Tamaşaçını inandır ki...
Gənc Tamaşaçılar Teatrındakı yeni
“Antiqona”dan təəssürat
Bilmirəm niyə, amma mən qədim yunan əsatirlərindən
qopub gələn çılğın Antiqonaya daim qəzəbli
olmuşam. Onun bütün gözəl hiss və gələcəklə
bağlı arzularının üstünə bir təpcək
qum tökməklə amansız kraldan intiqam almağına
gülmüşəm. Niyə? Çünki ən
böyük qisas ölmüş, öldürülmüş
adamı basdırmaqla bitmir...
Dövlət Gənc Tamaşaçılar
Teatrında aktyor, Əməkdar artist Nofəl Vəliyevin
böyük səhnədə rejissor kimi ilk cəhdi olan
“Antiqona”sını çoxdan gözləyirdim. Ona görə
yox ki, bu əsatirdən doğan faciə janrlı pyesin yerli
quruluşda baxdığım ilk nümunədir. Ona görə
ki, N.Vəliyev əsri yarılayan yaşında aktyor kimi
çox şeyi borclu olduğu bu səhnədə rejissor kimi
nəyi necə deyəcək və edəcək...
Hə, onu da deyim ki, bu gün təqdim olunan
tamaşaların mövzu, janr, tərtibat və təqdimat
üslub və formalarında birmənalı bir meyar
olmalıdır – tamaşaçı. Niyə? Çünki
ya sən sənət naminə gördüyün işin
yüksək səviyyəsinə özünü və sənə
inananları inandırmalısan, ya da tamaşan kassa gətirməlidir.
Heç kim sözümü qəribçiliyə
salmasın. Bu gün əksər teatrların cari repertuar
planına daş kimi düşüb, tamaşaçı gətirməyən
çoxlu əsər var və bu, sözsüz ki, teatra
yükdür...
Digər tərəfdən, istənilən
çoxfunksiyalı həll, mürəkkəb
konstruksiyaların səhnəyə daşınması və s. tamaşaların həm də
sənət festivallarında yoluna çəpər çəkir.
Üstəlik, səhnənin tavanındakı hər
ştanketdən bir nəsnənin asılması və
tamaşanı müşayiət edən texniki çətinliklər,
üstəlik, ağır dekorasiyalar izafi xərc, üstəlik,
teatrın rekvizit sexinə yükdən başqa bir şeyə
qulluq eləmir. Qulluq demişkən, az-çox bildiyim qədəri
ilə, səhnəyə qoyulan istənilən rekvizitin ali də
olmasa, bir ibtidai məqsədi olmalıdır. Yəni səhnəyə
tüfəng qoyulubsa, atılmalı, qılınc varsa
qınından çıxmalıdır. Bu
sadaladıqlarımın baxdığım “Antiqona”ya bir xeyli
dəxli olduğundan keçirəm digər məsələyə.
Çox sevdiyim teatrşünas Məryəm Əlizadə
“Teatr: seyr və sehr” kitabında yazır: “Poetikanın təcəssümü
aşağıdakı funksional bölgüdə gerçəkləşir:
ədəbi əsas – dramaturq; zaman-məkanda gerçəkləşdirmə
– aktyor; vizual təzahür – rəssam; musiqili dramaturgiya – bəstəkar;
texnoloji təzahür – rejissor”.
Gəlin görək, bu beş əsas komponentin hər
birini konkret məzmunla yükləsək, hansı mənzərə
alınar.
Ən əsası, tamaşanın hakimi rejissordursa,
onun quruluşu aktyorun daxili potensialına adekvat oyunla
çulğaşmasa, heç nə ali məramı –
tamaşaçıya uzunmüddətli təsiri ifadə edə
bilməz...
