27 sentyabr – Anım
Günü
Səbrin sonu – Zəfərin başlanğıcı
Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi uğrunda otuzillik mücadiləsinin həlledici mərhələsi
– 44 günlük haqq savaşının, şan-şərəf
salnaməsinin başlandığı 27 Sentyabrın
dördüncü ildönümü tamam olur.
Milli təqvimimizdə əbədi anlam qazanan bu tarix təkcə
2020-ci ilin Vətən müharibəsində deyil – ondan
öncə və sonra – işğal altındakı Vətən
torpaqlarının azad edilməsi uğrunda həlak olmuş cəmi
şəhidlərimizin Anım Günüdür.
2020-ci ilin 27 sentyabrı səbrin sonu idi. Ali Baş
Komandan yağı düşməni yurd yerlərimizdən
vurub çıxarmaq əmrini vermişdi: “Hesab edirdilər ki,
bizim torpaqlarımızda əbədi oturacaqlar, bizə meydan
oxuyacaqlar. Səbrimiz tükəndi, dedim irəli!...”.
2020-ci ilin 27 sentyabrı böyük Zəfərin
başlanğıcı idi. Həmin gün irəli gedən
igidlər tariximizə şan və şərəf salnaməsi
yazdılar.
Prezident, Ali Baş Komandan İlham Əliyev Qarabağ
məsələsinin milli məsələ, bu məsələnin
həllinin isə tarixi vəzifə olduğunu bəyan etdi:
“Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa
edilsin. Azərbaycanın ərazi bütövlüyü bərpa
olunsun...”.
Necə deyilmişdi, elə də oldu.
“Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan
xalqı müzəffər xalq kimi yaşayır. Azərbaycan
dövləti qalib dövlət kimi yaşayır. Biz bundan
sonra müzəffər xalq və qalib dövlət kimi əbədi
yaşayacağıq” – dövlətimizin
başçısı Vətən müharibəsinin
başlanmasının birinci ildönümündə xalqa
müraciətində belə dedi.
Azərbaycan xalqı adlarını tariximizə əbədi
həkk etmiş qəhrəman övladlarının xatirəsini
qəlbində yaşadır. Şəhidlərin xatirəsi
ölkəmizin hər yerində əbədiləşdirilir.
Şəhidlərimizin şərəfinə abidə
– bu qaya parçası isə Füzuli rayonunun Qaraxanbəyli
kəndinin yaxınlığında qoyulub. Bura 2020-ci ilin 27
sentyabrında Vətən uğrunda ölümsüzlüyə
gedənlərin ilk şəhadət yerlərindən
biridir...
“Haradan başlayır Vətən” deyiləndə bu
qaya parçası da əzəmətli sükutu ilə cavab
verir...
O şəhadət abidəsinin yanından keçən
yolla azad və abadlaşan torpaqlarımıza onların əzəli
sakinləri qayıdır. Böyük Qayıdışın
ünvanları artır, sırası genişlənir.
Anım Günü ərəfəsində, 2024-cü ilin 26
sentyabrında o sıraya Cəbrayıl şəhəri də
yazıldı.
Torpaqlarımızı canı-qanı bahasına bizə
qaytaranlara əbədi şükranlıq borcumuz var...
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.1.