“Qaya”: əfsanəni yaşadanlar

 

Yeni ildə ilk konsert

 

1960-70-ci illəri görmüş yaşlı nəsil şöhrəti bütün keçmiş SSRİ-də və bir çox xarici ölkələrdə yayılan Azərbaycanın əfsanəvi “Qaya” vokal kvartetini yaxşı xatırlayır. Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev və Lev Yelisavetski həmin illərdə gənclərin sevimli müğənniləri idi. Ötən əsrin 80-ci illərində ansamblın tərkibi dəyişməyə başladı. Kollektivin əsasında  caz orkestri yaradıldı. Sonra Lev Yelisavetski və ansamblın bədii rəhbəri Teymur Mirzəyev ölkədən getdilər. 1995-ci ildə kollektiv fəaliyyətini dayandırdı...

90-cı illərin sonlarında məşhur “kvartet”dən Xalq artisti Rauf Babayev “Qaya”nın nəzdində “Bəri bax” uşaq vokal ansamblını yaratdı. Balaca istedadların əsas repertuarını “Qaya”nın repertuarına daxil olan Azərbaycan xalq və bəstəkar mahnıları, kompozisiyalar, caz interpretasiyaları təşkil edirdi. Beləcə, uşaq vokal ansamblı səhnədə böyüyərək sələfinin adını yaşatmaq haqqı qazandı. 2007-ci ildə “Bəri bax” fəaliyyətini “Qaya” ansamblı kimi davam etdirməyə başladı və kollektiv yenidən dövlət statusu aldı. Xalq artisti Rauf Babayev 2020-ci ildə vəfatınadək bu kollektivə rəhbərlik etdi. 2023-cü ildə isə “Qaya” Dövlət Ansamblının bədii rəhbəri Rüfət Babayev dünyasını dəyişdi...

Yanvarın 26-da Beynəlxalq Muğam Mərkəzində “Qaya” Dövlət Ansamblının konserti olub. Konsertdən əvvəl çıxış edən ansamblın direktoru, musiqişünas Turan Məmmədəliyeva qeyd edib ki, bu, kollektivin rəhbəri Əməkdar artisti Rüfət Babayevin vəfatından sonra keçirilən ilk konsertdir. Sonra proqram barədə məlumat verilib.

Qeyd edilib ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası mövzusunda fantaziya – caz təranələri və klassik musiqinin sintezi vaxtilə Rauf Babayev və hazırda “Qaya” ansamblının bəstəkarı olan Nazim Əhmədov tərəfindən bəstələnib.

Həmin fantaziyanın konsert ifası ilk dəfə tamaşaçılara təqdim olunub. “Arşın mal alan”dan ariyaları ifa edən Cahangir Pərişani, Şölə Səfərəliyeva, Səbinə Hacıyeva, Nigar Cəlilova, Günay Əhmədova və Boris Bayramovun çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Solistlərlə yanaşı, instrumentalçılar – vaxtilə “Qaya”nın birinci heyətinin tərkibində çıxış etmiş Rafael Bünyadov (elektrogitara), Vaqif Əliyev (zərb alətləri), Fərrux Cəfərov (elektropiano), eləcə də nisbətən gənc saksofonçular Fərid Mailov, Fərhad Cəfərov və trubaçı Oqtay Rüstəmovun ifaları da alqış qazanıb.

Proqramda xalq mahnıları və “Qaya”nın repertuarında olmuş Tofiq Quliyev, Vasif Adıgözəlov və başqa bəstəkarların əsərləri təqdim edilib. Konsert məşhur kollektivin vizit kartı olan “Ey həyat, sən nə qəribəsən?” mahnısı ilə başa çatıb.

 

Mədəniyyət .- 2024.- 31 yanvar (¹8).- S.5.