“Qəlb süzgəcindən
keçməyən söz tamaşaçıya təsir edə
bilməz”
Ağalar Bayramov: “Tanımadığım,
üzünü görmədiyim şairlərin də əsərlərini
sevə-sevə qiraət etmişəm”
Bədii qiraətçilər ədəbi əsərləri
tamaşaçıya, dinləyiciyə daha təsirli şəkildə
çatdıranlardır. Onlar bədii mətni müəlliflərindən
daha yaxşı təqdim edirlər. Yəni qiraətçilər
səsləndirdikləri əsərlərin ömrünə
ömür qatırlar.
Müsahibimiz tanınmış bədii qiraət
ustası, bu günlərdə 70 yaşını qeyd edən
Əməkdar artist Ağalar Bayramovdur. O, sözün qüdrətinə
çox inanır. Bəlkə də bədii qiraət sahəsini
seçməsi də elə bu inamla bağlıdır:
“Sözün gücü, həqiqətən də,
böyükdür. Amma burda bir məsələ var. Baxır həmin
sözü kim yazır, kim deyir. Özünü öymək
olmasın, mən heç vaxt elə-belə söz demirəm.
Vətənə sevgi, qələbəyə inam mənim təkcə
dilimdə yox, həm də ürəyimdədir. Bədii qiraət
özündə bir neçə sənəti birləşdirən
sahədir. Qiraət ustası gözəl səs və səlis
diksiyadan əlavə, incə duyuma, aktyorluq qabiliyyətinə
və yüksək zövqə malik olmalı, sözün
qüvvətini hiss etməyi bacarmalıdır. Bu sənətin
Kazım Ziya, Müxlis Cənizadə, Soltan Nəcəfov,
Aydın Qaradağlı, Həsən Əbluc, Mikayıl Mirzə,
Əminə Yusifqizi kimi ustaları olub. Bu gün də bu sənətin
etibarlı əllərdə olduğunu deyə bilərik”.
Ağalar Bayramov 16 yanvar 1954-cü ildə Ucar rayonunun
Boyat kəndində dünyaya gəlib. Bakı Mədəni-Maarif
Texnikumunda, sonra indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində təhsil
alıb. Hazırda ADMİU-da dərs deyir. 2002-ci ildə
“Əməkdar artist” fəxri adına layiq görülüb.
– Ağalar müəllim, televiziya ekranında bədii
qiraət etdiyiniz ilk günü necə
xatırlayırsınız?
– 1983-cü il idi. O vaxt Azərbaycan Televiziyasında
xalq yaradıcılığından bəhs edən çox
populyar “Ocaq” verilişi yayımlanırdı. Verilişin
rejissoru Əmirhüseyn Məcidov bir gün məni
çağırıb dedi ki, sənin gözəl səsin
var, sabah televiziyaya gəl. Getdim, mənə üzündən
bir əfsanə mətni oxutdu və beləliklə,
televiziyaya yolum açıldı.
– Sizi bu sənətə gətirən qüvvə nə
idi?
– Bu, sifarişlə olmur. Bir də gözümü
açdım ki, bu sənətdəyəm. Çünki
gözümü açıb nənəmin
bayatılarını eşitmişəm, nənəmin mənə
oxutdurduğu dastanlarla böyümüşəm, folklorumuza
aşiq olmuşam. Məni sənətə gətirən
bayatılar, sanamalar olub. Məsələn, nənəmdən
yadımda qalan bu misraları deyim:
Yağış yağır güldür-güldür,
Mənim yarım hamıdan hündür.
Mən sevmişəm dağ oğlanı,
Sinəsi yaylaq oğlanı...
Fikir verirsiniz, sətirlərə, sanki bir mənzərədir.
Məni həm də soy-kökə bağlılıq gətirib
bu sənətə...
– Şeir, sənət, ədəbiyyat – bunlar sizin
üçün nədir?
– Bunlar mənim üçün sanki bir dağ
havasıdır. Onunla nəfəs alıram. Ədəbiyyatı
sevməyən insanın həyata baxışını təsəvvür
edə bilmirəm. Böyük Sabirin “Hophopnamə”sindən xəbəri
olmayan nə bilər ki, həyat nədir, sənət nədir.
– Bədii qiraət sənətinin incəlikləri nələrdir?
