İndoneziyanın incəsənət
ustaları Şəkidə çıxış ediblər
İndoneziya Respublikasının Azərbaycandakı Səfirliyinin
təşkilatçılığı ilə yanvarın 27-də
Şəki Dövlət Dram Teatrında bu ölkənin musiqi
və rəqs kollektivlərinin ifasında konsert proqramı təqdim
olunub.
Teatrın foyesində İndoneziyanın mədəniyyətini
və turizm potensialını tanıdan sərgi də təşkil
edilib.
İndoneziyanın ölkəmizdəki səfiri Hildi
Hamid sərginin və konsertin təşkilinə göstərdiyi
dəstəyə və qonaqpərvərliyə görə
şəhər rəhbərliyinə minnətdarlığını
bildirib. Qeyd olunub ki, İndoneziya səfirliyi tərəfindən
həyata keçirilən proqram xalqlarımız arasında mədəniyyət
sahəsində qarşılıqlı əlaqələrin,
dostluq münasibətlərinin daha da genişləndirilməsi
məqsədi daşıyır.
Şəki Şəhər İcra Hakimiyyətinin
başçısı Elxan Usubov Azərbaycanla İndoneziya
arasında dostluq və mədəni əlaqələrin
uğurla davam etdirildiyini vurğulayıb, dost ölkənin
musiqi və rəqs kollektivlərini bu ilin yayında Şəkidə
keçiriləcək ənənəvi “İpək Yolu” Beynəlxalq
Musiqi Festivalında iştiraka dəvət edib.
Konsertdə indoneziyalı incəsənət
ustalarının təqdim etdikləri milli rəqslər və
musiqi nömrələri şəkili musiqisevərlər tərəfindən
maraqla qarşılanıb.
Mədəniyyət .- 2024.- 31 yanvar (№8).- S.4.