TÜRKSOY Ankarada
Rasim Ocaqovu yad edib
Türkiyə Milli Kitabxanasında fotosərgi və
film nümayişi
Görkəmli operator və kinorejissor, Xalq artisti Rasim
Ocaqovun (1933–2006) 90 illik yubileyi ötən il geniş şəkildə
qeyd olundu. Yubiley tədbirləri bu il də davam edir.
Yanvarın 22-də Ankarada, Türkiyə Milli
Kitabxanasında TÜRKSOY-un təşkilatçılığı
ilə Rasim Ocaqovun yubileyinə həsr olunan tədbir
keçirilib.
Tədbir kitabxanada kino xadiminin həyat və
yaradıcılığına aid fotoşəkillərin yer
aldığı sərginin açılışı ilə
başlayıb.
TÜRKSOY-un baş katibinin müşaviri Sayit Yusuf
çıxışında bildirib ki, təşkilat tərəfindən
Türk dünyasının görkəmli mədəniyyət
və ədəbiyyat xadimlərinin irsinin beynəlxalq aləmdə
təbliği istiqamətində ardıcıl işlər
görülür.
Azərbaycan Respublikası Kino Agentliyinin şöbə
müdiri Rəşad Qasımov Türkiyə və Azərbaycan
arasında kino sahəsində münasibətlərin
qurulmasına önəm verildiyini və Rasim Ocaqovun vaxtilə
bu prosesə böyük dəstək göstərdiyini diqqətə
çatdırıb. Qeyd olunub ki, kinorejissor lentə
aldığı bir sıra filmlərdə Türkiyə
mövzusuna da yer verib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi
Kitabxanalar və nəşrlər şöbəsinin müdiri
Taner Beyoğlu Rasim Ocaqovun yaradıcılıq özünəməxsusluğundan
danışıb, vaxtilə onunla şəxsi
tanışlığının olmasından məmnunluq
duyduğunu dilə gətirib.
Rejissorun qızı Kəmalə Ocaqova atasının
sovet dövründə Türkiyəyə səfər etdiyini
və bu səfərdən çox təsirləndiyini
vurğulayıb, rejissorun Azərbaycan müstəqillik
qazandıqdan sonra çəkdiyi filmlərin Türkiyə ilə
bağlılığını qeyd edib.
Daha sonra rejissorun yaradıcılığından bəhs
edən qısametrajlı filmin təqdimatı olub. R.Ocaqovun
lentə aldığı “Təhminə” (1993) filminin baş
rol ifaçıları Xalq artisti Fəxrəddin Manafov,
türkiyəli aktrisa Meral Konrat və ekran əsərinin
ikinci rejissoru Zəfər Murtuzov sənətkarın Azərbaycan
kinosunun inkişafına verdiyi mühüm töhfələrdən
söz açıblar.
Qonaqlara TÜRKSOY-un Rasim Ocaqovun 90 illiyinə həsr
olunan xatirə plaketləri təqdim
edilib.
Sonda “Təhminə” filmi nümayiş olunub.
Mədəniyyət.- 2024.- 26 yanvar,№7.- S.1.