“Mədəniyyətimiz
naxışların izi ilə”
Xəbər verdiyimiz kimi, Üzeyir Hacıbəyli XVI
Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə
Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin
(MEMİM) təşəbbüsü və “Foto Xalça”
MMC-nin tərəfdaşlığı ilə M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Mədəniyyətimiz
naxışların izi ilə” adlı sərgi təşkil
edilib.
Sentyabrın 18-də – Milli Musiqi Günündə
açılışı keçirilən sərgidə Mədəniyyət
Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət
xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri sərgi
ilə yaxından tanış olaraq təəssüratlarını
bölüşüblər.
Sərgi mədəniyyətimizin təşviqi, mədəni
irsimiz olan naxışların gənc nəsillərə
ötürülməsi və təbliğinə bir töhfədir.
Sərgidə müasir texnologiyalar vasitəsilə
hazırlanmış Üzeyir Hacıbəyli, Müslüm
Maqomayev, Fikrət Əmirov, Qara Qarayev kimi görkəmli Azərbaycan
bəstəkarlarının portretlərinin əks olunduğu
xalçalar, milli musiqi alətlərinin, qədim Şuşa
qalası və digər regionlarımızın özünəməxsus
naxışlarının işləndiyi xalçalar və kəlağayılar,
eləcə də milli naxışlı çantalar, rəsm
əsərləri və digər əl işləri
nümayiş olunur.
Sözügedən nümunələrin
hazırlanmasında naxışlardan istifadə etməklə
milli ənənələrin qorunması və təbliği
müasir dövrdə vacib məsələlərdən
biridir. Ona görə ki, naxışlar həm də bir millətin
genetik identifikasiya kodu hesab olunur.
Filarmoniyada “Mədəniyyətimiz
naxışların izi ilə” sərgisi sentyabrın 28-dək
davam edəcək.
Mədəniyyət .- 2024.- 27 sentyabr(¹71-72).- S.6.