Ağ-qara fotolarla
tarixə səyahət
XIX əsrin sonları – XX əsrin əvvəllərində
Azərbaycana səyahət etmiş rus fotoqraf Dmitri Yermakovun
(1846–1916) çəkdiyi şəkillərdən ibarət
kitab-albom nəşr olunub. Heydər Əliyev Fondunun dəstəyi
ilə ərsəyə gəlmiş “Odlar yurduna səyahət”
kitabındakı fotolar 1880-ci illərin sonundan XX əsrin əvvəlinədək
olan dövrü əhatə edir. Gürcüstan Milli Muzeyinin
Yermakov fondunda saxlanılan bu fotoşəkillərin əksəriyyəti
indiyədək dərc olunmayıb.
Bakı Kitab Mərkəzində “Odlar yurduna səyahət”
kitab-albomunun təqdimatı keçirilib.
Nəşrin elmi redaktoru, tarix üzrə fəlsəfə
doktoru Səbuhi Əhmədov qeyd edib ki, Dmitri Yermakovun
fotoşəkilləri unikaldır: “Birincisi, onlar tarixi mənbə
kimi qiymətlidir. İkincisi, bu fotolar bədii və sənədli
film çəkənlər üçün əvəzolunmaz
materialdır. Onların vasitəsilə həmin dövr
haqqında bədii əsərlər də yazmaq olar.
Çünki bu mənbələr bilinməyən hadisələr
barədə əyani vəsaitdir. Daha bir məqamı qeyd etmək
yerinə düşər. Yermakov peşəkar hərbi
topoqraf və xəritəçəkən olub və ona
görə də işıqların fonunda, hava şəraiti,
günün müəyyən vaxtı və digər amillərdən
asılı olaraq çəkiliş rakursunu müəyyən
etmək üçün məkanı çox gözəl
bilib. Bu səbəbdən fotoşəkillər çox
keyfiyyətlidir”.
Yermakovun çəkdiyi və topladığı
şəkillər Avropa ölkələrindəki müxtəlif
kolleksiyalarda mövcud olsa da, onun ən böyük arxivi
Gürcüstan Milli Muzeyində yerləşir. Gürcü
hökuməti 1919-cu ildə kolleksiyanı onun varislərindən
satın alıb.
Kitab-albomun nəşri ideyasını dəstəkləyən
Gürcüstan Milli Muzeyinin rəhbəri professor David
Lordkipanidze deyib: “Bu kolleksiya illər ərzində toplanıb
və bizim üçün təkcə muzey eksponatı kimi
vacib deyil. Onların köməyi ilə bir dövrün “təsviri”
baxımından çox şey öyrənmək olar. Onlar təkcə
tarixçilər, etnoqraflar və digər mütəxəssislər
üçün mühüm deyil, keçmişin incəliklərinə
maraq göstərən hər kəs üçün
maraqlıdır. Mən də istisna deyiləm. Bu fotoşəkillərdən
müxtəlif sərgilər və elmi işlər
üçün istifadə edirəm. Bu kolleksiya
Gürcüstan Milli Muzeyinin ən mühüm sərvətlərindən
biridir. Belə bir kitab-albomun nəşri həmçinin
Gürcüstanla Azərbaycan arasında əlaqələrin
davamı, həmrəylik hissimizin rəmzidir”.
Azərbaycanda çəkilmiş fotoşəkillər
qəsəbələri, küçələri, kənd təsərrüfatı
sahələrini, balıqçı vətəgələrini
əks etdirir. Bu, Yermakovun dəfələrlə Bakıda və
digər bölgələrdə olmasından xəbər
verir.
Səbuhi Əhmədov bildirir ki, Dmitri Yermakovun
fotoşəkilləri daha bir cəhətdən dəyərlidir: “Onlarda dövrümüzə qədər
gəlib çatmamış bir sıra abidələr var. Məsələn,
bu materiallarda XX əsrin 20-30-cu illərində – sovet
dövründə dinə qarşı mübarizə mərhələsində
dağıdılmış dini abidələrin çoxlu
şəkilləri var. Sonra belə tikililər – məscidlər,
məqbərələr, kilsələr, ibadətgahlar nəinki
zərər gördü, onların bir çoxu məqsədli
şəkildə dağıdıldı. Bu gün biz bu
tikililərin necə gözəl olduğunu görə
bilirik”.
