Özbəkistan-Azərbaycan münasibətlərində elm, təhsil, mədəniyyət xüsusi yer tutur

 

 

Özbəkistan ilə Azərbaycanın əlaqələri çox yüksək səviyyədədir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün geniş bərpa, abadlıq və quruculuq tədbirləri həyata keçirilir. Bu tədbirlərə biz də öz töhfəmizi veririk.

Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov bu sözləri yanvarın 25-də Azərbaycanda Özbəkistan elm və mədəniyyət günləri çərçivəsində Bakı Dövlət Universitetində keçirilən tədbirdə söyləyib.

Özbəkistanla Azərbaycanın elm, təhsil, mədəniyyət sahələrində əlaqələrindən danışan B.Aşrafxanov bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin, birgə elmi tədqiqatların aparılmasının, layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmini vurğulayıb.

Diplomat jurnalistlərə açıqlamasında Özbəkistan Prezidentinin təşəbbüsü ilə qardaş Azərbaycana hədiyyə olaraq Füzuli şəhərində məktəbin tikintisinin iki ölkənin münasibətləri üçün dərin məna kəsb etdiyini deyib: “İnsanın təhsil alması üçün bilik lazımdır, bilik insana güc verir ki, o, problemlərini həll etməkdə kömək edir”.

Səfir bildirib ki, biz hər zaman təhsil və elm sahəsində birgə əməkdaşlığı davam etdirməyə hazırıq. Azərbaycanın ali təhsil müəssisələrinin Özbəkistanda filiallarının açılması, birgə təhsil müəssisələrinin yaradılması üçün dəvət edirik.

 

Mədəniyyət.-  2024.- 26 yanvar,№7.- S.2.