Mədəniyyətimizin böyük hamisi

 İllərin xronikasından (95)

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

 

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.

(əvvəli ötən sayımızda)

2001-ci il 2 fevral

Prezident Heydər Əliyev Azərbaycan Gəncləri Günü münasibətilə gənclərlə görüşdə nitq söyləyib.

2001-ci il 7 mart

Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə iştirak edib.

2001-ci il 21 mart

Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində nitq söyləyib. Şənlikdə iştirak edən mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri ilə səmimi şəkildə görüşüb, xatirə şəkilləri çəkdirib.

2001-ci il 27 mart

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan xalqına müraciət edib. Müraciətdən sitat: “...Azərbaycanlılara qarşı müntəzəm olaraq yeridilən bədnam soyqırımı siyasətinin yüz illərlə ölçülən uzun tarixi vardır. XIX əsrin əvvəllərindən başlayaraq, ardıcıl olaraq tarixi Azərbaycan torpaqlarında ermənilər kütləvi şəkildə məskunlaşdırılmağa başlanmış, Qafqazın cənubunda Ermənistan dövlətinin yaradılması, azərbaycanlıların öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulması, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir... Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur. Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur...”.

2001-ci il 19 aprel

Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Nəsibə Zeynalovanı 85 illik yubileyi münasibətilə təbrik edib.

“Altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığınız dövlət tərəfindən dəfələrlə yüksək mükafatlara layiq görülmüşdür. Sənətə vurğunluq nümunəsi olan səhnə fəaliyyətinizlə qazandığınız başqa bir mükafat da vardır ki, onların hamısından dəyərli, hamısından ali və əzizdir. Bu da mədəniyyətinin və incəsənətinin çiçəklənməsi yolunda həyatınızı fəda etdiyiniz qədirbilən Azərbaycan xalqının əməyinizə, şəxsiyyətinizə bəslədiyi dərin məhəbbət və ehtiramdır”, – deyə təbrik məktubunda  vurğulanırdı.

2001-ci il 24 aprel

Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən VII zirvə görüşündə nitq söyləyib.

“...Müstəqillik qazandıqdan sonra xalqlarımız və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıq, birinci növbədə, ortaq mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin, milli mənəvi dəyərlərimizin bərpası baxımından bir sıra müsbət nəticələr vermiş və gələcək üçün aydın perspektivlər açmışdır... Bizim zirvə görüşlərimiz nəticəsində bir sıra nəcib ənənələrin əsası qoyulmuşdur. Onların sırasında dahi şəxsiyyətlərimizin, milli mədəniyyətlərimizin korifeylərinin, bəşər sivilizasiyasının inciləri möhtəşəm eposlarımızın əlamətdar ildönümlərini, xalqlarımızın həyatındakı mühüm tarixi hadisələri birlikdə bayram etməyimiz əhəmiyyətli yer tutur...”.

2001-ci il 28 aprel

Rəşid Behbudov adına Mahnı Teatrında Zərifə xanım Əliyevanın xatirəsinə həsr  olunmuş ədəbi-bədii gecədə çıxış edib.

2001-ci il 26 may

Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) 28 May – Respublika Gününə (2021-ci ildən Müstəqillik Günü – red.) həsr olunmuş mərasimdə nitq söyləyib.

2001-ci il 29 may

Prezident iqamətgahında tələbələrin, şagirdlərin və idmançıların bir qrupuna ilk şəxsiyyət vəsiqələrinin təqdimetmə mərasimində nitq söyləyib.

“...Hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir ki, onun müstəqil dövləti var, onun dövləti dünyada tanınıb və öz layiqli yerini tutur, onun dövləti Azərbaycan xalqını, ölkəmizin bütün vətəndaşlarını gələcəyə uğurla aparır.

Mən dəfələrlə demişəm ki, Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Bunu bu gün də demək istəyirəm. Müstəqil Azərbaycanın atributlarından biri olan şəxsiyyət vəsiqəsinin məhz sizə – gənclərə təqdim olunması onu göstərir ki, həqiqətən, bizim ümidimiz, gələcəyimiz gənclərdir, sizsiniz... Azərbaycan vətənpərvərliyi, müstəqil Azərbaycana sədaqət – bunlar hər bir gəncin ümdə vəzifəsidir...”.

2001-ci il 5 iyun

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Xuraman Qasımovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Xalq artistini 55 illik yubileyi münasibətilə təbrik edib.

2001-ci il 10 iyun

Respublika Sarayında “Bakılı oğlanlar” şən və hazırcavablar klubunun növbəti konsertinə baxıb. Konsertdən sonra səhnə arxasında komandanın üzvləri ilə görüşüb.

“...Təbiidir ki, sizin bu çıxışlarınız daha çox yumor xarakteri daşıyır... Yumor insanlar üçün həmişə mənəvi bir qida olubdur. İkinci tərəfdən də ayrı-ayrı qüsurların tənqididir. Əgər keçmişə nəzər salsaq, məsələn, bizim böyük mütəfəkkirimiz Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında, yaxud öz əsərlərində o dövrdə cəmiyyətin nöqsanlarını, xalqımızın bəzi məsələlərdə geri qalmasını çox yumoristik şəkildə əks etdirirdi. Həmin jurnalın nömrələrinə baxanda bəzi adamlar belə qəbul edirlər ki, bu sözlər, şəkillər sadəcə, insanı güldürməkdən ötrüdür. Amma orada iki məna var: həm insanı güldürür, həm də cəmiyyətə, insana başa salır ki, bu nöqsanları aradan qaldırmaq lazımdır...”.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.-  2024.- 26 yanvar,¹7.- S.5.