Bakıda çəkilmiş fotoşəkillər əsasən
neft mədənləri, Qız qalası və mərkəzi
küçələri əks etdirir.
Yermakovun 1902-ci il zəlzələsindən dərhal
sonra Şamaxıda çəkdiyi fotoşəkillər fəlakət
zamanı şəhərin vəziyyəti haqqında məlumat
almağa kömək edir. Rəsmi tapşırıqla təbii
fəlakət yerinə göndərilən Yermakov zəlzələnin
nəticələrinin – əhalinin vəziyyətinin,
yardım komitəsinin, xeyriyyə təşkilatlarının
və xilasedicilərin fəaliyyətinin fotoşəkillərini
çəkib. Beləliklə, həmin dəhşətli təbiət
hadisəsi ilə əlaqəli bütün proses vizual olaraq sənədləşdirilib.
Maraqlı silsilələr etnoqrafik xarakter
daşıyır ki, burada ipək istehsalı dəqiqliklə
və addım-addım təsvir edilir, sırf texnoloji və
yüksək peşəkarlıqla lentə alınır.
Halbuki, baramaların isladılması, ondan sapların
açılması prosesindən silsilə hazırlanarkən,
hazır kəlağayının üzərinə qəlib
qoyulan son ana qədər baş verənlərin əks edilməsi
fotoqraflar üçün nadir yanaşmadır.
Rus fotoqraf tərəfindən Qubanın Cek kəndində
1880-ci ildə çəkdiyi şəkil, Tiflisdəki Azərbaycan
xalçaları bazarının fotosu və s. nümunələr də
tarixi-etnoqrafik baxımdan qiymətlidir.
Qeyd edək ki, 260-dan çox unikal fotoşəkil əsasında
Azərbaycan və ingilis dillərində tərtib olunmuş
kitab-albomda Azərbaycanın Ağdaş, Bakı, Gəncə,
Lənkəran, Şamaxı, Şuşa, Şəki şəhərləri,
dəmir yolu vağzalları, memarlıq abidələri, sənaye
və kənd təsərrüfatı obyektləri öz əksini
tapıb.
Dmitri Yermakov fotoqrafiya tarixinə təkcə peşəkar
fotoqraf kimi deyil, həm də böyük fotostudiyalardan birinin
yaradıcısı, ən əsası, fotobankı
yaratmağa başlayan bir insan kimi daxil olub. O, həmçinin
fotoqrafiyanı bir növ biznesə çevirib, digər
fotoqraflardan fotoşəkillər alıb, onları
toplayıb, tematik qaydada qruplaşdırıb, ən
başlıcası isə kataloq sistemi ilə təsnif edib.
Bunun nəticəsidir ki, bu gün bizim əlimizdə Qafqaz mənzərələrinin
25 min fotoşəkildən ibarət çox müfəssəl
kolleksiyası var. Bu kolleksiyada XIX əsrin sonundan XX əsrin əvvəllərinə
qədər olan Azərbaycan mənzərələri əksini
tapıb. Burada təkcə sənaye bumu və onun
doğurduğu bütün nəticələr deyil, həm də
o dövrdə meydana çıxan nəqliyyat vasitələri
– gəmilər, buxar lokomotivləri, paroxodlar, yeni dəmir
yolu, neft yataqları var. Lakin həmin dövrdə adi hal kimi qəbul
edilənlər belə etnoqraf kimi Yermakovun özü
üçün də maraqlı idi. Bu, Qafqazda yaşayan
müxtəlif etnik qruplara məxsus insanların həyatı,
evlərinin interyeri, geyimləridir. Redaksiya heyətinin qeyd
etdiyi kimi, şübhəsiz ki, təqdim olunan materiallar tədqiqatçıların
və alimlərin diqqətini cəlb edəcək.
Mədəniyyət .- 2024.- 31 yanvar (¹8).- S.7.