“Bizi birləşdirən
ortaq mədəniyyət əlaqələrimizi xüsusilə
dəyərli edir”
Ümummilli lider Heydər Əliyevin ideyaları bu əlaqələrin
inkişafında mühüm rol oynayıb
Astanada keçirilən Azərbaycan Mədəniyyəti
Günləri çərçivəsində sentyabrın
25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında
Azərbaycanın Xalq yazıçısı Elmira
Axundovanın “Zərifə və Heydər Əliyevlər.
Əbədiyaşar məhəbbət” (qazax dilində)
kitabının təqdimatı keçirilib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli
çıxışında qeyd edib ki, Qazaxıstanda
Ümummilli lider Heydər Əliyevə həsr olunmuş
kitabın təqdimatını keçirmək bizim
üçün böyük şərəfdir: “Bu tədbir
təkcə Ulu öndərə ehtiram əlaməti deyil, həm
də ölkələrimiz arasında möhkəm tarixi əlaqələrin
olduğunu təsdiqləyir. Azərbaycan və Qazaxıstan
qardaş ölkələr olmaqla qarşılıqlı
etimad və əməkdaşlığa əsaslanan münasibətləri
inkişaf etdirirlər. Bizi ümumi tarix, mədəniyyət
və adət-ənənələr birləşdirir ki, bu da əlaqələrimizi
xüsusilə dəyərli edir. Azərbaycan-Qazaxıstan
münasibətlərinin və bugünkü yüksək
inkişaf səviyyəsinin banisi Ulu öndər Heydər
Əliyevdir. Ümummilli liderin dost ölkəyə səfərləri,
keçirdiyi görüşlər bütün sahələrdə,
o cümlədən mədəniyyət sahəsində əlaqələrin
inkişafı üçün möhkəm zəmin
yaradıb. Biz Qazaxıstanda Heydər Əliyevin xatirəsinə
göstərilən dərin hörmət və ehtiramdan məmnunluq
duyuruq. Ötən ilin aprelində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart
Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev
adına küçənin açılışının
keçirilməsi bunun bariz nümunəsidir”.
Qeyd olunub ki, Ümummilli liderin ideyaları türkdilli
dövlətlər arasında, xüsusən də mədəniyyət
sahəsində əlaqələrin inkişafında həmişə
mühüm rol oynayıb. Bu gün türkdilli dövlətlərlə
əlaqələrin dərinləşdirilməsi Prezident
İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın
xarici siyasətinin ən mühüm istiqamətlərindən
biridir: “İnanırıq ki, Heydər Əliyevin zəngin
dövlətçilik irsi gələcəkdə də
ölkələrimiz arasında əməkdaşlığın
möhkəmlənməsi və dərinləşməsi
üçün öz töhfəsini verəcək”.
Təqdimatı keçirilən kitab haqqında
danışan nazir bildirib ki, bu nəşr böyük siyasi
xadim, yeni müstəqil Azərbaycan dövlətinin banisi Heydər
Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli
oftalmoloq, akademik Zərifə Əliyevanın həyatının
mühüm məqamlarını əks etdirən təsirli hekayətdir.
Qeyd olunub ki, Elmira Axundovanın kitabları arasında onun bir
neçə dilə tərcümə edilmiş və Azərbaycan
Respublikasının Dövlət Mükafatına layiq
görülmüş “Heydər Əliyev və onun
dövrü” çoxcildliyi də xüsusi yer tutur.
Xalq yazıçısı Elmira Axundova deyib:
“Altıcildlik “Heydər Əliyev. Şəxsiyyət və
zaman” roman-tədqiqatı üzərində işlədiyim
dövrdə, təbii ki, qəhrəmanımın
ömür-gün yoldaşının şəxsiyyəti ilə
də yaxından maraqlanmışdım. Çoxsaylı
müsahiblərim Zərifə xanım haqqında, xüsusən
də Heydər Əliyevlə münasibətləri barədə
xeyli maraqlı məqamları danışmışdılar.
Zaman keçdikcə bu mozaik epizodlardan mükəmməl bir
lövhə yarandı... Çoxillik axtarışların bəhrəsi
olan həmin əsər artıq qarşınızdadır və
onun nə qədər uğurlu alındığını
yalnız oxucu söyləyə bilər. Ümid edirəm ki,
həcmcə çox da böyük olmayan bu kitabı oxuyub
başa vurandan sonra qəhrəmanlarımı daha çox sevəcəksiniz”.
Qazaxıstan Mədəniyyət və İnformasiya
Nazirliyi Arxiv, sənədləşmə və kitab işi
komitəsinin sədr müavini Rollan Kuspan, Azərbaycanın Qazaxıstandakı
səfiri Ağalar Atamoğlanov, Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan
Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva, tarix elmləri
doktoru, professor Fuad Məmmədov, AMEA N.Gəncəvi adına
Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə
Əzizova, Azərbaycan Yazıçılar Birliyinin katibi
İlqar Fəhmi və başqa çıxış edənlər
kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda nazir Adil Kərimli Məhəmməd Füzulinin
“Bəngü-Badə” əsərinin əlyazmasının
faksimile nəşrini, Elmira Axundova isə müəllifi
olduğu kitablardan bir neçə nüsxə Qazaxıstan
Milli Akademik Kitabxanasına hədiyyə ediblər.
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.2.