Bilənlər bilir ki, Jan Anuy “Antiqona” dramını
antik dövrün dramaturqlarından Sofoklun eyniadlı faciəsinin
motivləri əsasında yazıb. Pyes bundan əvvəl də
bir neçə teatrımızda oynanılıb. Diplom
tamaşası kimi, səhv etmirəmsə, bir neçə dəfə
ADMİU-da da qoyulub. Yəqin elə Nofəl müəllim də
kursu ilə bu tamaşanı işləyib. Çünki texniki
baxımdan əsərin imkanları ilə aktyor oyunu
arasındakı müqayisənin öhdəsindən gəlmişdi.
Janrı ikihissəli dram kimi (ki bu ikihissəli həll
də tamaşaçını izafi yükləmiş olur.
Ümumiyyətlə, bu gün “0” dekorasiya və daha çox
aktyor oyununda, vizuallıqda itib-batan post-dramatik teatrın bir tələbi
də budur – az söz, çox hərəkət, özü də
qısa zamanda) müəyyən olunan tamaşanın rəssamı
Telman Şıxıyev, bəstəkarı Röya
Hüseynovadır. Plastik həll isə Ceyhun Dadaşova aiddir.
Səhnə əsərində Əməkdar artist
Güşvər Şərifova, aktyorlar Kərəm
Hadızadə, Aygün Fətullayeva, Anar Seyfullayev, Rəşad
Səfərov, Əbdül Rzayev, Hilal Dəmirov, Şəbnəm
Hüseynova, Könül Əbilova, Fəridə Qurbanova, Ramiq
Nəsirov, İlhan Sadıqov, Nurlan Süleymanov, Ümman
Budaqov iştirak edirlər.
Aktyor oyunu barədə geniş söz
açmayacağam. Çünki əsərin iki güclü
və bir-birinə zidd qütbü – Kreon (K.Hadıyev) və
Antiqona (A.Fətullayeva) o tandemi yaşadıqca əzab çəkir
və tamaşaçı ilə oyunları arasında özlərinə
yaxşı bəlli olan qırmızı saplardan “tor”a tez-tez
ilişirdilər. Qısacası, geyimi ilə
qadınlığına vurğu hesablanmış Antiqona
Aygün xanıma artıq əzab verdi. Üstəlik, son
vaxtlar bir sıra tamaşalarda “dəb” alıb – aktrisaları
səhnədə saman çuvalı kimi sürümək –
ki, bu, əsla estetik deyil. Tamaşa boyu Antiqona ilə Kreon bu
fiziki əzaba hesablanmış oyun məngənəsində
sıxıldılar.
Kreonun oyunçusu qəhrəmanı ilə heç
cür dil tapa bilmədi. Hərçənd K.Hadıyev
güclü emosional təsirə malik tipaj, oyun təyinini
asanlıqla verəcək qədər istedadlı
ifaçıdır. Diqqətli müşahidəçi kimi
gəldiyim bir qənaəti bölüşməyə bilmərəm:
məncə, baş qəhrəman – amansız Kralla
tamaşanın başçısı – rejissor arasında
inamsızlıq, ilkin etimaddan sonrakı yaradıcı aktda
mübahisəli mülahizələr ağır basmasaydı,
çaşdırıcı mənzərə də
alınmazdı.
Ümumiyyətlə, pyes oxunuşundan premyerayadək
uzun yolda aktyorlarla çox işləyən, yəqin ki, say
etibarilə ümumi planından da artıq nöqtələrdə
məşq edən rejissorun tamaşanın digər heyəti
ilə işi daha sahmanlı görünürdü. Xüsusən
iki və üçüncü plan aktyorların oyunu daha səliqəli,
individual alınmışdı. Artıq heç nə yox
idi.
Əsər sadə dildə nəql olunur. Bizə
nağılçı, təfsirçi kimi təqdimatı
aktrisa Şəbnəm Hüseynova edir. Oyununa arabir yumor, kinayə,
öldürücü sarkazm qatdığından hadisələr
tamaşaçını diri, prosesdə saxlayır və bu,
rejissor tapıntısı kimi yaxşı gedişdir.
