Aşıqlar Birliyinin yeni layihəsi
İki cilddə dastan antologiyası hazırlanır
Son illərdə aşıq sənətinə və ədəbiyyatına
dair bir sıra nəşrlər
ərsəyə gətirən Azərbaycan Aşıqlar
Birliyində (AAB) bu dəfə dastanlara müraciət etmək
qərara alınıb.
Bu barədə məlumat verən AAB-nin katibi Əməkdar
mədəniyyət işçisi Musa Nəbioğlu bildirib
ki, iki cilddə çap olunması nəzərdə tutulan
antologiyada aşıqlarımızın repertuarında bu
gün də mühüm yer tutan dastanlara yer veriləcək.
Günümüzün ustad aşıqlarından
Ələddin Göyçəli, Fətulla Göyçəli,
Ağamurad Şirvanlı, Arif Əsgərov, Altay Məmmədli,
Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev,
Elman Talıstanlı, Məmməd Bozalqanlı, Nizami
Şirinov, eləcə də İxtiyar Qocayev, Elməddin Məmmədli,
Şəhriyar Qaraxanlı, Şöhrət Kərimov, Elbrus
Hüseynov, Anar Kərimov, Anar Qurbanov və digərlərinin
repertuarından “Abbas və Gülgəz”, “Qurbani”, “Tahir və
Zöhrə”, “Leyli və Məcnun”, “Aşıq Qərib”,
“Valeh və Zərnigar”, “Alıxan və Pəri”, “Şah
İsmayıl və Gülzar”, “Yəhya bəy Dilqəm”,
“Aşıq Hüseyn və Reyhan xanım” və digər
dastanların yenidən sənətsevərlərə və
geniş oxucu kütləsinə çatdırılması nəzərdə
tutulur.
Toplunun ilk cildi bu ilin birinci yarısında ictimaiyyətə
təqdim olunacaq.
Mədəniyyət.- 2024.- 26 yanvar,¹7.- S.6.