12 il opera tamaşalarında qadın
rollarında...
Əhməd Ağdamski-140
Bir sıra incəsənət xadimlərimiz kimi, onun
da adının əvvəlinə aktyor, opera müğənnisi,
pedaqoq və s. təyinedici sözlər yazılır. Ancaq səhnə
fəaliyyətinə başladığı dövrü təsəvvürə
gətirəndə bu sənətkarın
yaradıcılığına və şəxsiyyətinə
münasibət bir qədər dəyişir. Bu dəyişiklik,
onun Üzeyir Hacıbəylinin xalası oğlu olması ilə
yox, “qadın obrazlarının məşhur ifaçısı”
ifadə-təyini ilə əlaqədardır. Bədəlbəylilərin
məşhur nümayəndələrindən biri, bu il 140
illiyi tamam olan Əhməd Ağdamski haqqında söz
açırıq.
Əhməd Bəşir oğlu Bədəlbəyli
(Əhməd Ağdamski) 1884-cü il yanvarın 5-də
Ağdam şəhərində ziyalı ailəsində
dünyaya göz açıb. İlk təhsilini Ağdamda və
Bakıda alıb. Kiçik yaşlarından səhnə sənətinə
böyük maraq göstərən Əhməd teatr həvəskarları
dərnəyinin, xalq mərasim tamaşalarının fəal
iştirakçıları sırasında yer alır. 1910-cu
ildə “Nicat” Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə
fəaliyyətinə başlayır. Teatrda
çalışdığı illərdə Hüseynqulu
Sarabski, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev,
Hüseynağa Hacıbababəyov və başqa sənət
fədailəri ilə dostluq edir, əməkdaşlıq
qurur.
1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25 yanvar)
Bakıdakı Tağıyev teatrında (indiki Akademik Musiqili
Teatrın yerində) dahi bəstəkar Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” operasının ilk tamaşası
göstərilir. Müsəlman Şərqində yaranan ilk
opera olan “Leyli və Məcnun”u səhnəyə qoyanda
başlıca məsələ Leyli rolunun
ifaçısını tapmaq idi. Düzdür, ilk dəfə
Leyli rolunun ifaçısı aşpaz şagirdi Əbdürrəhim
(Əbdürrəhman) Fərəcov olub. Xalq artisti
Hüseynqulu Sarabski “Bir aktyorun xatirələri” kitabında bu
barədə yazırdı: “...Amma Leyli tapılmadı. O
yan-bu yanı axtardıqdan sonra bizə bir aşpaz şagirdi
rast gəldi, familiyası Fərəcov, adı Əbdürrəhim
idi. Buna çox yalvarandan sonra Leyli rolunu oynamağa razı
oldu, bir şərtlə ki, heç kəs onun Leylini
oynadığını bilməsin... Oyunun belə müvəffəqiyyətlə
keçməsindən sonra ürəklənib təkrar etmək
istədik. Leyli rolunu oynayan Fərəcovun yanına getdik, dedi
“Mən bir də qələt edərəm oynayaram!” Çox
danışıqdan sonra birtəhər onu razı elədim.
Amma yenə şərt bağladı ki, o rəngi,
yağı üzünə sürtməyəcək. Odur ki,
qadın məsələsi çox çətin idi. Biz də
təkrar oynamalı idik. Nə eləyək, nə eləyək
bizə Əhməd Bədəlbəyovun yaxşı səsi
olmasını dedilər. Gedib onu tapıb razı elədik...”.
Üzeyir Hacıbəylinin anası Şirin xanımla
Əhməd Bədəlbəylinin anası Əzizə
xanım doğma bacı idilər. Üzeyir bəy xalası
oğluna üz tutur. O zaman onun ən böyük arzusu müəllim
olmaq idi, lakin teatra olan məhəbbət bu gənci səhnəyə
gətirib çıxarır. Həmin dövrdə Əhməd
tələbə idi və tələbələrin teatrda
oynamaları bir yana, axşam tamaşalarına baxması
üçün belə xüsusi icazə olmalıydı. Belə
bir icazə alınır və Əhməd bəy Leylini
oynamağa başlayır. Tanınmasın deyə,
adını “Miri” yazdırır. Sonralar isə səhnə təxəllüsü
olaraq özünə Ağdamski familiyasını
götürür.
