Şəhid qəhrəmanın 20
yaşı münasibətilə xatirəsi anılıb
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində
şəhid İbrahim Həsənovun anadan olmasının
20-ci ildönümünə həsr olunmuş anım tədbiri
keçirilib.
Əvvəlcə İbrahim Həsənovun həyatından
bəhs edən videoçarx nümayiş olunub.
Çıxışlarda 44 günlük Vətən
müharibəsində şanlı Ordumuzun xalqımıza
yaşatdığı Zəfər ruhundan
danışılıb. Şəhidin döyüş
yoldaşı, ailə üzvləri və yaxınları onun
haqqında xatirələrini bölüşüblər.
Bədii hissədə Azərbaycan Milli
Konservatoriyasının tələbəsi Manaf Əliyev “Xudayar
təsnifi”ni, muğam müsabiqəsinin laureatı Məftun Məmmədov
“Mənim Azərbaycanım”, müğənni Mirəli Cavadov
isə “Bir ömrün nəğməsi”
mahnılarını səsləndiriblər. 327 və 318
nömrəli tam orta məktəblərin şagirdləri vətənpərvərlik
mövzusunda şeirlər söyləyiblər.
Qeyd edək ki, İbrahim Şöhrət oğlu Həsənov
2004-cü ildə Suraxanı rayonunun Bülbülə qəsəbəsində
anadan olub. 2022-ci il sentyabrın 13-nə keçən gecə
Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər
rayonu istiqamətində Ordumuzun bölmələrinə
qarşı törətdiyi təxribat nəticəsində
şəhidlik zirvəsinə ucalıb. Dövlət
başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordeni və “Vətən
uğrunda” medalı ilə təltif olunub.
Mədəniyyət.- 2024.- 26 yanvar,¹7.- S.3.