– Bədii qiraət və aktyor sənətinin mahiyyəti
birdir. Hər ikisində yaşantı var. Gərək sözlə
yaşayasan. Üzeyir bəy deyirdi ki, sənətin iki qolu
var; ya ürəkdən ağlatmalı, ya da ürəkdən
güldürməlisən. Teatrın da iki emblemi var:
ağlayan və gülən. Yəni komediya və faciə. Bədii
qiraətdə də, məsələn, Mirzə Cəlilin
“Ölülər”indən Kefli İskəndərin monoloqunu,
yaxud İlyas Əfəndiyevin “Apardı sellər Saranı” əfsanə-hekayəsini,
ya da Ənvər Məmmədxanlının “Buz heykəl”ini
söyləyirəm. Bunların hər birinə ayrıca
yanaşır, fərqli təqdim edirsən. Bu mənada, həm
aktyorluqda, həm də qiraətdə özünəməxsus
incəliklər etmək tələb olunur. Sənətin
başlıca meyarı həm də ürəkdir. Ürək
yoxdursa, sənət də yoxdur. Rəhmətlik Həsən
Əbluc deyirdi ki, əvvəl ürək sonra fikir, sonra da
dodağa gələn sözlər. Fərq ondan ibarətdir
ki, aktyorun tərəf-müqabili olur, bədii qiraətçinin
isə tərəf-müqabili minlərlə
tamaşaçıdır. O, tamaşaçıya sözlə
necə təsir edib diqqətini çəkəcək,
sözlə necə işləyəcək – bax budur
başlıca qayə. Qəlb süzgəcindən keçməyən
söz heç vaxt tamaşaçıya təsir edə bilməz.
– Bu gün bədii qiraətçilər incəsənətin
digər sahələrində çalışanlarla
müqayisədə azdır. Dərs dediyiniz universitetdə bu
sahəyə gənclərin marağı necədir?
– Bədii qiraətçilərin sayı
dünyasını dəyişənlərlə bərabər,
10-12 nəfər olar. Bu sənət həddindən artıq
çətin sahədir. Xanəndə sözü unuda bilər
və tar-kaman cütlüyü onun bir neçə saniyəlik
düzəliş etməyinə imkan yaradar. Bizim sənətdə
söz yaddan çıxdı, fikir dolaşdısa, hər
şey dəyişir. Minlərlə
tamaşaçının gözü səndədir.
Onların hisslərinə xitab etməyi bacarmalısan. Budur sənətin
çətinliyi və böyüklüyü.
– Tələbələriniz arasında
istedadlıları varmı?
– Mədəniyyət və İncəsənət
Universitetinin Səhnə danışığı
kafedrasında məsləhətçi-professor vəzifəsində
çalışıram. Çox şadam ki, burada III kurs tələbələrinə
bir semestr bədii qiraət dərsi keçirilir. Səhnə
danışığı ayrı, bədii qiraət ayrı dərsdir.
Bu işi universitet rəhbərliyinin təqdirəlayiq
addımı kimi dəyərləndirirəm. 2023-cü ilin
sentyabr ayından qeyd etdiyim vəzifəni daşıyıram.
Bizim universitetdə yaradıcı gənclər var, amma
çox deyil. Bu sənətdə ən başlıca amil
ürəyəyatımlı səs və yenə deyirəm,
ürəkdir. Şeir əzbərləmək şərt
deyil. Digər nüanslar sonradan düzəlir. Deyəcəksiniz
elə səs, səs... Səs başqa aləmdir. Məsələn,
Aleksandr Belyavski adlı rus aktyor vardı. “Görüş
yerini dəyişməz olmaz” filmində quldur rolunu oynayır.
Onun səsinin gözəlliyi var. Çox filmlərin
dublyajında iştirak edib. Məşhur “Sprut” italyan
serialında Kapitan Karradonu səsləndirən də odur. Səsi
sanki köklənmiş tardır...
Bir qədər də öz sələflərimdən
danışım. Unudulmaz Həsənağa Salayev.
İsmayıl Şıxlının “Dəli Kür”
romanından Cahandar ağanın Qəmər adlı atı ilə
söhbətini dinləyəndə adam heyrətdən donub
qalır. Filmdə o hissə yoxdur. Romandan 6-7 dəqiqəlik o
hissəni Həsənağa Salayev səsi ilə necə
gözəl canlandırıb. Eləcə də aktyorlar Yusif
Vəliyev, Şahmar Ələkbərov, diktor Aydın
Qaradağlı... Bu sənətdə səs yoxdursa, səslə
düzgün işləmirsənsə, materiallar üzərində
nə qədər çalışsan da, təsirsiz olacaq.