Hekayətdən bilirik ki, Çar Edipin
ölümündən sonra oğlanları Etokl və Polinik
növbə ilə ölkəni idarə etməlidirlər.
Etokl hökmranlıq müddətini başa vursa da,
taxt-tacı qardaşı Polinika verməkdən imtina edir.
Haqsızlığa məruz qaldığını
düşünən Polinik də tərəfdarlarını
yığıb qiyam qaldırır. Nəticə gözlənilməz
olur: hər iki qardaş döyüşdə həlak olur və
hakimiyyət dayıları Kreonun əlinə keçir.
Çar elan olunan Kreon ölkəni öz qanunlar ilə idarə
edir və ilk fürsətdə nifrətini qusur. Etoklı təntənə
ilə dəfn etdirsə də, qiyamçı Polinikin cəsədini
qurd-quşa yem etmək üçün şəhər
meydanının ortasına atır. Qorumaq üçün də
xeyli qarovulçu ayırır. Hədəsi də dəhşətlidir:
qiyamçını dəfnə təşəbbüs edən
hər kəs edam olunacaq.
Az qala hamı bununla barışır. Təkcə
Antiqonadan başqa. Qardaşını dəfn etmək cəhdləri
boşa çıxsa da, istəyinə nail olur və öz
ölümü ilə dayısından intiqamını
alır. Axı Kreonun yeganə oğlu Hemon (H.Dəmirov) onun
nişanlısıdır və qadınına dəli kimi
aşiqdir. Sözsüz ki, oğul da atasından
qisasını öz canı ilə alır və intihar edir.
Beləcə, basdırılmayan ölünün qurban
sırası genişlənir.
Təsirli hekayətin səhnə təqdimatında
rejissorun dünya ədəbiyyatında ilk baş qəhrəman,
mərkəzçi olan Antiqonaya münasibəti birmənalı
deyil.
O hər kəsin oğlan kimi gördüyü çəlimsiz,
amma çox güclü qızcığazdan sevgi dolu cazibədar
qadın da yaradır, zalım hökmdarla
aşıq-aşıq oynayırmış kimi axmaq cəsarətli
təlxək də, bir kəlməsi ilə bütün
hökmlərin üzərindən xətt çəkən
hakim də. Amma ən çox ona saf uşaq, məsum
qadın, günahsız qurban kimi baxır. Ən əsası,
onun Antiqonası qadındır. O sevir, ana olmaq, çox sakit həyat
yaşamaq, ərini sevən qadın kimi yaşlanmaq istəyir.
Biz onun Hemon ilə vida səhnəsində bunu aydın
görürük. A.Fətullayeva qəhrəmanının
hisslərini özünü az qala dağa-daşa
çırpa-çırpa, elə həzin deyir ki, sən
“bapbalaca boyun dam dolusu toyu”nda çırtıq çalıb
“oynamaya” bilmirsən.
Əsərdən irəli gələrək rejissor
Kreona öz bəraətini də iri, qızılı sinidə
təqdim edir. Daha doğrusu, şərait yaradır. Bax,
K.Hadıyevin oyunu da bundan sonra açılır və o,
yaşamağa şans verdiyi qızcığazın
ölümünə fərmanın gətirdiyi əzabda necə
darmadağın olmaq mümkündürsə, o cür də
oynayır və Kreonu, az da olsa, qurban kimi əsaslandırır.
Birmənalı olaraq, “Mən ölümü
seçdim, həyatımı bir ölüyə hədiyyə
edərək” deyən Antiqona qəhrəmandır və
tamaşanın rejissoru da əsas vurğunu buna vurur. Beləcə,
finalda öz baxışını əsərdən
qavranılan təəssüratla paralel şəkildə
ötürməyə çalışır.
Özünü də, bizi də inandırmağa
çalışır ki...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.- 26 yanvar,¹7.- S.7.