Rəsulzadənin ədəbi-fəlsəfi
irsi və müasirlik
Ədəbiyyat İnstitutunda elmi sessiya keçirilib
Yanvarın 24-də AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda “Məhəmməd
Əmin Rəsulzadənin ədəbi-fəlsəfi irsi və
müasirlik” mövzusunda elmi sessiya keçirilib.
Əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin
(1884–1955) həyat və fəaliyyəti ilə bağlı nəşrlərin
yer aldığı sərgiyə baxış olub.
Tədbirdə çıxış edən
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə
başçısının Məhəmməd Əmin Rəsulzadənin
140 illiyi haqqında sərəncamının əhəmiyyətini
diqqətə çatdırıb. Bildirib ki, son illərdə
Rəsulzadənin irsini daha dərindən öyrənmək,
fəaliyyətini araşdırmaq istiqamətində
böyük işlər görülüb.
Ədəbiyyat İnstitutunun müvafiq şöbəsi
tərəfindən hazırlanan “Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası” kitablar seriyasının I cildinin Rəsulzadəyə
həsr olunduğunu xatırladan İsa Həbibbəyli bu nəşrdə
ictimai-siyasi xadimin mühacirətdə olan əsərlərinin
bir çoxunun ilk dəfə Azərbaycan ədəbiyyatına
təqdim edildiyini söyləyib.
Rəsulzadənin əsərlərini Türkiyədə
ilk dəfə çap edənlərdən biri, İzmir Ege
Universitetinin kafedra müdiri Yavuz Akpınar “Türkiyə
mühitinin Məhəmməd Əmin Rəsulzadəyə təsiri”
mövzusunda məruzəsini təqdim edib.
Filologiya elmləri doktoru Abid Tahirli “Məhəmməd
Əmin Rəsulzadənin publisistikasında Azərbaycan Xalq
Cümhuriyyətinin qurucuları” mövzusunda məruzə
edib. Məruzədə vurğulayıb ki, publisistik, siyasi, ədəbi-tənqidi
və elmi əsərləri ilə Azərbaycanın ictimai
fikir tarixində parlaq iz qoymuş M.Ə.Rəsulzadənin zəngin
irsi haqqında son 30 ildə müxtəlif səpkili tədqiqat
əsərləri yazılıb. Rəsulzadənin
dövrünün salnaməsi kimi səciyyələndirə
biləcəyimiz publisistik yaradıcılığında
Cümhuriyyətin görkəmli xadimlərindən Nəsib bəy
Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli
xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Üzeyir
Hacıbəyli və başqaları haqqında məqalələri
də mühüm yer tutur. Bu mövzu indiyədək
ardıcıl və sistemli tədqiqata cəlb edilməyib.
Mətbuat tarixi və publisistika şöbəsinin
müdiri professor Vüqar Əhməd Rəsulzadənin
mühacirətəqədərki publisistikası haqqında məruzə
edib, eləcə də onun “Azərbaycan şairi Nizami”, “Azərbaycan
kültür gələnəkləri”, “Çağdaş Azərbaycan
ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və
s. əsərləri barədə söz açıb.
Tədbirdə filologiya üzrə fəlsəfə
doktoru Təhminə Bədəlovanın “Nizami Gəncəvi
Məhəmməd Əmin Rəsulzadənin tədqiqatlarında”
mövzusunda məruzəsi də dinlənilib.
Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli
çıxışında Rəsulzadənin həm siyasi, həm
də elmi və publisistik irsinin daha dərindən təbliğinə
ehtiyac olduğunu bildirib.
Mədəniyyət.- 2024.- 26 yanvar, ¹7.- S.3.