Sofiyada Azərbaycan
kinosu gecəsi və fotosərgi
Bolqarıstanın paytaxtı Sofiya şəhərində
keçirilən 16-cı MENAR Beynəlxalq Film Festivalı
(12–28 yanvar) çərçivəsində Azərbaycan kinosu
gecəsi və “Azərbaycana səyahət” adlı fotosərgi
təşkil edilib. Bu barədə ölkəmizin
Sofiyadakı səfirliyindən məlumat verilib.
Gecədə səfir Hüseyn Hüseynov və MENAR
festivalının təşkilatçı şirkətinin rəhbərləri
çıxış edib. İştirakçılara Azərbaycanın
mədəniyyəti və kino sənəti haqqında məlumat
verilib.
Qeyd edək ki, festivalın proqramında Azərbaycandan
rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmidt!”
tammetrajlı bədii filmi (2019) də yer alıb. Mədəniyyət
Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında çəkilən
film almanların Azərbaycana köçürülməsinin
200 illiyinə həsr olunub.
Yanvarın 22-dən 28-dək davam edəcək “Azərbaycana
səyahət” sərgisində isə Bolqarıstanda
yaşayan fotoqraf Arslan Əhmədovun Azərbaycanın ucqar
bölgələrində çəkdiyi, insanın
yaşayış tərzini və mədəniyyətini,
ölkəmizin əsrarəngiz təbiətini əks etdirən
şəkillər nümayiş olunur.
Mədəniyyət.- 2024.- 26 yanvar,¹7.- S.8.