Dəfələrlə səhnədən düşməyən
“Leyli və Məcnun” operasında baş rolları
canlandıranların ifasını “Kaspi” qəzetinin
1916-cı il 22 dekabr tarixli sayında yazılırdı: “Leyli
rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski
Sarabskiyə çox gözəl tərəf-müqabil idi”.
Onun çıxışı Üzeyir Hacıbəylinin
xoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində
baş rolların ifaçısına çevrilir. Əhməd
Ağdamski qadın rollarını elə məharətlə
ifa edirdi ki, hətta tamaşadan sonra qadın kimi ona
çiçək göndərənlər də az olmurdu.
Canlandırdığı qadın obrazlarının
hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi.
Tək oyun tərzi yox, hətta səsi də dəyişilirdi.
Bu da aktyorun yüksək sənətkarlıq imkanları ilə
bağlı idi. O, düz 12 il səhnəyə qadın qiyafəsində
çıxıb. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”
operasında Leyli, “Əsli və Kərəm”də Əsli, “O
olmasın, bu olsun”da Gülnaz, “Arşın mal alan”da
Gülçöhrə, “Ər və arvad”da Minnət,
“Rüstəm və Söhrab”da Təhminə, “Şah Abbas və
Xurşidbanu”da kəndli qızı və s. onun əsas
rolları kimi milli opera salnaməmizə yazılıb. Aktyor hətta 1917-ci ildə lentə alınan
“Arşın mal alan” filminə çəkilərək
Gülçöhrə rolunu canlandırıb.
Aktyorun oğlu, kimya elmləri doktoru, professor Telman
Ağdamski müsahibələrinin birində deyib: “O dövrdə
sənətkarlara böyük hörmət göstərirdilər
və vaxtaşırı onların benefisləri, ad günləri
keçirilirmiş. Atam da öz ad günlərində iki dəfə
– 1916 və 1919-cu illərdə səhnəyə kişi
rolunda çıxıb: birinci dəfə “Arşın mal
alan”dakı Əsgər bəy, ikinci dəfə isə
“Əsli və Kərəm” operasında Kərəm rolunda”.
Əhməd Ağdamski 1920-ci illərin əvvəllərində
Ağdama qayıdaraq orada yaşamağa başlayır.
1923-cü ildə şəhərdə teatr truppası
yaradır, bir çox tamaşaların rejissoru olur, musiqili əsərlərlə
yanaşı, dram əsərlərində də bir
müğənni-aktyor kimi çıxış edir.
1934-cü ildən ömrünün sonunadək, 20 il
Ağdaş şəhər Musiqi məktəbində pedaqoji
fəaliyyətlə məşğul olur. Məktəbdə
tar müəllimi və direktor vəzifələrində
çalışan sənətkarın məşhur tələbələrindən
biri də görkəmli kamança ifaçısı, mərhum
Xalq artisti Habil Əliyev idi. Ağdaşa köçəndə
ailə əvvəlcə Habil Əliyevin atası Mustafa
kişinin evində məskunlaşır. Habil Əliyevi də
musiqiyə həvəsləndirən Əhməd Ağdamski
olur. Telman Ağdamski bu barədə deyib: “Atam onu əvvəlcə
tar sinfinə qoyub, lakin Habil müəllim uşaqlıqda zəif
olduğu üçün tarı saxlamağa gücü
çatmırmış, ona görə də sonradan atam onu
kamança sinfinə keçirib. Bizim evə Azərbaycanın
böyük sənətkarları tez-tez qonaq gəlirdilər.
Misal üçün, mən korifey sənətkarlarımızdan
Seyid Şuşinskinin, Yavər Kələntərlinin,
Əfrasiyab Bədəlbəylinin adlarını çəkə
bilərəm. Həmin mühit Habil Əliyevin sənətkar
kimi yetişməsində böyük rol oynayıb”.
Əhməd Ağdamski 1943-cü ildə “Əməkdar
incəsənət xadimi” fəxri adına layiq
görülüb. 1954-cü il aprelin 1-də Ağdaş
rayonunda vəfat edib.
2017-ci ildə nasir, publisist Mustafa Çəmənlinin
Əhməd Ağdamskinin ömür yolundan bəhs edən “Səhnə
fədaisi” adlı sənədli povesti çapdan
çıxıb.
Hazırladı: Nurəddin
Mədəniyyət .- 2024.- 31 yanvar (¹8).- S.6.