sayanlar çoxdur. Sizcə, klassika daim müasirdir, yoxsa rejissorun klassikada manevr imkanları daha genişdir?

– Biz Mehdi Məmmədov məktəbi keçmişik. Bu, ruhumuzdadır. Müəllimimizin klassika ilə işləmək mexanizmi bir başqa idi. Bilirsiniz, klassika həm də ona görə daim müasirdir ki, orada dramaturgiyanın prinsipləri qorunur. Orada hər şey, bütün xırdalıqlara qədər, sanki bir zəncir kimidir. İndiki dramaturgiya, pyes azlığında bir də o qaydaların qorunmaması narahatlıq doğurur. Bir növ, bəzilərini çıxmaq şərtilə, dramaturq, sadəcə, yazır. Səhnə və onun texniki imkanları, əsərin janr və üslubu onu düşündürmür. Axı pyes təkcə dialoq yığını, “dedim-dedi”dən ibarət deyil. Təəssüf ki, müasir dramaturgiyamız məhduddur. Janr və mövzu müxtəlifliyi zəifdir. Məsələn, Firuz Mustafa yaxşı dramaturqdur, dərin, fəlsəfi yazır. Amma teatr, oyun baxımından, temp ritm mənasında onu tamaşaya çevirmək çətin olur. Bu mənada Əli Əmirli oynaq yazır. Dialoqlar sürətli, axıcı, tamaşaçı üçün maraqlı olur. Elçinin yazı üslubunda fəlsəfə də, oynaqlıq da var. Bu mənada rejissor üçün material zəngindir.

– Janr olaraq sizə hansı daha yaxındır?

– Mən tragikomediyada özümü daha yaxşı ifadə edirəm. Oyun içində oyun qurmaq, sürət, şövq bu janrda daha uğurlu alınır. Sanki hər tamaşaçı üçün material, mövzu, tipaj olur. Tamaşada lirika, romantik səhnələr mənim üçün daha əlverişlidir.

– Çağdaş teatr prosesi, konkret olaraq ölkəmizdəki teatr gündəmi nə dərəcədə qaneedici, qlobal teatra inteqrasiyadadır?

– Elə bir dövrdür ki, laboratoriya prosesləri gedir. Teatr özündə nə isə yeniliklər edib, tamaşaçısının diqqət mərkəzində qalmağa çalışır. Amma heç bu da hər teatra aid deyil. Hətta deyərdim elə teatrlarımız var ki, tamaşaçının nə istədiyi ona heç maraqlı da deyil. Amma çoxluq təzə “izm”lər üzərində gəzişmələr edib, eksperimentlərin sayını artırır. Bunun özü yaxşı cəhətdir. Ümumən paylaşdıqca çoxalırsan və inkişaf üçün bu, vacibdir. Mən özüm də hər gün nə isə öyrənirəm, yenilikləri izləyirəm və daha müasir, oynaq tamaşalar qoymaq istəyirəm. Amma köküm, məktəbim hara bağlıdırsa, ora ağırlıq təşkil edir. Asanlıqla çıxa bilmirəm.

– Razılaşaq ki, müəyyən yaşdan sonra insan qapı-pəncərələri “bağlayır”...

– Mən açmağa çalışıram (gülür). Bağlamaq, istər-istəməz, həm xarakter, həm yaşdan irəli gələn bir şeydir. Uzun müddət müəyyən məktəb, dövr səni izləyir. Sonra anlayırsan ki, yox, hərdən orada hava çatmır və beləcə, qapı-pəncərəni taybatay açırsan.

– Axır vaxtlar sizin teatrda diplom tamaşaları da qoyulur. Hiss olunur ki, baş rejissor  gəncliyin dalğasından qorxmur.

– Bunu iltifatınız kimi qəbul edirəm. Dünyanı tutub getməyəcəyik ki?! Nəsil mütləq dəyişəcək. Özü də niyə məni sonradan pis insan, rejissor kimi xatırlasınlar?! Zaman gedir və proses yenilikçi olmağı diktə edir.

– Aktyorlarınız seriallarda, filmlərdə, kommersiya layihələrində görünürlər. Deməli, şərait yaradılır. Bu ümumi işin ahəngini pozmur ki?

– Bəzən pozur və təəssüf ki, bu da problemdir. Bəzən məşqin pozulması kimi hallar artır. Aktyorun daha çox qazanıb, daha  yaxşı yaşaması üçün yaratmağa çalışdığın şərait gəlib işin önündə böyük daşa dönür. Hə, bir də onda görürsən ki, məşqdə olacaq 10 aktyordan 5-i yoxdur. Artıq yavaş-yavaş bu hallarla mübarizə aparırıq. Çünki aktyorun əsas iş yeri teatrdır və hər birimizin ümdə vəzifəsi prosesə xələl gətirməməkdir.

– Amplua rejissorun damğasıdır, yoxsa aktyorun?

– Çox vaxt aktyorun. Yaxşı yadıma saldınız. İllər əvvəl Xalq artisti Valeh Kərimovla “Hamlet” tamaşasını qurdum. Monotamaşa kimi. Festivalda oynadıq, sonra bir neçə dəfə nümayiş etdirildi. Əslində, özü də qorxurdu ki, alınmaz. Hətta bir neçə dəqiqə tamaşaçı “A, bu ki, Moşudur” deyə əl uzadır, gülürdü, pıçıldaşırdı. Sonra baxdıq ki, yox, çox gözəl, fərqli alınır. Bu misaldan çıxış edərək deyim ki, çox vaxt  aktyor özü bir planda qalmağı sevir. Sanki o uğurun kölgəsində zamanı keçirir.

– Bir də deyirlər, yaxşı tamaşa rejissorun, pis tamaşa aktyorundur...

– Hər ikisi hər ikisinindi. Heç vaxt məsuliyyətdən qaçmaq və ya kollektiv işdə sinəni irəli verib “mən”ə yapışmaq olmaz. Bu, yaradıcı insanın xaotik boşluğa yuvarlanmasıdır.

– 65 yaşınızın monoloqunu deyin, sağollaşaq.

– Səbirli olsanız, onu sentyabrın 30-da teatrımızın səhnəsində deyəcəyik. Hətta tamaşaçı da bizim kollektiv “monoloq”dan öz monoloqunu seçəcək.

 

Söhbətləşdi: Həmidə Nizamiqızı

Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.7.