İllər öncə qəzetlər
nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən...
Mətbu səhifələrdən budəfəki
seçmələr sovetlər zamanında respublikanın əsas
dövri nəşri olmuş “Kommunist” qəzetindəndir.
Onlardan biri uzaq 30-cu illərə aiddir. Ermənistanda,
İrəvanda (o dövrdə Erivan kimi yazılıb) Azərbaycan
musiqi dekadasına (ongünlüyünə) hazırlıqdan
bəhs edir. Seçmədə o dövrün yazı
üslubu və ifadələri (dekada – deqad; bəstəkar –
kompozitor və s.) olduğu kimi saxlanılıb.
Ermənistanda Azərbaycan musiqi deqadı
Ermənistan Maarif Xalq Komissarlığı Azərbaycan
Maarif Xalq Komissarlığı ilə birlikdə fevral
ayında Erivanda Azərbaycan musiqi deqadı keçirməyi təşkil
edirlər. Bu deqad müddətində şura Azərbaycanının
xalq etnoqrafik musiqi nümunələri və musiqi mədəniyyətinin
yeni nailiyyətləri nümayiş etdiriləcəkdir. Azərbaycan
kompozitorlarından Üzeyir Hacıbəyli, Maqomayev, Quliyev,
Niyazi, Zeynallı, Gevondyan və sairlərinin əsərləri
proqrama daxil edilmişdir.
Deqad müddətində gecələrdən biri
simfonik musiqiyə, digər bir gecə Hacıbəylinin idarəsi
altında xalq musiqi alətindən notlu orkestronun
çıxışına həsr ediləcəkdir. Xalq
musiqi gecəsində xanəndələr, tarçılar,
qarmon çalanlar və türk qadınları mədəniyyət
sarayının orkestrosu çıxışda
bulunacaqlardır. Ermənistandan sonra Moskva və Leninqradda Azərbaycan
musiqi deqadı keçirilməsi nəzərdə tutulur.
“Kommunist”, 27 yanvar 1936-cı il
***
Digər informasiya isə yarım əsr sonraya, azərbaycanlı
əhalinin Ermənistan SSR ərazisindən
deportasiyasının davam etdiyi dövrə aiddir. Azərbaycanlıları
tarixi yurdlarından didərgin salan Ermənistan rəsmiləri
Mərkəzin (Moskvanın) gözündə xoş
görünsün deyə Quqark rayonunun
(soydaşlarımıza qarşı çoxsaylı qətllərin
törədildiyi rayon) rəhbərliyi adından mətbuatda
siyasi riyakarlıq nümunəsi olan bu müraciəti dərc
etdiriblər.
Quqark rayonundan Azərbaycan SSR-ə
köçmüş azərbaycanlılara müraciət
Əziz azərbaycanlı qardaşlar!
Keçən ilin axırında iki qardaş xalqın
nümayəndələri arasında münasibətlər kəskinləşmişdir
və bu, şübhəsiz, hər iki xalqın mənafelərinə
ziddi idi. Çox çətin vəziyyət
yaranmışdı, belə vəziyyət millətlərimizin
tərəqqisinə mane olur, iki qardaş xalqın əsrlər
boyu davam edən dostluğuna ciddi zərbə endirirdi. Nəticədə
ermənilər Azərbaycandan və azərbaycanlılar Ermənistandan
köçməyə başladılar. Rayona üz vermiş
dağıdıcı zəlzələ vəziyyəti daha da
ağırlaşdırdı.
Əziz qardaşlar, qarşılıqlı incikliyə
gətirib çıxaran hər cür səbəbləri
aradan qaldırmaq, əmin-amanlıq və asayiş yaratmaq,
mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək
üçün qəti və ağıllı tədbirlər
görmək vaxtı gəlib çatmışdır.
Rayon partiya komitəsi və rayon icraiyyə komitəsi
sizə – Quqark rayonundan Azərbaycan SSR-in Xaçmaz rayonuna
köçmüş azərbaycanlılara müraciət edib
onları doğma kəndlərinə qaytarmağa, öz
doğma yurdlarının bərpasına başlamağa, zəlzələ
ilə əlaqədar bütün lazımi maliyyə
kompensasiyası almağa, dinc əmək həyatına
qoşulmağa çağırırlar. Bu günədək
1000 nəfərdən çox azərbaycanlı doğma kəndlərinə
qayıtmışdır. Biz onların təhlükəsizliyini
təmin etmək üçün hər cür tədbirlər
görür və təsərrüfatlarının bərpasına,
daimi yaşayış yerlərində kök salmasına
lazımi yardım göstəririk.
Ermənistan KP Quqark Rayon Komitəsi
Ermənistan SSR Quqark Rayon Sovetinin İcraiyyə Komitəsi.
“Kommunist”, 26 yanvar 1989-cu il
Mədəniyyət.- 2024.- 26 yanvar,¹7.- S.7.