“Xınalıq və
Köç Yolu” İspaniyada təqdim olunur
Azərbaycanın turizm imkanları “FITUR” sərgisində
Azərbaycanın turizm imkanları Dövlət Turizm
Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı
ilə İspaniyanın Madrid şəhərində
keçirilən ənənəvi “FITUR” (Feria Internacional de
Turismo) turizm sərgisində nümayiş etdirilir. Yanvarın
24-də başlayan sərgiyə ölkəmizdən dörd
turizm şirkəti də qatılıb.
Agentlikdən bildirilib ki, ispandilli ölkələr
üzrə nüfuzlu turizm tədbirlərindən sayılan sərgidə
Avropanın bir sıra ölkələrindən, həmçinin
Latın Amerikasından olan turoperatorlar və səyahət
agentlikləri, eləcə də hava yolları və
tanıtım şirkətləri ilə B2B (Biznesdən-biznesə)
formatlı görüşlər keçirilir.
Görüşlər çərçivəsində
Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx
nümunələri, şərabçılıq, qolf, eləcə
də qış turizmi imkanları, dağ-xizək mərkəzləri,
UNESCO-nun Dünya İrs Siyahısına ötən il daxil
olmuş “Xınalıq və Köç Yolu” mədəni
landşaftı, o cümlədən işgüzar turizm
imkanları haqqında geniş məlumat təqdim olunur.
Sərgidə Azərbaycanın dünyanın ən
böyük və mühüm dövlətlərarası tədbirlərindən
birinə – BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi
də diqqət mərkəzindədir.
Milli stendimizi Azərbaycanın İspaniyadakı səfiri,
eyni zamanda Dünya Turizm Təşkilatı yanında daimi
nümayəndəsi Ramiz Həsənov da ziyarət edib.
Yanvarın 28-dək davam edəcək sərgidə
152 ölkədən 9 mindən çox şirkət
iştirak edir.
Mədəniyyət.- 2024.- 26 yanvar,¹7.- S.1.