– Qiraətçi kimi ən çox hansı şairin
yaradıcılığına müraciət etmisiniz?
– Ən çox müraciət etdiyim Məmməd
Araz, Fikrət Qoca, Musa Yaqub, Ramiz Rövşən, Qabil, Zəlimxan
Yaqub, Ramiz Qusarçaylı, Əjdər Ol, Sabir Sarvan, Ayaz
Arabaçı, Səadət Buta, Ələmdar Quluzadə və
başqalarıdır. Aşıq Ələsgər mənim
ruhumdur. Sabir, Füzuli... Sevdiyim poeziya örnəkləri sanki
mənim övladımdır. Bəzən
tanımadığım, üzünü görmədiyim
şairlərin də poetik nümunələrini sevə-sevə
qiraət etmişəm. Rəhmətlik Alim Məhərrəmlinin,
Fərqanə Mehdiyevanın şeirləri də bu
sıradandır. Mənim üçün əsas şeirin
tutumudur. Məsələn, Rəsul Rzanın “Anlamaq dərdi”
şeirində olduğu kimi:
Kimi dərdindən içir,
kimi kefindən.
Kimi təzə paltardan qorxur,
kimi kəfəndən.
İskəndəri soruşdunuz məndən?
İskəndər içərdi,
Ləqəbi də “Kefli İskəndər”di.
Gecə-gündüz düşündürürdü
onu,
diri ölülərin dərdi.
Yoxsa o da bir poçt məmuru olar,
nə dərdlənər, nə içərdi.
Ömrü ölülər içində
sakit, səssiz keçərdi.
Qınamayın İskəndəri!
Yaman olur anlamaq dərdi.
Xalq şairimiz Vahid Əziz ötən ilin 15
oktyabrında Prezident İlham Əliyev Xankəndinə gedəndə
“Xankəndi, xanlığın mübarək olsun” adlı
şeir göndərdi. Bu şeir efirlərdə səsləndi.
Ötən il dekabrın 21-də Xankəndidə futbol
matçı zamanı stadionun yanında bu şeiri səsləndirdim.
Haqqımda da çoxsaylı şeirlər yazılıb. Bu
sıradan Musa Yaqubun şeirini xatırlatmaq istərdim:
Sənət qalmır bir ölçüdə, vəzndə,
Öz çəkin var sənət tərəzisində.
Sözün rəngi cilvələnir səsində,
Söz incidir, səs dürdanə, nə deyim?
Söz soyusa, sınıq qəlbim qaralar,
Üst-başımı boran alar, qar alar,
Sən şeir de, mən ağlayım, Ağalar,
Sən divanə, mən divanə, nə deyim?
– 44 günlük Vətən müharibəsinədək,
əsasən, yurd nisgilli poetik örnəklərə
müraciət edirdiniz. Bu gün daha çox hansı
mövzulara müraciət edirsiniz?
– Yaradıcılığımda Vətən
mövzusu həmişə əsas yerlərdən birini tutur.
Digər mövzulara da biganə deyiləm. Birinci və
İkinci Qarabağ müharibələrində hərbçilərimizdə
ruh yüksəkliyini artırmaq üçün cəbhə
bölgələrində çoxsaylı
çıxışlar etmişəm. 2020-ci ilin avqust
ayından əsgər geyimində hər gün hərbi hissələrdə
olurdum. Bu gün isə əsasən, Qələbə ruhlu
mövzular, insanlıq, sevgi və s. mövzulara müraciət
edirəm.
– Bu il sizin üçün yubileylə əlamətdardır...
– 50, 60 və 65 illiyimi dostlarımla qeyd etmişəm.
Bu il yubiley yaşımı həyatın axarına
buraxdım. Buna baxmayaraq, orta məktəblərdə mənimlə
görüşlər təşkil edilib, televiziyada mənə
veriliş həsr olunub. Vətənimə, xalqıma hər
zaman təmənna güdmədən xidmət etdim. Yurdumu,
dövlətimi, müstəqilliyimizi sevdim. Qismət oldu
Şuşada, Qubadlıda, Laçında, Xankəndidə
oldum. Bundan böyük bəxtəvərlik olar?!
Lalə Azəri
Mədəniyyət.- 2024.- 26 yanvar,¹7.- S.6.