“Musiqi mənimlə birgə
doğulub...”
Pianoçu, pedaqoq Elmira Səfərovanın xatirəsi
anılıb
Elmira Səfərova uşaqlıq dövründən
musiqiyə həvəs göstərib. Bu sahədə ilk təhsilini
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki
musiqi məktəbində alıb. Kövkəb Səfərəliyeva,
Lidiya Yeqorova və digər görkəmli pedaqoqlardan musiqi sənətinin
sirlərini öyrənib. İllər sonra müsahibələrinin
birində o, belə demişdi: “Gələcək həyatımda
sənət seçimi ilə bağlı heç bir zaman
sual meydana çıxmamışdı. Belə bir təəssürat
var idi ki, musiqi mənimlə birgə doğulub və mən
öz həyatımı musiqidən kənar heç cür təsəvvür
edə bilmirdim...”.
Sentyabrın 23-də Bakı Kitab Mərkəzində
görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət
xadimi, professor Elmira Səfərovanın (1934–1997) 90 illiyi
münasibətilə keçirilən tədbirdə də həyatını
musiqiyə həsr etmiş insan haqqında xatirələr dilə
gəlib.
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi
Festivalı çərçivəsində təşkil
olunan tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel
Anarqızı açıb.
E.Səfərova haqqında videoçarx nümayiş
etdirilib.
Ü.Hacıbəyli adına BMA-nın rektoru Xalq
artisti Fərhad Bədəlbəyli, mədəniyyət
nazirinin müavini Murad Hüseynov, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə
və başqaları Elmira Səfərovanın yorulmaz pedaqoji
fəaliyyətindən, Azərbaycan mədəniyyətinə
verdiyi töhfələrdən bəhs ediblər.
Bildirilib ki, 1952-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasına qəbul olunan Elmira Səfərova professor
Mayor Brennerin sinfində təhsil alıb. Tələbəlik
illərindən istedadlı pianoçu kimi tanınıb, konsertlərdə
çıxış edib. 1957-ci ildən təhsilini
P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasının aspiranturasında davam etdirib. Musiqi
ifaçılarının I Zaqafqaziya müsabiqəsində
(1960) laureat adını qazanıb.
1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasından
müəllimlik fəaliyyətinə başlayan Elmira Səfərova
respublikamızda musiqi sənətinə və fortepiano
ifaçılığı üzrə yüksək səviyyəli
peşəkarların hazırlanmasına böyük töhfələr
verib. O, sonralar məşhurlaşan və bu gün
pianoçu kimi Azərbaycan musiqisini uğurla təmsil edən
bir çox ifaçıların müəllimi olub. Həmçinin
musiqi məktəblərinin müəllimləri
üçün ixtisasartırma kurslarında metodiki işlər
və mühazirələr aparıb, metodik vəsaitlərin
müəllifi olub.
Qeyd edilib ki, pedaqoji fəaliyyəti ilə
yanaşı, Elmira xanım konsertlərdə solo və ansambl
ifaçısı kimi çıxış edib. Mütəmadi
olaraq keçirdiyi tematik açıq sinif konsertləri də
böyük marağa səbəb olub. Yetirmələri bu
gün konsert-ifaçılıq və pedaqoji fəaliyyətləri
ilə onun yolunu davam etdirirlər.
Tədbirdə Azərbaycan və dünya bəstəkarlarının
əsərləri səsləndirilib.
Sonda musiqişünas, akademik Zemfira Səfərova
bacısının uşaqlıq, gənclik, tələbəlik
illərindən söz açıb, tədbirin
iştirakçılarına ailəsi adından təşəkkürünü
bildirib.
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.6.